Bu
günlər ölkənin gündəmini təkcə siyasət fantaziyaları
məşğul etmir. Arada şou əhlinin duzsuz söhbətləri də bu
fantaziyalara "rəng" qatır. Pis odur ki, indi təhsil
adamlarının dərslik mübahisələri də cəmiyyətə təxminən
bu havada təqdim olunur.
Cida çuvaldan çıxarılıb və ölkənin eyni amala xidmət
etməli olan iki qurumundan biri (TQDK), ikincisi (Təhsil
Nazirliyi) ilə sanki qaydasız döyüşə başlayıb. Biri
dərslik yazır, o birisi deyir ki, sənin kitabların mənim
xoşuma gəlmir. Söhbət tədrisdən və dərslikdən gedəndə
isə mövzuya biganə qalmaq olmur...
Təhsil Nazirliyi (TN) ilə Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) arasında münaqişənin qədim tarixçəsi
və dolaşıq səbəbləri var. Amma son qarşıdurmanın süjet
xətti çox sadədir: ölkə başçısı TQDK-ya orta məktəb
dərsliklərinin monitorinqini aparmağı həvalə edir, o da
yoxlayır və nazirliyə rəsmən bəyan edir ki,
dərsliklərin bəziləri məktəblərdə istifadəyə yaramır.
Nazirlik isə bu davranışı təkcə pis başlanğıc yox, həm
də qərəzli, təkəbbürlü və ədalətsiz yanaşma hesab edir.
Birinci ələ düşmüş fürsətdən, ikinci impulsiv verilmış
qərarların boşluqlarından bəhrələnməyə çalışır.
Əlbəttə, belə incə məsələlərdə hakimlik etmək, bu
situasiyada kimin haqlı olduğunu müəyyənləşdirmək
çətindir. Ağacın hansı başını çevirsən subyektiv
görünmək duyğusu yaranır. Lakin tərəflərdən birinin
qırmızı xətti keçməsini də deməmək olmur. Mediaya
verilən məlumatlar, rəylərdə ifadə olunan iradlar,
müsahibələrdə göstərilən bəzi detallar belə bir
təəssürat yaradır ki, dərsliklər ən ideal səviyyədə
yazılsaydı belə, indiki halda hər şeyə qadir TQDK onu
alt-üst edəcəkdi.
Mən TQDK-ya da, uzun illərdir ki, burada ciddi işgüzar
və mənəvi mühit yaratmış sədr Məleykə Abbaszadəyə də
rəğbət bəsləyən adamlardanam. O, bizim mühitdə dəyərli
mütəxəssis və vicdanlı məmur keyfiyyətinin bir-birinə
zidd olmadığını təkcə testlərdə yox, həyatda da
bacarıqla sübut edib. Bu səbəbdəndir ki, Məleykə xanımın
ədalətli, obyektiv və məntiqli çıxışları
çoxlarında ona rəğbət yaradıb. Amma nə qədər qəribə olsa
da, mən TQDK-nın mənfi rəy verdiyi "Azərbaycan dili"
(1-ci və 3-cü siniflər üçün) dərsliklərini
vərəqləyərkən, məhz bu üç keyfiyyətin - ədalətin,
obyektivliyin və məntiqin çatışmadığını gördüm.
Dildən, dərslikdən və metodikadan başı çıxan bir adam
kimi monitorinq tələsi ilə üz-üzə qalmış dərslik
müəlliflərinin indi hansı hisslər keçirdiyini yaxşı
anlayıram.
Dərslik, xüsusən orta məktəblər üçün yazılan dərslik
xüsusi yanaşma, həssaslıq, dil bilgisi, metodik incəlik
və psixoloji duyum tələb edir. Aşağı sinif dərsliklərini
yazmaq isə bir cəhənnəm əzabıdır, uzun illər, səbir,
hövsələ, ciddi axtarış lazımdır. Müqayisələr aparmaq,
psixoloqla, şıltaq rəssamlarla işləmək, az qala hər
detalı, hər işarəni, kitabın hər vərəqinin hər kvadrat
santimetrindəki semantikanı yüz dəfə ölçüb-biçmək də öz
yerində... Və birdən TQDK-nın əliqılınclı ekspertləri
peyda olur və səni tənbeh eləməyə başlayırlar. Onların
"bu cümlələri niyə biz istəyən formada yazmamısınız"
sualı adama sıyrılmış qılıncdan da qorxulu gəlir.
İstənilən mübahisəyə, o cümlədən dərslik kimi həssaslıq
tələb edən məsələyə vicdanlı və qərəzsiz yanaşma
vacibdir. Həm də vicdanı ildə bir-iki dəfə epizodik
oyananların yox, bütövlükdə böhranlı məqamlarda söz
deməkdən çəkinməyən adamların danışması vacibdir. Bu
baxımdan obyektivliyinə inandığım bir çox təhsil
ekspertləri dərslik monitorinqinin obyektivliyinə ciddi
şübhə ilə baxır, "burada açıq şəkildə maraqlar
toqquşmasına yol verilib", "vaxtilə dərslikləri keçməyən
şəxslərin mətbuatda söylədikləri iradların əksəriyyəti
yekun rəyin nəticə hissəsində öz əksini tapıb", "burada
müasir monitorinq metodikasından əsər-əlamət yoxdur"
deyirlər.
Müasir proseslər bizi sistemli düşüncə sərhədlərinə
gətirib çıxarıb. Məncə, TQDK monitorinqin məhz sistemini
və formatını düz tapmayıb. İkincisi, dərsliklərə
yanaşmada dəqiq kriteriyaların olmaması da çox aydın
görünür. Məsələn, konkret olaraq 1-ci sinif "Azərbaycan
dili" dərsliyinə hansı kriteriyalarla yanaşmaq lazımdır"
sualı havadan asılı qalıb. Elə bu səbəbdəndir ki,
konseptual məsələləri əks etdirməli olan ekspert rəyində
"qarpızın yerdə qalan dilimləri hardadır", "filan yerdə
vergül qoymayıblar", "niyə kukla yox, gəlincik
yazıblar", yaxud "şəkildə adamın ağzı niyə açıqdı" kimi
qeyri-ciddi, TQDK-nın nüfuzunu aşağı salan və lətifəvari
"iradlar" yer almazdı.
İndi ya zəlzələdən, ya vəlvələdən dərsliklərlə bağlı
yaranmış vəziyyət təhsillə maraqlanan hər kəsi
düşündürür. Sanki hücum əmri almış TQDK ekspertləri
qılıncı qına qoyana oxşamırlar, Təhsil Nazirliyinin
təmkinli görünən nümayəndələri də geri çəkilmək fikrində
deyillər. Yaxşı ki dərslik müəllifləri də danışıb və
xeyli ciddi arqumentlər səsləndiriblər. Lakin indiki
halda dərsliklərin ekspert qərəzinə və monitorinq
tələsinə tuş gəlməsini demək çətin deyil...
Qulu MƏHƏRRƏMLİ |