Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Şərəfli ömür yolu

 

Qadınların cəmiyyətin inkişafında əməyi danılmazdır. Hansı sahəyə baxırsan, orada qadın əməyini, qadın zəhmətini görürsən. Mən də sizlərə belə qadınlardan biri haqqında danışmaq istəyirəm.  

Sədaqət Səmədova əslən Masallıdan olsa da, çoxları onu Astaralı kimi tanıyır. Özü söhbətlərinin birində deyirdi ki, "Masallı torpağı, o məkanda sayılıb-seçilən İsmayılovlar ailəsi məni dünyaya gətirdi, məni yüksək əxlaqi təməl üzərində tərbiyə etdi. Astara isə mənə xoşbəxt ailə, taleyimə yazılmış dostlar, müəllimlik peşəsinin sirlərinə yiyələnmək və  yaxşı ad qazanmaq imkanı verdi. İki gül balam Astarada doğulub ömrümə ömür caladı və sonra şirin-şirin nəvələrim dünyaya gəldi". 

Allah-təala hər kəsə bir ömür yazısı, bir həyat tarixi nəsib edir. Sədaqətə də sədaqətli ömür yolu bəxş edib. Sədaqət müəllim bu yolu üzüağ, alnıaçıq yaşaya bilib. Öz əməli ilə başqalarına nümunə olub, müəllim kimi seçilməyi bacarıb, ətrafındakılara lazım olanda köməklik  göstərə bilib. Məhz bütün bunlar onu hamıya sevdirə bilmiş və yaşadığı yerdə xüsusi hörmət sahibi etmişdir. Sədaqət Səmədova 60 illik ömrünü bu gün də mənalı və dəyərli yaşayır, tərbiyə verdiyi yüzlərlə şagird və tələbələr müstəqil Azərbaycana ləyaqətlə xidmət edir, dövlətimizin daha da çiçəklənməsi naminə ölkədə gedən quruculuq işlərində fəal iştirak edirlər. Keçmiş şagirdləri bu gün də onunla əlaqə saxlayır, ona öz minnətdarlıqlarını bildirirlər.

Ömürdən səhifələr: O, 1960-cı ildə Masallı şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Oxuduğu illərdə dərslərə yüksək səviyyədə hazırlığı, bacarıq və qabiliyyəti ilə yaşıdlarından fərqlənə bilirdi. 1970-ci ildə məktəbi bitirdi. Valideynləri hələ uşaqlıqda onda musiqiyə olan sonsuz həvəsi və istəyi hiss etmişdilər. Bunu nəzərə alaraq onu Masallıda açılmış yeddiillik musiqi məktəbinə qoyurlar. Musiqi məktəbini yüksək qiymətlərlə bitirdiyinə görə bacarığını nəzərə alaraq onu burada müəllim işləməyə dəvət edirlər. O, kiçikyaşlı uşaqlara musiqi öyrətməklə yanaşı, daim öz təhsilini artırmaq barədə də düşünürdü. 1972-ci ildə Azərbaycan Dövlət Univerisitetinin tarix fakültəsinə daxil olub tələbə adını qazandı. 1974-1984-cü illərdən Astara şəhərinin 1, 3 və 4 nömrəli orta məktəblərində ixtisası üzrə müəllim işləməklə yanaşı, rayonun ictimai-mədəni həyatında fəal iştirak edirdi.

1991-ci ildə Sədaqət müəllimin həyatında daha bir mühüm hadisə baş verdi. Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumun filialı Astarada açılanda ilk təcrübəli tarix müəllimi kimi filiala işləməyə dəvət alanda başa düşdü ki, çəkdiyi əməyi və zəhməti hədər getməyib. Bu etimadı doğrultmaq lazım idi. İndi əminliklə demək olar ki, Sədaqət müəllim adına layiq olaraq sədaqətlilik nümunəsi göstərərək Astara Pedaqoji Kollecində işlədiyi 20 ildən artıq müddətdə özünü təkcə yüksək pedaqoji ustalığa malik və tarix elminin, xüsusilə Azərbaycan tarixinin əsaslarını öyrədən bir müəllim kimi deyil, həm də bir qayğıkeş bacı, bir fədakar ana kimi təqdim etdi.

Sədaqət müəllimin əməyi rəhbərlik tərəfindən daim qiymətləndirilmişdir. Kollec rəhbərliyi səmərəli fəaliyyətinə və təlim-tərbiyə prosesində qazandığı müvəffəqiyyətlərə görə onu Fəxri fərmanlarla təltif etmiş, ona dəfələrlə təşəkkür elan olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülən Sədaqət müəllim qazandığı uğurları təkcə öz adına deyil, həm də kollecə verilən qiymət kimi qəbul edir.

Kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev Sədaqət müəllim haqqında belə deyir: "Sədaqət müəllim haqqında yalnız xoş sözlər demək olar. Sədaqət müəllim çox sadə, savadlı və səmimi insandır. O elə insanlardandır ki, onunla ünsiyyət qurmaq adamda xoş təəssürat oyadır. 20 ildən artıqdır ki, bir təhsil ocağında işləyirik. Kollecdə mən qarışıq hamı ona "böyük bacı" deyə müraciət edir. Bu da təsadüfi deyil. Ətrafında olanlara qarşı çox həssas və diqqətlidir. Dostlarına qarşı qayğılı münasibətin nəticəsidir ki, daim kimsə nə üçünsə ona müraciət edir. Bütün bu müraciətlər də diqqətdən kənarda qalmır. Tələbələr ondan razıdır. Tarix elminin sirlərini yeni və müasir tələblər çərçivəsində tələbələrə öyrədir. Azərbaycan tarixində xalqımızın başına gəlmiş faciələrin əsas mahiyyətini onlara başa salmaqla yanaşı həm də böyük uğurlarımız və nailiyyətlərimiz barədə də geniş və müfəssəl məlumat verir. Sədaqət müəllim öz adına layiq olduğunu əməlləri ilə sübut edib. Mən ona gələcəkdə daha böyük uğurlar arzu edirəm".  

Sədaqət müəllimin gözəl ailəsi var. Mehriban ana, xanım-xatun nənə, qayğıkeş qayınana, həm də ləyaqətli ömür-gün yoldaşıdır. O, öz sədaqətli ömür yolunu davam etdirir. 

Son olaraq Sədaqət müəllimin timsalında bütün qadınları qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik edir, onlara uzun ömür, səadət, xoşbəxtlik və firavanlıq arzulayır, işlərində yeni-yeni uğurlar diləyirəm.                

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov