Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Məktəbdə ədəbi-musiqili tədbir

 

Fevralın  20-də Bakıdakı 204 nömrəli  tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Mənim ana dilim, mənim varlığım" mövzusunda ədəbi-musiqili tədbir keçirildi.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əntiqə Qasımovanın təşkilatçılığı ilə  müxtəlif siniflərdə oxuyan istedadlı və fəal şagirdlərin hazırladıqları tədbirdə müəllim və şagird kollektivi ilə yanaşı, qonaqlar - Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin Humanitar fənlər bölməsinin müdiri Ramiz Hüseynov, həmin bölmənin elmi işçisi Günay Mirzəzadə, metodist  Lətafət Məmmədova, 264 nömrəli  məktəb-liseyin direktoru Sevda Qocayeva da iştirak edirdilər.

Aparıcılar - IX "c" sinif şagirdi Ayşən İmanova və X "b" sinif şagirdi  Eyyub Cabbarlı  Azərbaycana həsr olunmuş şeirlə  tədbiri açıb qonaqları salamladılar. Məktəbin laborantı Səmra Quliyeva və VIII "a" sinif şagirdi  Rəşad Cəlilov "Azərbaycan" mahnılarını ifa etdilər. Beynəlxalq Ana Dili Gününün  tarixi barədə danışan aparıcılar  onun YUNESKO-nun Baş konfransının  1999-cu ilin  noyabrında keçirilmiş 30-cu sessiyasında təsis olunduğunu bildirdilər. Sonra meydan yenidən şeirə, mahnıya verildi. VI "b" sinif şagirdləri  Günel Qasımova "Ana dilim", Aysu Hacızadə "Dilimə dəymə", IX "a" sinif şagirdi  Səmayə Ramazanova  "Mənim dilim" şeirlərini söylədilər, V "a" sinif şagirdi Ayşə Məmmədova  sazda  "Yanıq Kərəm"i ifa etdi.

 Dil haqqında məlumatlarını davam etdirən aparıcılar dilimizin tarixindən, türk dilləri arasındakı mövqeyindən, inkişafına göstərilən diqqət və qayğıdan söz açdılar. Bildirdilər ki,  dilimizin inkişafı, qorunması,  dövlət dili kimi təsbit olunması və fəaliyyət dairəsinin  genişlənməsində   ulu öndər Heydər Əliyevin   müstəsna xidmətləri olmuşdur.  Azərbaycan Prezidenti  İlham Əliyevin   dilimizin inkişafı ilə bağlı imzaladığı sərəncamlar diqqətə çatdırıldı.

Sonra Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından  bir parça təqdim olundu, Səməd Vurğunun "Vaqif" dramından səhnə nümayiş  etdirildi.   İbtidai sinif şagirdləri dilə, sözə aid atalar sözləri dedilər.

Şagirdlərin təqdim etdikləri proqram başa çatdıqdan sonra  söz alan məktəbin direktoru Ziba Rzayeva  onların dilimizə sevgi dolu çıxışlarını yüksək qiymətləndirdi. Dilimizin zəngin imkanlara malik olduğunu deyən Z.Rzayeva onun inkişafına göstərilən dövlət qayğısından danışdı, dilimizi qorumağın hər kəsin şərəf işi olduğunu söylədi. Direktor tədbiri yüksək səviyyədə  hazırlayıb təqdim etdiklərinə görə müəllim və şagirdlərə təşəkkür etdi. Qonaqlar da çıxış edib ədəbi-bədii tədbirdən böyük zövq aldıqlarını söylədilər və məktəbin kollektivinə uğurlar arzuladılar.

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov