Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Ölməzlər haqqında "ölməzlik" dastanı

 

Azadlıq uğrunda ölüm şərəfli və gözəldir. Şəhidlər öz ölümsüzlükləri ilə ölümə qalib gəlir, ölümü də gözəlləşdirir və mənalı edir. Əsərlərin ən gözəli vətən, xalq və azadlıq uğrunda vuruşanlara, mücadilə aparanlara və bu yolda şəhidlik zirvəsi fəth edənlərə həsr olunmuş əsərlərdir. Təbii ki, belə əsərlərin müəllifləri təqdirə, yüksək hörmətə və ehtirama layiqdirlər. 

Mənalı, sistemli, müəyyən bir məzmun və mənaya söykənmiş və ən ümdəsi isə mütəxəssis qələmindən çıxmış qəhrəmanlıq əsərlərinə böyük ehtiyac olduğu bir zamanda yazıçı-alim, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Eynəddin Məmmədovun  "Ölməzlik" adlı kitabı ədəbiyyat və əbədiyyət aləmində dünyaya göz açdı və ölməzlik dünyasında vətəndaşlıq hüququ qazandı.

Kitab konkret olaraq  ölkəmizin bir ali təhsil ocağının - Azərbaycan Dövlət Aqrar Universitetinin - torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda şəhidlik məqamına yetişmiş və sağlamlıqlarını qismən itirmiş 35 gənc məzunu, müəllimi və tələbəsinin ömür yolunun mənalı məqamlarını əks etdirsə də, bütün Azərbaycan gəncliyinin qəhrəmanlıq salnaməsi tutumuna, mənasına və məzmununa malik yetkin əsər kimi təqdim olunur. Kitab ADAU-nun 80 illik yubileyinə həsr olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir:  "Vətənin müdafiəsində iştirak etmiş və qəhrəmanlıq, şücaət göstərmiş insanların hamısı cəmiyyətimizin diqqət mərkəzində olmalıdır... Onlar cəmiyyətdə həmişə hörmətlə qarşılanmalıdır".

Eynəddin Məmmədovun bir müəllif olaraq və Azərbaycan Respublikasının Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənovun, general-mayor Zaur Rzayevin və filologiya elmləri doktoru, əməkdar elm xadimi Həsən Mirzəyevin rəyləri və filologiya elmləri namizədi Sahib İbrahimlinin redaktorluğu ilə çap olunmuş "Ölməzlik" əsəri Azərbaycanın qəhrəmanlıq tarixi haqqında yazılmış maraqlı əsərlərdəndir.

Müəllif  öz əsərində ardıcıllığı, xronoloji sistemliliyi, elmiliyi, sənədliliyi, faktlarının zənginliyi və dəqiqliliyi ilə qarşıya qoyduğu məqsədə müvəffəqiyyətlə nail olmuşdur.

Uzun illər orta ümumtəhsil məktəblərində işlədiyim müddətdə şagirdlərin hərb tariximizə aid yazılmış əsərləri maraqla oxuduqlarını, müharibə və ayrı-ayrı döyüşləri əks etdirən epizodları diqqətlə mütaliə etdiklərinin şahidi olmuşam. Bir çox hallarda belə əsərlərin təsiri ilə şagirdlər özlərini həmin qəhrəmanlara bənzətməyə çalışır, böyüdükdə döyüş qəhrəmanları kimi hərbçi olacaqlarını bildirirlər.  Onlar bəzən tarix, ədəbiyyat və digər dərslərdən xalqımızın qəhrəmanlıq tarixinə, Qarabağ müharibəsinə, ayrı-ayrı müharibə qəhrəmanlarına, şəhidlərimizə və müharibə iştirakçılarına, onların ömür və döyüş yollarına  aid verilən tapşırıqları yerinə yetirmək üçün sənədli mənbə axtarışında olurlar. "Ölməzlik"  bu baxımdan əvəzsiz məxəz olmaq tutumuna malik bir kitabdır.

Kitabı oxuduqca adam qəribə hisslər keçirir. Kitab hər bölməsi, hər vərəqi, hər cümləsi, hər sözü ilə insan hisslərini məhşərə çəkir. Şəhid olanla şəhid edir... ruhumuzu ruhlar dünyasına aparır... adama elə gəlir ki, nə zamansa onlarla birlikdə olmuş, onlarla doğma ocaqda böyüyüb, onlardan biridir...

Mən bu məqamda müəllifin yaradıcılığına hörmət, "Ölməzlik" əsərinin qəhrəmanlarının şəhid nümayəndələrinin ruhuna ehtiram,  vətən üçün yaşayanların şəxsiyyətlərinə inam nişanəsi olaraq adlarını anmağı vacib sayıram. Onlardan biri "Yarımçıq qalmış imtahanlar" oçerkinin (əsərin) qəhrəmanı Asəf Şirinovun atası Nurəddin müəllimin və anası Pəri müəllimin şagirdi olmağımla, həyatımın müəyyən mərhələsində onlarla çiyin-çiyinə çalışmağımla fəxr edirəm və Asəfin müəllimi olduğuma görə qürur hissi duyuram.

Kitab tarixi məlumatların və faktların zənginliyi baxımından da çox əhəmiyyətlidir. Belə faktlar və reallıqlar "Erməni vəhşiliyi" başlığı altında təqdim olunur və oçerkdən - oçerkə keçdikcə bir leytmotiv kimi ana xətti təşkil edir. Burada Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr,  Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan - Azərbaycan müharibəsinin başlanmasının tarixi səbəblərinin ayrı-ayrı məqamları, münaqişənin başlanmasında və davam etməsində xarici qüvvələrin təsirinin çalarları   dəqiq və təkzibolunmaz faktlarla məntiqi şəkildə xronoloji ardıcıllıqla təqdim olunur. Xocalı faciəsi və bütün bu tipli  hadisələrin azərbaycanlıların soyqırımının eyni zəncirin ayrı-ayrı həlqələri olduğunu tarixi faktlarla sübut edir. Bu baxımdan əsər şagirdlərin ensiklopedik biliklərinin zənginləşdirilməsi, onların intellektual səviyyələrinin yüksəldilməsi, azərbaycançılıq ruhunda tərbiyəsi üçün əhəmiyyətli mənbə olmaq hüququ qazanmışdır. 

Kitabın əsas məziyyətlərindən biri də onun sadə və oxunaqlı dildə yazılmasıdır. Xatirələr, rəvayətlər, kövrək poeziya nümunələri, xatirə şəkilləri  bir çox sənədlərin fotosurətlərinin verilməsi kitabı daha oxunaqlı və maraqlı edir. Burada  saysız-hesabsız belə nümunələrin verilməsi müəllifin gərgin əməyinin bəhrəsi və zəngin tədqiqatçılıq təcrübəsinin nəticəsi kimi diqqəti cəlb edir.

Müəllif  ulu və müqəddəs "Qurani - Kərim"dən Allah, vətən və azadlıq uğrunda mücadiləyə aid ayələrdən istifadə etməklə kitaba ruhani bir libas biçir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə onlar (Allah dərgahında) diridirlər. Lakin siz bunu dərk etmirsiniz".  "Əl-bəqərə" surəsi, ayə 154.

Kitabın demək olar ki, hər bir bölməsinin Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində təqdim edilməsi onunla dünya xalqlarının daha yaxından tanış olmasına imkan verir. Bu isə xalqımızın Qarabağ savaşında ədalətli mövqe nümayiş etdirməsinin bütün dünyaya çatdırılması baxımından daha əhəmiyyətlidir.

Eynəddin müəllim əsərinin hər bir qəhrəmanının portretini verməklə yanaşı, onların ömür yolunun ayrı-ayrı epizodlarını əks etdirən fotolarla əsəri illüstrasiya baxımından da zəngin toplu halına salmışdır.

Ölkəmizin digər ali təhsil ocaqlarının Qarabağ müharibəsində şəhid olmuş və ya sağlamlıqlarını qismən itirərək əlil olmuş məzun, tələbə və müəllimlərinin döyüş yollarının da işıqlandırılması bütövlükdə Azərbaycan gəncliyinin qəhrəmanlıq tarixinin təsvir olunması demək olardı. 

İsgəndər SƏKLİKOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov