Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

İnternetdən faydalı istifadə etmək lazımdır

 

Müasir dövrdə müstəqil Azərbaycan öz tarixinin hərtərəfli inkişafı dövrünü keçirir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının nəticəsidir. Bu strategiya hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

Ölkəmizdə elm, təhsil sahələrinin də inkişafına xüsusi əhəmiyyət verilir, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində qlobal işlər həyata keçirilir, yeni uşaq bağçaları, məktəblər tikilir, ən müasir avadanlıq və cihazlarla təchiz edilir. İKT-nin bütün son nailiyyətləri təhsilə tətbiq edilir, yeni elm və təhsil layihələri həyata keçirilir. Bütün bunlar müasir Azərbaycan təhsilinin qarşısında yeni perspektivlər açır, təhsil işçilərindən gənclərin tərbiyəsində daha diqqətli və məsuliyyətli olmağı, ailə və ictimaiyyətlə daha sıx əlaqəli işləməyi tələb edir.

Həmişə olduğu kimi, müasir dövrdə də gənclərin tərbiyəsi dövlət və cəmiyyət qarşısında duran mühüm və əsas vəzifələrdəndir. Çünki Vətənin, torpağın, ölkənin gələcəyi, inkişafı, gənclərdən asılıdır. Ona görə də gənclərin tərbiyəsində, gələcəyimizin etibarlı olmasında dövlətin qayğısı ilə məktəb, ailə və ictimaiyyətin birgə işi aparıcı rol oynamalıdır. Dünya ölkələri ilə əlaqələrin genişlənməsi, elmi-texniki inkişafın yüksək səviyyəsi, sosial şəbəkələrin daha da təkmilləşməsi, müasirləşməsi və mürəkkəbləşməsi şəraitində bəzən "pedaqoji üçbucaq" adlandırılan bu "mexanizm" çox dəqiq və incə pedaqoji ustalıqla fəaliyyət göstərməlidir.

Yeniyetmə günün çox hissəsini evdə keçirir, adı məişət məsələlərinin iştirakçısı olur, qohumlarla, valideynlərlə, onları əhatə edən müxtəlif xarakterli adamlarla təmasda olur. Bu isə insan tərbiyəsinin formalaşmasında mühüm rol oynayır. Ona görə də valideynlərin pedaqoji maariflənməsi  çox vacibdir. Bu məsələdə məktəb və müəllimlər mümkün olan bütün yollarla ailə ilə əlaqə saxlamalı, şagirdin təhsil və psixoloji vəziyyətindəki dəyişikliklərə diqqətli və həssas olmalı, onlarla dərhal maraqlanmalı, eləcə də valideynlər belə hallara mütləq reaksiya verməlidirlər.

Tərbiyədə üçüncü tərəf cəmiyyət, küçə, məhəllə, həmin ərazidə yerləşən müxtəlif əyləncə mərkəzləri, ictimai yerlərdir. Belə yerləri şərti olaraq iki hissəyə ayırmaq olar:

1. Dövlət tərəfindən yaradılmış, həm tərbiyəedici, həm təhsil verən, peşəyönümlü uşaq yaradıcılıq birlikləri, müxtəlif dərnəklər, idman və sağlamlıq mərkəzləri.

2. Biznes xarakterli, qazanc məqsədi ilə yaradılmış əyləncə mərkəzləri. Belə mərkəzlərin fəaliyyəti bəzən mənfi xarakterli olduğundan yeniyetmələrin belə yerlərə cəlb olunmasına imkan vermək olmaz.

Məktəb, ailə və ictimaiyyətin birgə fəaliyyəti haqqında çox deyilmiş, çox yazılmışdır. Buna baxmayaraq müasir dövrdə həmin əlaqələrin güclənməsinə daha çox ehtiyac duyulur. Bu, hər şeydən əvvəl, kompüterin, İnternetin, sosial şəbəkələrin məktəbə, ailəyə, cəmiyyətin bütün sahələrinə daxil olması ilə bağlıdır. İnternet bu gün "pedaqoji üçbucağın" hər bucağındadır, yaxud "pedaqoji üçbucağın" dördüncü bucağına çevrilib.

Onu qeyd edək ki, kompüter, İnternet, sosial şəbəkələr dünya sivilizasiyasının çox yüksək pilləsidir. Kompüterin yaratdığı imkanlardan istifadə, ondan yararlanmaq, istifadə qaydaları və məqsədindən asılı olaraq çoxlu mənfi və müsbət cəhətlər doğurur. Kompüterin ən yaxşı xüsusiyyətlərindən biri zamanla bağlıdır. Çox qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, təhsillə bağlı məlumatı almaq mümkündür.

Məkanla bağlılıq da kompüterin ən müsbət və əvəzedilməz cəhətlərindən biridir. Heç bir yerə getmədən, çox vaxt itirmədən, heç bir xərc çəkmədən dünya xalqlarının həyatı, məişəti, mədəniyyəti ilə müxtəlif dünya ölkələrinin kitabxanalarında istənilən kitabla tanış olmaq mümkündür.

Bilik mənbəyi kimi İnternetin əhəmiyyəti çox olsa da o, kitabı əvəz edə bilməz. Çünki İnternetdə yerləşdirilmiş materiallarda müxtəlif bilik səviyyəsinə malik, diletant adamların elm tərəfindən təsdiq olunmamış, qəbul edilməmiş, şəxsi versiyalarla zəngin olan yanlış elmi fikirlərinə də çox rast gəlmək olur. Bütün bunlar isə bilik qazanmaq istəyən, tərbiyəyə ehtiyacı olan yeniyetmədə çaşqınlıq yaradır.

İnternetdən istifadənin yeniyetmələrin psixoloji vəziyyətinə həm mənfi, həm də müsbət təsiri vardır. Özünü kompleksli hesab edən, böyüklərlə, yaşıdları ilə ünsiyyətə girməyi bacarmayan, hansısa istedadının olmasına inanmayan gənc İnternet vasitəsi ilə tanımadığı adamla söhbət zamanı özünə inanır, özündə olan müsbət cəhətləri aşkar edə bilir.

Psixoloji cəhətdən İnternetin mənfi təsiri ondan ibarətdir ki, kompüterə aludəçilik yaranır, insanlar real həyatdan uzaqlaşır, heç bir faktiki əməklə məşğul ola bilmir. Həmişə özünü sosial şəbəkələrin mənfi psixoloji və texniki təsiri altında hiss edir.

Kompüterdən çox istifadə, İnternetə və sosial şəbəkələrə aludəçilik insanlarda, xüsusilə yeniyetmə və gənclərdə güclü sosioloji problemlər yaradır, ailədə müxtəlif söz-söhbətlərə səbəb olur, normal işlə məşğul olmaq mümkünsüzləşir, maddi çətinliklər yaranır, ailələrin dağılmasına səbəb olur, gənclərin tərbiyəsinə sağalmaz yaralar vurur.

Kompüter qarşısında çox oturmaq, İnternetden həddən artıq istifadə mənfi izləri ən çox yeniyetmələrin fiziki inkişafında buraxır, onların normal fiziki inkişafına ağır zərbə vurur. Düzgün olmayan qidalanma, hərəkətsizlik artıq çəkiyə səbəb olur, müxtəlif xəstəliklər əmələ gəlir. Müəyyən vaxtdan sonra bel, boyun, baş ağrıları, gözlərin qızarması, görmənin bulanıqlaşması hiss olunur.

Virtual dünyanın gənclərin və yeniyetmələrin tərbiyəsinə daha güclü mənfi təsiri onun mənəvi tərəfidir. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, 12-20 yaşlı yeniyetmə gənclər əxlaqsız elementləri olan görüntülərə daha çox meyilli olurlar. Belə görüntülərlə çox əlaqəli olanlar həm çox ağır psixoloji sarsıntı keçirir, həm də mənfi bioloji nəticələrə məruz qalırlar, bəzi hallarda isə bu onların əxlaqsızlığa yuvarlanması ilə sona çatır.

Milli xarakterimizə uyğun olmayan, xalqımızın mənəviyyatına ağır zərbə vuran, mənbəyi "əsrarəngiz pəncərə" olan belə hallara qarşı ciddi mübarizə aparmaq lazımdır. Bunun üçün, ilk növbədə aşağıdakılara əməl etmək faydalı olardı:

- Məktəb-valideyn-ictimaiyyət birgə fəaliyyətinin gücləndirilməsi, bu birgə işdə bütün mümkün əlaqə vasitələrindən istifadə etmək lazımdır.

- Adi orta təhsili olan, heç bir pedaqoji səriştəsi olmayan valideynlər məktəb tərəfindən maarifləndirilməli.

- Valideyn kompüter alarkən məktəbli, yaxud yeniyetmə ilə açıq söhbət etməli, müəyyən şərtlər daxilində kompüterdən istifadəyə icazə verməli.

- Kompüter bütün ailə üzvlərinin istifadə etdiyi otağa qoyulmalıdır. Çünki burada valideynlər uşağa daha çox nəzarət edə bilər, uşaqlar ailə üzvlərinin yanında zərərli sosial şəbəkələrdən istifadə edə bilməzlər.

- İnternet klublarda yeniyetmələrin məşğuliyyətinə nəzarət edilməli.

- Məktəblərdə kompüter otaqlarında iş mütləq müəllim nəzarəti altında aparılmalı.

- İnternetdən, sosial şəbəkələrdən istifadəyə nəzarət olunmalı, müəyyən qadağalar qoyulmalı və inzibati tədbirlər nəzərdə tutulmalı.

- Kompüterdən istifadə edənlər sağlamlığa çox ziyan dəyməməsi üçün həkim-mütəxəssislə məsləhətləşməli, istifadə üçün avadanlıqlardan düzgün istifadəyə əməl etməli.

Yuxarıda göstərilənlərə ciddi əməl edilməlidir, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Gənclərimiz doğru yolla getsinlər, həyatda öz yerlərini düzgün tapa bilsinlər, həm özləri üçün, həm onları böyüdən - yetişdirən valideynləri üçün, həm də cəmiyyət, xalq üçün, dövlət üçün faydalı olsunlar". 

Bəyzadə NURUYEV,
Bakıdakı 87 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov