Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Gənc nəslin estetik tərbiyəsində musiqinin rolu

 

Məlum olduğu kimi, şəxsiyyətin hərtərəfli inkişafı mürəkkəb bir prosesdir. Şəxsiyyətin bütövlüyü onun müntəzəm inkişafının nəticəsidir. Şəxsiyyət bütövlüyü yaradıcılığa, bədii surətdə özünütəsdiqə meyildə təzahür edir.  

Estetik tərbiyə ümumi tərbiyənin tərkib hissəsi kimi ölkəmizin bütün ictimai, siyasi və iqtisadi həyatında çox mühüm yer tutur.

Gerçəkliyin estetik mənimsənilməsinin ən yüksək forması - inkişaf etmiş estetik şüurun ifadəsi, insanın bədii fəaliyyətinin xüsusi biçimi və gerçəkliyin hissi - obrazlı dərki olan incəsənətdir. İncəsənət insanların duyğularını təkmilləşdirir və inkişaf etdirir, insan onun vasitəsilə ətraf gerçəkliyi təkcə dərk etmir, həm də özünü şəxsiyyət kimi anlayır və təsdiq edir, çünki incəsənət insanın hərtərəfli formalaşmasına, ümumiyyətlə onun mənəvi aləminin inkişafına kömək edir. O, emosiyaları cilalayır, dərinləşdirir və istiqamətləndirir, fantaziya yaradır, düşüncəni fəallaşdırır, əxlaqi prinsipləri formalaşdırır, dünyagörüşünü genişləndirir, ideya mövqelərini  möhkəmləndirir.

Musiqi insana ən yaxın olan incəsənət növüdür. İnsanın yaratdığı bütün sənət növlərindən musiqi demək olar ki, ən güclü emosional təsir vasitəsidir. Sözlə ifadə etmək mümkün olmayan hiss-həyəcanı musiqi ifadə edir. Beşik nəğmələri, ninni və laylalar, el havaları uşaqlıqdan qəlbimizdə, ruhumuzda dolanır, həyat yollarında bizə vəfalı dost kimi yoldaşlıq edir. Musiqi, nəğmə könül dərmanıdır. Musiqi insana güclü emosional təsir göstərən incəsənət növü, onun ideya məsləkini, mənəvi və estetik ideallarını formalaşdıran ən mühüm vasitələrdən biridir.

Çox qədim mənbələr hələ uzaq keçmişlərdə musiqidən müalicə vasitəsi kimi istifadə edilməsini təsdiq edir. Musiqi və təbabət əsrlər boyu bir-birindən ayrılmaz olmuş və gələcəkdə də belə olacaqdır. Musiqinin şəfa gücü müxtəlif qitələrdə geniş yayılmışdır.

Azərbaycanın görkəmli maarifpərvər şair və musiqişünası Mir Möhsüm Nəvvab özünün 1884-cü ildə yazdığı "Vizuhül-ərqam" əsərində musiqinin müalicə əhəmiyyətinə diqqət yetirmişdir.

Musiqinin  estetik qavranılması məsələlərinin tədqiqi və onun insana tərbiyəvi təsirinin üzə çıxarılması ilə mədəniyyətimizin bir çox görkəmli xadimləri - musiqiçilər, pedaqoqlar, psixoloqlar, musiqişünaslar məşğul olmuşlar.

Görkəmli psixoloq B.M.Teplov musiqinin estetik qavranılmasını aktiv fəaliyyət kimi gözdən keçirmişdir. Estetik tərbiyə məsələləri ilə məşğul olmuş B.V.Asafyev isə musiqini təbiətdə və insan qəlbində səslənən gözəl nə varsa, hamısının "daim canlı təcəssümü" adlandırmış və musiqi ilə yalnız əyləndirməyə, onu dinləyicilərə zorla qəbul etdirməyə deyil, musiqi vasitəsilə inandırmağa və sevindirməyə çağırmışdır. 

İncəsənətin başqa  növlərindən fərqli olaraq musiqi hisslərə birbaşa təsir göstərir. Ecazkar qüvvəyə malik olan musiqi həmişə insanlara ən gözəl bir nemət, yaxın sirdaş və yoldaş olmuş, onların tərbiyəsində mühüm rol oynamışdır. Musiqi qüdrətli estetik tərbiyə vasitəsidir.

Ümumiyyətlə musiqi mədəniyyətinin yayıcısı olan musiqi müəllimi bilməlidir ki, bütün başqa incəsənət növləri kimi musiqi də təkcə bədii zövq və yaradıcılıq təxəyyülü tərbiyə etmir, həm də həyat sevgisi, yurdsevərlik duyğuları aşılayır. Deməli, musiqi tərbiyəsi, hər şeydən əvvəl, insan tərbiyəsidir. İnsan təbiətin, mənəvi münasibətlərin, əməyin gözəlliyini musiqi vasitəsilə görür, duyur. İnsanda ətraf mühitdəki və özündəki ucalıq, əzəmət, gözəllik haqqında təsəvvür musiqi sayəsində yaranır.

Musiqi təhsili estetik tərbiyənin ən mühüm bölməsidir. Respublikamızda bədii zövqün inkişafı və musiqinin başa düşülməsi üçün çox iş görülür: gündüz və axşam musiqi məktəbləri şəbəkəsi yaradılmışdır, məktəblərdə, peşə təhsili ocaqlarında, uşaq və gənclər saraylarında, mədəniyyət evlərində və s. musiqi dərnəkləri fəaliyyət göstərir. Ancaq bütün bu müxtəlif məktəbdənkənar məşğələ formaları sistemli musiqi tərbiyəsini əvəz edə bilməz. İstisnasız olaraq bütün uşaqların məqsədyönlü, ardıcıl musiqi tərbiyəsi yalnız ümumtəhsil məktəblərindəki musiqi dərslərində həyata keçirilə bilər.

Uşaq və gənclərə ümumi musiqi tərbiyəsi vermək, onları yüksək musiqi sənətinə cəlb etmək ən yaxşı xalq, klassik, xarici, Azərbaycan musiqisi, habelə müasir bəstəkarların əsərləri nümunəsində estetik zövq formalaşdırmaq, "Fəal bədii özfəaliyyət iştirakçılarını, musiqi-estetik biliklərin  təbliğatçılarını tərbiyə etmək, böyüməkdə olan nəslin mənəviyyata dövrümüzün tələbləri ruhunda təkmilləşdirilməsinə kömək göstərmək - musiqi-estetik tərbiyə işinin istiqamətləri bunlardır.

Musiqi-səs incəsənəti, təfəkkürün səs obrazıdır.

Musiqinin dərk olunması ümumi təfəkkürü inkişaf etdirir, qavrama prosesində emosionallıqla şüurluluğun vəhdətini formalaşdırır, fəal qavrama isə məlum olduğu kimi, əməli fəaliyyətin inkişafında böyük rol oynayır.

Yaqut SALAMQIZI,
Lənkəran Dövlət Humanitar Kollecinin
 musiqi şöbəsinin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov