Həyatda elə insanlar var ki, onları bizdən vaxt
uzaqlaşdırandan sonra məhz onlarla bir yerdə olduğumuza
görə "nə xoşbəxt imişik o zaman, Allah" deyə etiraf
edirik, həmin əlçatmaz günlərin həsrətini çəkirik. Bir
də yanımıza qayıtmayacağını bilsək də, məşhur mahnıda
deyildiyi kimi, ürəyimizdən xəfif bir duyğu keçir -
möcüzə varsa əgər, qapıdan sən girəsən...
Özünün
gəlmədiyini görüncə ruhunun yanında olduğunu hiss
edirsən. Onun üçün çox qəribsədiyindən, yerə-göyə
sığmadığından, hər yerdə gözlərin onu axtarıb
tapmadığından etdiyi xoş əməllərindən kiməsə danışmaqla
təskinlik tapmaq, ürəyini boşaltmaq istəyirsən. Bəzən
sənə elə gəlir ki, dərin hisslərini ifadə etməkdə söz də
aciz qalır, səs də...
Fevralın 20-də görkəmli pedaqoq, professor, Mədəniyyət
və İncəsənət Universitetinin musiqi fənləri və
dirijorluq kafedrasının müdiri, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının müəllimi, böyük ziyalı, təvazökar,
həssas, qayğıkeş, sadə insan Aytəkin Tofiq qızı
Həsənovanın dünyasını dəyişməsindən bir il keçdi... Bu
müddət ərzində onu tanıyanlar - iş yoldaşları, dostları,
tələbələri Aytəkin xanımı bircə gün də olsa
unutmayıblar. Onlar görkəmli müəllim, əziz insan
haqqında olan xoş, həzin xatirələrini bizimlə
bölüşürlər.
Elnara Dadaşova, Bakı Musiqi Akademiyasının nəzəriyyə
kafedrasının professoru, bəstəkar, əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru: - Aytəkin
xanım çox işıqlı insan idi. Nazik, kövrək, həssas qəlbi
vardı. Yüksək zövqlü bu insan tələbələrə peşəkar
münasibət bəsləyir, onlarla işləməkdən zövq alırdı.
Gənclərə elə gözəl əsərlər tapıb həvalə edirdi ki,
yetirmələrinin ifasını dinləməkdən doymaq olmurdu.
Həmişə öz üzərinə çətin, ağır işləri götürürdü.
İnsanları sevindirməyi xoşlayırdı. Məndən xəbərsiz
prelüdlərimi toplayıb nəşr etdirmişdi. Optimist,
diqqətcil, haqqı nahaqqın ayağına verməyən alicənab bir
xanım idi. Sadə, çox səmimi olan Aytəkin yaşlı nəsildən
də nəzərini yayındırmırdı. Hələ də Aytəkini cismən
itirdiyimizə inana bilmirəm... Ona iki royal və soprana
üçün ariya ithaf etmişəm. Burda ana dilimizdə Quran
ayələri, ümumbəşəri dua və layla oxunur. İndi həmin
əsəri simli qrup üçün də hazırlamışam. Vallah, düşünürəm
ki, nə etsəm də azdır, ürəyim soyumur, onun həyatda
yoxluğuyla barışmaq çox çətindir... O, əməllərilə
ailəyə, tanınmış yazıçı Mir Cəlalın nəslinə şərəf
gətirən bir xanım idi. Həmişə anası - əməkdar müəllim
Elmira xanım Paşayevanı görəndə deyirdim - sağ olun ki,
belə övlad tərbiyə etmisiniz.
Hərdən düşünürəm, bəlkə də Aytəkin xanım daim
ətrafdakıların qayğısını, problemlərini üzərinə
götürdüyü üçün sıramızdan tez çıxdı, zərif çiyinləri bu
ağırlığa tab gətirmədi?.. Amma o, başqa cür yaşaya,
insanlara qarşı biganə qala bilməzdi. Ürəklərə köçüb
qəlbimizdə yaşayan Aytəkin xanımı nə tələbələri, nə də
dostları, kolleqaları heç vaxt unutmayacaq... Kaş həyatı
belə tez qırılmayaydı.
Sevda Axundova, Mədəniyyət və İncəsənət Universitetinin
baş müəllimi: - Aytəkinlə Bülbül adına musiqi məktəbində
(1965) bir sinifdə, eyni müəllimdən təhsil almışıq, bir
partada oturmuşuq - o, mən və Səadət Kərimova. Sonra beş
il konservatoriyadakı təhsilimiz birgə keçib, eyni
institutda işləmişik. Bir-birimizə çox bağlı idik.
Dostluğumuz möhkəmlənib ailə üzvlərimizə də keçmişdi.
Aytəkin həmişə lider, örnək idi başqalarına. Əla
qiymətlərlə oxusa da təvazökar, utancaq qız idi. Çox
istedadlı olmasına baxmayaraq heç vaxt gözə girməyə
çalışmaz, sadə davranardı. Ünsiyyətcil, hamıya qarşı
mülayim olan bu xanım özünə çox tələbkar idi. Gərgin
zəhməti nəticəsində müşayiətçi, konsertmeysterlikdən
kafedra müdiri, professor zirvəsinə kimi ucaldı. O,
gözəl ifaçı, əla müəllim idi. Tələbələrlə işləməkdən
yorulmurdu. Onlar üçün dərsliklər, notlar yazır, maraqlı
proqramlar tərtib edir, konsertlər keçirirdi. Bütün
bunların arxasında isə gərgin əmək, zəhmət dururdu.
Hamıya həssaslıqla yanaşıb qayğı göstərən bu xanım sözün
əsl mənasında böyük vətənpərvər, əsl vətəndaş, fədakar
insan idi. Aytəkin bunu sözdə deyil, öz işi, əməlilə
göstərirdi. İnsanları, həyatı, ailəsini, dostlarını, bir
də musiqini çox sevirdi. Deyərdim ki, musiqi onun həyatı
idi, dinləməkdən, ifa etməkdən doymurdu. Sonuncu dəfə
onunla Ravelin "Pavana" əsərini hazırlamışdıq. Çox
gözəl, həm də çox qəmli əsərdi, amma ifa etmək nəsib
olmadı...
Onunla həmişə yeni ilqabağı, bir də ad günlərimizdə
mütləq bir yerdə olardıq. Son dəfə ayrılarkən əlimizi
bərk-bərk sıxıb dedi ki, bizim dostluğumuz uşaqlıq
illərindən başlayıb və heç vaxt qırılmayacaq, hər şeyin
təzəsi, dostun köhnəsi. Mənim ürəyimdə sizin yeriniz
başqadır. Elə gün olmur ki, Aytəkin könlümüzdən
keçməsin, onu xatırlamayaq, sözlərini sitat gətirməyək.
Belə insanlar heç vaxt unudulmur, həmişə yeri görünür.
Kamilə Dadaşzadə, Mədəniyyət və İncəsənət
Universitetinin musiqişünaslıq kafedrasının müdiri,
dosent: - Aytəkin xanım xeyirxah, nəcib, duyğusal insan
idi, tükənməz ideyaları, planları vardı. Əsl müəllim,
sənətinə vurğun pedaqoq idi. Tələbələrinə fərdi yanaşır,
onların inkişaf dinamikasını izləyirdi. Maraqlı
proqramlarla çıxış edir, ildə bir neçə yeni işləmələr
ərsəyə gətirirdi. Hamıyla asanlıqla ünsiyyət yaradırdı.
Nə qədər incə yumor hissinə malik idisə, işində bir o
qədər ciddi idi. Hamının problemini öz dərdi kimi qəbul
edib kömək göstərməyə çalışırdı. Çox müsbət aurası
vardı. Ətrafındakılar sanki ondan enerji alırdı. Təəssüf
ki, uzun ömür yaşayıb ahıl vaxta çatmaq qisməti olmadı.
Aytəkin xanımı tanıyanlar onu heç vaxt yaddan çıxara
bilməzlər. Bu ehtiramı o, öz nəcib xüsusiyyətləri, xoş
xasiyyəti, insanlara hədsiz məhəbbətilə qazanıb, ruhu
şad olsun...
Minarə Dilbazi, Bakı Musiqi Akademiyasının professoru,
fortepiano kafedrasının müdiri, sənətşünaslıq namizədi:
- 1994-cü ildə mən respublika səviyyəli geniş bir
konfrans keçirdim. Aytəkin xanım da onun işində iştirak
etdi. Maraqlı məruzəsi oldu. Sonra mənimlə olan
söhbətində bildirdi ki, Üzeyir bəyin yaratdığı bu musiqi
ocağında həvəslə dərs deyərdim. Onun kimi istedadlı,
yüksək musiqi duyumu olan müəllimlərə bizdə həmişə yer
olduğunu söylədim. Aytəkin xanım 1997-ci ildən rəhbərlik
etdiyim kafedrada çalışmağa başladı. Heç vaxt ona
verdiyim xeyir-duanı yaddan çıxarmır, bunu həmişə qeyd
edirdi. A.Həsənova ilə birlikdə ümumi fortepiano kursu
üçün 3 dərs vəsaiti, xeyli proqramlar yazmışıq. Həmişə
bu təhsil ocağında işlədiyilə fəxr edirdi, tələbələrinə
görə qürur hissi keçirirdi. Onun hər iki təhsil
ocağından olan yetirmələri bütün konsertlərdə çıxış edib
nəyə qadir olduqlarını göstərirdilər. Bütün bunların
arxasında isə böyük iş vardı. O, dünyasını dəyişəndən
sonra anası Elmira xanım mənimlə söhbət əsnasında
bildirdi ki, ona nə qədər desəm də yorulursan,
institutların birindən imtina et, heç cür razılaşmırdı.
Bildirirdi ki, bu təhsil ocaqlarının hər ikisində yaxşı
tələbələrim var, mən onlara nə deyib imtina edim?.. O,
xəstə olanda da canı tələbələrinin yanında idi, tez-tez
zəng edib onları soruşurdu. Çox təəssüf ki, belə tez -
53 yaşında həyatla vidalaşdı. Bu, hamımız üçün çox ağır
oldu...
Gülnar Qurbanova, Konservatoriyanın məzunu: -Tale elə
gətirmişdi ki, mənə Musiqi Kollecində Aytəkin xanımın
anası - Elmira xanım Paşayeva dərs demişdi,
Konservatoriyada isə özü. Hərdən zarafatla deyirdi ki,
sən mənə anamın əmanətisən, gərək elə işləyək ki, onun
bizə iradı olmasın. Aytəkin xanım tələbələrinin hamısına
doğma övladları kimi baxırdı, bizimlə işləməkdən
yorulmur, metodikanı bütün incəliklərinə kimi öyrədirdi.
Deyirdi ki, Konservatoriyada özümü doğma evimdəki kimi
hiss edirəm. Əvvəlcə burada təhsil almışam, indi də
müəllimlərimlə çiyin-çiyinə işləyirəm. Siz də bura doğma
ocağınız kimi baxın. Vaxt gələcək ki, Üzeyir bəyin
yaratdığı bu məbəddə siz də çalışacaqsınız. Kiçik bir
uğurumuza sevinir, tərifləyib bizi göylərə qaldırır,
qol-qanad verirdi. Onda olan bütün yüksək keyfiyyətləri
Elmira xanımda da görmüşdüm. Hərdən özümə deyirdim ki,
mən çox xoşbəxt adamam - kollecdə Elmira xanım, burada
isə Aytəkin xanımdan dərs alıram. Amma hayıf ki, bu
xoşbəxtlik sonadək davam etmədi...
Cəmalə Nəsirova, bəstəkar, Mədəniyyət və İncəsənət
Universitetinin dosenti: - Bu gün Aytəkin xanım haqqında
keçmiş zamanda danışmaq çox çətindir. Sonuncu dəfə ona
zəng vuranda səsi çox zəif gəlirdi, dedi ki, əməliyyat
olunmuşam. Amma ailə üzvlərimin hamısını, işdəki
müəllimləri bir-bir soruşdu. Dəstəyi yerinə qoyandan
sonra hönkürtüylə ağladım, bu, Aytəkin xanımın həmişə
eşitdiyimiz şux səsinə oxşamırdı... Acı xəbəri eşidəndə
isə günlərlə özümə gələ bilmirdim, sanki ürəyim
yaralanmışdı. Nəhayət, özümü ələ alıb pianonun arxasına
keçdim. Ona bəslədiyim incə, səmimi, dərin hisslərimi
"İthaf" əsərimdə verməyə çalışdım. Sonralar həmin əsər
universitetimizdə keçirilən onun anım günündə (yeri
gəlmişkən, belə bir tədbiri Bakı Musiqi Akademiyası da
keçirib) ifa etdim. Amma bununla dərdi azaltmaq
mümkündümü?.. Aytəkin xanıma hələ neçə-neçə əsərlər həsr
ediləcək, anım günləri keçiriləcək. Amma onun özünü
tamamilə vəsf etmək qeyri-mümkündür. Təəssüf ki, bunlar
ancaq bizi ovutmaq üçündür, ruhu şad olsun, biz onu heç
vaxt unutmayacağıq...
İradə ƏSƏDOVA |