Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Fevralın 15-də təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
xanım Sabine Ulmann Şaban, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə
regional direktorunun müavini Matias Feldman ilə görüşüb.

 

Misir Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu bildirib. Ötən ilin dekabrında rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfərinin uğurlu olduğunu deyən nazir keçirilən görüşlərdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıldığını və əlaqələrin inkişafı üçün səmərəli imkanların olduğunu bildirib.

Səfər barədə ətraflı məlumat verən təhsil naziri İsveçrənin Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi ilə görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması, İsveçrədə təhsil alan azərbaycanlı gənclərin sayının artırılması, tələbə, müəllim və tədqiqatçıların mübadiləsi, ümumi orta, habelə peşə təhsili müəssisələri arasında əlaqələrin qurulması barədə söhbət aparıldığını vurğulayıb. Misir Mərdanov İsveçrənin Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibinin Azərbaycana dəvət olunduğunu da qeyd edib. Rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrənin bir neçə ali və orta təhsil müəssisələri ilə tanış olduğunu, bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərlə görüşdüyünü nəzərə çatdıran təhsil naziri ümumilikdə səfərdən razılığını bildirib. Nazir bu səfərin təhsil sahəsində təşəkkül tapmış ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli  məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisə başlanıldığını söyləyən Misir Mərdanov bu işin Berndəki müvafiq qurumun dəstəyi ilə həyata keçirildiyini və isveçrəli mütəxəssislərin bununla bağlı Azərbaycanda olduqlarını bildirib.

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. İsveçrə ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açan səfir təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəminə diqqət çəkib. Qonaq, həmçinin təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfərinin uğurlu olmasından məmnunluğunu ifadə edib.

 Sonra xanım Sabine Ulmann Şaban təhsilin doktorantura səviyyəsi üzrə təqaüd proqramı haqqında məlumat verib və azərbaycanlı tələbələrin bu proqramdan istifadə imkanlarının olduğunu bildirib. Səfir tələbələrin müvafiq proqram haqqında məlumatlandırılması üçün ölkəmizin ali məktəblərində görüşlər keçirilməsinin nəzərdə tutulduğunu deyib.

İki ölkənin təhsil əlaqələrinin daha da inkişaf etdirilməsini müsbət hal kimi dəyərləndirən səfir peşə təhsili sahəsində əməkdaşlığın yaradılması məsələsinə də toxunub.

İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman peşə təhsili üzrə əlaqələrin qurulması, xüsusilə kənd təsərrüfatı sahəsində peşə təliminin təşkili istiqamətində əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib. Qonaq müvafiq işin fermerlərin xidmət səviyyəsinin artırılmasına, kənd təsərrüfatı sektorunda çalışan insanların təhsilə cəlb edilməsinə, ümumilikdə kənd təsərrüfatı sahəsinin inkişafına təkan verəcəyini açıqlayıb.

Misir Mərdanov səfirin qeyd etdiyi təqaüd proqramının əhəmiyyətini vurğulayaraq öncə bununla bağlı ilkin hazırlıq işinin aparılmasının və daha sonra Təhsil Nazirliyində təqdimat keçirilməsinin önəminə diqqət çəkib.

Nazir peşə təhsili sahəsinin ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətdə prioritet təşkil etdiyini bildirərək mövcud istiqamətdə görülən işlər barədə qonaqlara məlumat verib. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə dəstək veriləcəyini nəzərə çatdıran Misir Mərdanov, həmçinin Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseylə İsveçrənin müvafiq ümumi təhsil müəssisəsi arasında "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində əlaqələrin yaradılması təklifini irəli sürüb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov