Martın
4-də Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar
Gününə həsr olunmuş "Azərbaycan qadını və cəmiyyət"
mövzusunda respublika konfransı keçirildi. Öncə Qafqaz
Universitetinin fəaliyyətindən bəhs edən videoçarx
nümayiş olundu.
Konfransı Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç açaraq xanım iştirakçıları, onların
timsalında ölkəmizin bütün qadınlarını Beynəlxalq
Qadınlar Günü münasibəti ilə təbrik etdi, ulu
tariximizin həmişə qadınlarımızla qürur duyduğunu
bildirdi.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd etdi
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınlara,
onların cəmiyyətin həyatında fəal iştirakına diqqət daha
da artmışdır. Bu məsələni həmişə diqqət mərkəzində
saxlayan ulu öndər Heydər Əliyev 90-cı illərin
ortalarında ölkəmizdə qadın siyasəti ilə bağlı bir sıra
fərman və sərəncam imzalamış, qadın problemləri ilə
məşğul olan xüsusi bir dövlət qurumu - Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı
sayəsində 2006-cı ildə komitənin fəaliyyəti və
səlahiyyətləri daha da genişləndirilmişdir. Bu il
ölkəmizdə Prezident seçkilərinin keçiriləcəyini
xatırladan komitə sədri Azərbaycan qadınlarının cənab
İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırdı.
Təhsil nazirinin müavini Qulu Novruzov çıxışında Qafqaz
Universitetinin öz ənənələrinə sadiq qalaraq
Azərbaycanın ictimai həyatında önəmli bir məqam daşıyan
məsələyə həssaslıqla yanaşıb Azərbaycan qadınlarının
növbəti qurultayı ərəfəsində belə bir tədbiri
keçirməsini təqdirəlayiq saydı. Bildirdi ki, Azərbaycan
qadını sosial həyatda heç bir müsəlman ölkəsi ilə
müqayisə olunmayacaq dərəcədə aktiv iştirak edir.
Ölkəmizdə qadınların ictimai həyata qoşulması tarixi yüz
ildən artıq bir dövrü əhatə edir. Hələ Azərbaycanda
Sovet hakimiyyəti qurulmazdan əvvəl Azərbaycan qadını
ictimai həyatda fəal rol oynamağa başlamış və bu ənənə
sonralar da davam etdirilmişdir. Nazir müavininin
fikrincə, cəmiyyətin möhkəm olması, ailənin sosial
institut kimi möhkəmliyi, bugünkü rəqabət dünyasında
Azərbaycanın öz yerini tuta bilməsi üçün qadının
təhsilli olması, ictimai həyatda aktiv rol oynaması çox
mühüm bir sosial komponentdir. Qulu Novruzov
Azərbaycanda gender bərabərliyində təhsil sisteminin
qadınların üstünlük təşkil edən bir sahə olduğunu da
diqqətə çatdıraraq orta təhsil sistemində çalışan 165
min müəllimin təxminən 75 faizini qadınlar təşkil
etdiyini, bu tendensiyanın dünyanın bir çox inkişaf
etmiş ölkələrində də özünü büruzə verdiyini bildirdi.
Nazir müavini çıxışında ölkəmizdə qadınların ali təhsil
və elm sahəsindəki iştirakı barədə bəzi statistik
göstəricilərə də diqqət çəkərək bildirdi ki, son 12 ildə
fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi alan
qadınların sayı hər il orta hesabla 1 faiz artmışdır.
Belə ki, 12 il bundan əvvəl fəlsəfə doktoru dərəcəsi
almış qadınların sayının faiz göstəricisi 28 idisə,
2012-ci ildə bu göstərici artıq 40 faizə çatmışdır.
Qulu Novruzov çıxışının sonunda konfransın
təşkilatçılarına minnətdarlığını bildirib, onun işinə
uğurlar arzuladı.
Sonra konfransda qadınların cəmiyyətdə rolunun ayrı-ayrı
məqamlarından bəhs edən məruzələr dinlənildi, xanım
qonaqlara xatirə plaketləri təqdim olundu.
Konfransın açılış mərasimi Qafqaz Universiteti
tələbələrinin təqdimatında bədii proqramla davam etdi.
Mərasim başa çatdıqdan sonra qonaqlar Qafqaz
Universitetini gəzib burada tələbələrin təhsili üçün
yaradılmış şəraitlə tanış oldular.
Yusif ƏLİYEV |