Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

Yan Amos Komenskinin pedaqoji irsinin Azərbaycanda yayılması

 

Görkəmli ictimai xadim, humanist filosof, dilçi, tarixçi, dünya pedaqogikasının korifeyi Yan Amos Komenski xələflərinə qiymətli irs qoymuş və orijinal pedaqoji nəzəriyyələri ilə zəmanəsindəki pedaqoji görüşlərdə köklü dəyişikliklər əmələ gətirmişdir. Avropa tarixinin ən coşqun və qaynar dövründə yaşayan Y.A.Komenski təlim-tərbiyənin məqsədi, məzmunu, təşkili, cəmiyyətdəki rolu, ona verilən tələblər və s. məsələlərdə sələflərini, həm də müasirlərini (T.Kampanella, R.Dekart, C.Bruno, Q.Qaliley, F.Bekon və b.) xeyli qabaqlamışdır.  Y.A.Komenski pedaqoji elmin qızıl sütunudur. Pedaqogikanın müstəqil bir elmə çevrilməsi məhz onun adı ilə bağlıdır. Onun elmi əsaslara və qabaqcıl məktəblərin təcrübəsinə istinad edərək dövrün sxolastik məktəblərini kəskin tənqid etməsi, təlim sahəsində bir novator pedaqoq kimi sinif-dərs sistemini, "Hamıya hər şeyi öyrətməyin ümumi nəzəriyyəsini" əsaslandırması; məktəbdə dəqiq qaydaların yaradılması, dərsliklər tərtibi, müəllimə qarşı irəli sürdüyü pedaqoji tələblər və s. haqqındakı baxışları dünya pedaqoji fikrinə dəyərli bir töhfədir. O, sələflərinin təlim-tərbiyə haqqındakı fikirlərini, fəlsəfi nəzəriyyələrini mükəmməl surətdə öyrənmiş, böyük pedaqoji ideyaların tükənməz xəzinəsi olan əsərlərində uzunmüddətli müəllim təcrübəsindən istifadə etmişdir.  

Y.A.Komenski pedaqoji əsərləri üçün ilham mənbəyini xalq kütlələrinin ideologiyasında tapdığından, zəngin yaradıcılığı ilə XVII əsrə kimi aparıcı olan pedaqoji fikrə yekun vurmuş, yeni pedaqoji nəzəriyyələr üçün bünövrə qoymuşdur.

Bu səbəbdən də onun zəngin irsi, pedaqoji nəzəriyyələri neçə əsrdir ki, dünya pedaqoji fikrinin diqqət mərkəzində olmuş, 90 cildlik əsərlərinin külliyatı nəşr olunmuş, haqqında saysız-hesabsız monoqrafiyalar, kitab və kitabçalar, qəzet-jurnal məqalələri çap olunmuş, yubiley sessiyaları, elmi-praktik konfranslar keçirilmiş, əsərlərinin müəyyən qismi (xüsusilə, "Böyük didaktika") dünya dillərinə tərcümə olunmuşdur.

Y.A.Komenskinin 400 il bundan əvvəl söylədiyi pedaqoji ideyaların elmi dəyəri orasındadır ki, qərinələr, əsrlər keçdikcə bu ideyalar Avropa ölkələrinə yayılmaqla qalmamış, sərhədləri keçərək Rusiyaya, Rusiya imperiyasının ucqarlarına, Güney Qafqaza, Azərbaycana da nüfuz etmiş və pedaqoji elmlərin inkişafına böyük təkan vermişdir.

Y.A.Komenskinin ideyalarının Azərbaycanda yayılması hələ keçən əsrin sonlarına təsadüf edir. Bu ideyalar Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları tərəfindən mənimsənilmiş və yayılmışdır. Seminariyanın ilk məzunlarından olan T.Bayraməlibəyov ana dilinin tərbiyəvi əhəmiyyətindən bəhs edərkən Y.A.Komenskinin "Ana dilini bilmədən özgə dili bilmək olmaz" fikirlərinə istinad edirdi. İnqilaba qədərki dövri mətbuatın araşdırılması göstərir ki, Azərbaycan pedaqoqlarından təkcə T.Bayraməlibəyov deyil, H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev və başqaları da Komenskinin adını əsərlərində hörmətlə çəkmiş, onun ideyalarından yaradıcılıqla bəhrələnmişlər.

Keçən əsrin 20-30-cu illərindən başlayaraq Y.A.Komenskinin pedaqoji əsərləri daha ciddi tədqiqat obyektinə çevrilir. "Klassik pedaqoqların mütərəqqi irsini sovet pedaqogikası üçün bir mənbə" hesab edən sovet pedaqoji elmi həmin istiqamətli tədqiqatların genişlənməsini zəruri və vacib hesab edirdi. Buna görə də, ilk növbədə, Y.A.Komenskinin dünya pedaqoji fikrinin incilərindən sayılan  əsərlərini milli dillərə tərcümə etmək zərurəti yarandı.

Azərbaycanda bu sahədə (ümumiyyətlə, pedaqoji elmin bütün kardinal problemlərinin həllində) bütün ağırlıqlar Azərbaycan  Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki TPİ) üzərinə düşürdü. Bu da hər şeydən öncə, elmi potensial qüvvə ilə bağlı idi. Belə ki, səriştəli pedaqoqların böyük bir qrupu məhz həmin institutda fəaliyyət göstərirdi.

40-cı illərdə Azərb. DETMİ tərəfindən pedaqoji klassiklərin Azərbaycan dilində əsərlərinin nəşrinə başlanılır. İlk dəfə Y.A.Komenskinin "Böyük didaktika" və "Ana qucağı məktəbi" adlı əsərlərindən parçalar "Didaktik prinsiplər" adı ilə nəşr olunur (Y.A.Komenski. Didaktik prinsiplər. Azərnəşr. Tədris-pedaqoji şöbəsi. Bakı, 1941).

Kitabın giriş hissəsində bildirilir ki, bu əsərlər üç əsr bundan qabaq yazılmış olduğundan burada bəzi fikirlər ancaq tarixi əhəmiyyətə malikdir, lakin müəllimlər öz nəzəri biliklərini artırmaq  və praktik işlərində tətbiq etmək üçün bu əsərlərdə olduqca qiymətli metodik göstərişlər  tapa bilərlər. Kitabda verilmiş hissələr orijinaldan deyil, Ioffun "Xrestomatiya po pedaqoqike XV-XVIII vv" və "Böyük didaktika"nın 1893-cü il rus variantındakı çapından tərcümə olunmuşdur. Kitab "Y.A.Komenskinin pedaqoji görüşləri" adlı məqalə ilə açılır. Kitabın sonunda M.Muradxanov tərəfindən 47 sözün geniş izahı verilmişdir. Bu kitabın nəşri ilk təşəbbüs kimi olduqca qiymətlidir.

Y.A.Komenskinin Azərbaycanda ikinci kitabı 60-cı illərdə işıq üzü görmüşdür. Azərbaycan DETPİ tərəfindən çapa hazırlanmış bu kitab 1955-ci ildə professor A.A.Krasnovskinin Moskvada nəşr etdirdiyi "Y.A.Komenskinin seçilmiş pedaqoji əsərləri"nin rus variantından tərcümədir. Kitab dilimizə A.İ.Kərimov və M.Ə.Muradxanov tərəfindən yüksək professionallıqla tərcümə olunmuş, Ş.Ağayev tərəfindən redaktə olunmuşdur. A.A.Krasnovskinin ön söz kimi təqdim olunan "Yan Amos Komenskinin həyatı və pedaqoji əsərləri" adlı məqaləsi xüsusi tədqiqat işi kimi səciyyəvidir və böyük maraq doğurur.

Məqalədə Y.A.Komenskinin pedaqoji əsərlərinin silqəti, bəşəri dəyəri aşkarlanmaqla yanaşı, ictimai-siyasi, həm də pedaqoji ideyalarının zəif cəhətləri də şərh olunmuşdur. Məqalədə Y.A.Komenskinin "Seçilmiş pedaqoji əsərləri"nin həm azərbaycanca tərcüməsində olan, həm də buraya daxil edilməyən əsas pedaqoji əsərlərinin ("Böyük didaktika", "Dünya labirinti və qəlbin cənnəti", "Ümumi müdrikliyin nişanəsi", "Təbii istedadların mədəniyyəti haqqında", "Pansofiya məktəbi", "Dirilmiş Forsi və ya məktəbdən durğunluğun qovulması haqqında", "Həqiqi üsulun tərifi", "Şeyləri dürüst adlandırmağın xeyri haqqında", "Davranış qaydaları", "Yaxşı təşkil olunmuş məktəbin qanunları", "Sxolastik labirintlərdən çıxış yolu") məzmunu, quruluşu, irəli sürülən pedaqoji ideyaları öz şərhini tapmışdır. Onu da qeyd edək ki, A.A.Krasnovskinin məqaləsində təhlil olunan əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə edilməmişdir. Rus variantında olan kitabla fərqli cəhətdən biri də dini xarakterdə olan hissələrin ("Böyük didaktika"nın I,II,III və IV fəsillərinin dini ayinlərindən ibarət müddəaları, "Didaktikanın faydası" adlı bölmənin 7-ci bəndinin xeyli hissəsi) ixtisarı, bəzi təkrar olunan izahedici nümunələrin tərcümə edilməməsidir. Komenskinin yaşadığı dövr kilsənin ən yüksək inkişaf dövrünə, zehni fəaliyyətin bütün sahələrində ilahiyyətin hökm sürdüyü vaxtlara təsadüf edir. Təbii ki, bütün bunlar Komenskinin yaradıcılığına təsir göstərməyə bilməzdi. Onun fikrincə, bütün təbiəti, onun bir hissəsi olan insanı Allah yaratmışdır. Kitabdakı dini parçaların ixtisarı təəssüf doğurmaya bilməz. Tərtibçilər dövrün tələbinə uyğun olaraq həmin addımı atsalar da, unutmamalı idilər ki, din tarixin, mədəniyyətin ayrılmaz hissəsi, insanlığın əsas mənəvi təkamül yollarından biridir.

Y.A.Komenskinin "Seçilmiş pedaqoji əsərləri"nin Azərbaycan dilində nəşri onun zəngin və dəyərli pedaqoji irsini öyrənmək, tədqiq etmək, praktik iş zamanı istifadə etməkdə böyük rol oynamışdır.

50-ci illərdə Y.A.Komenskinin pedaqoji irsinin irəli sürdüyü nəzəri fikirlərin, orijinal üsulların dünya əhəmiyyətini nəzərə alaraq Ümumdünya Sülh Şurasının qərarına əsasən, Çexoslovakiya Respublikası 1956-58-ci illərdə böyük pedaqoqun ilk külliyatının nəşr edilməsinin (1656-cı ildə Hollandiya senatının qərarı ilə Komenskinin əsərlərinin ilk külliyyatı nəşr edilmişdir) 300 illiyinə həsr edilmiş yubiley keçirir. Bu tədbir bütün dünyaya yayılır.

Bu kimi tədbirlər Azərbaycanda da Y.A.Komenskinin pedaqoji irsinin, dəyərli nəzəri ideyalarının araşdırılması sahəsindəki tədqiqatlara güclü təkan verdi, bir sıra yeni tədqiqatlar, araşdırmalar meydana gəldi.

İlk tədqiqat işi kimi M.Muradxanovun "Azərbaycan müəllimi" qəzetində dərc etdirdiyi "Yan Amos Komenski" məqaləsi diqqəti cəlb edir. Müəllimlərin pedaqoji-nəzəri biliyini artırmaq, onları məşhur pedaqoji klassiklərin görüşləri və pedaqoji üsulları ilə tanış etmək məqsədilə dərc olunmuş məqalədə M.Muradxanov Y.A.Komenskinin bütün pedaqoji fikirlərini deyil, "ancaq onun əsas didaktik fikirlərini şərh etməyə çalışmışdır". Komenskinin sxolastik məktəblərə münasibəti, uşaqların təlimi, irəli sürdüyü didaktik prinsiplər, sinif-dərs sistemi və məktəbşünaslıqla bağlı fikirləri aşkarlanmış, lakin əxlaq tərbiyəsinin məqsədində dini mövqedə durduğundan bu sahədəki görüşləri tədqiqatlardan təcrid edilmiş, bizim məktəblər üçün əhəmiyyətsizdir, - deyə üstündən sükutla keçilmişdir (M.Muradxanov. Yan Amos Komenski. "Azərbaycan müəllimi" qəzeti, 9 fevral 1947).

Əmir Tağıyevin qiyabiçi tələbələrə kömək məqsədilə nəşr etdirdiyi "Y.A.Komenskinin pedaqoji görüşləri" kitabçası, "Y.A.Komenskinin həyat və pedaqoji fəaliyyəti" ("Azərbaycan məktəbi" jurnalı, 1957, №4, s. 49-52)  adlı məqaləsi Komenskinin pedaqoji ideyalarını öyrənmək baxımından qiymətlidir. Tədqiqatlarda Y.A.Komenskinin həyatı və pedaqoji fəaliyyətinin ümumi istiqamətləri şərh olunur, intibah dövrü pedaqogikasının onun dünyagörüşünə, pedaqoji fikirlərinə təsiri aşkarlanır. 

B.B.Komarovskinin "Y.A.Komenskinin didaktik təlimi" məqaləsi özünəqədərki tədqiqatlardan təhlil tərzi ilə seçilir. Müəllif əsaslı dəlillərlə, məntiqi mühakimə ilə əsaslandırır ki, məhz Y.A.Komenski birinci olaraq didaktikanın əsas problemlərini-təhsilin məqsədi və məzmununu, didaktikanın prinsip və qaydalarını, təlim üsulları məsələlərini elmi şəkildə qoydu, didaktikanın elmi səviyyəsini yüksəltdi. O, təlim üsulu məsələlərini təcrid edilmiş halda deyil, tədrisin təşkilat, psixoloji və məntiqi əsasları ilə üzvü əlaqədə işləyib hazırlamışdır. B.B.Komarovski başqaları kimi Y.A.Komenski didaktikasının üstünlüyündən, böyüklüyündən ümumi, şablon sözlərlə danışmır, onun didaktikasının böyüklüyünün səbəbini açır. Məlum olur ki, bu didaktika "yalnız məhdud texniki mülahizələrə deyil, psixoloji, fəlsəfi və ictimai fikirlərə əsaslanır".

Ş.S.Ağayevin "Y.A.Komenskinin psixoloji görüşləri haqqında" ("Azərbaycan məktəbi" jurnalı, 1957, №6, s. 35-45)  məqaləsində Y.A.Komenskinin pedaqoji psixologiyanın  inkişafındakı rolu yüksək qiymətləndirilir. Əsaslandırılır ki, Komenski öz əsərləri ilə psixologiyanın inkişaf etməsinə, pedaqoji psixologiyanın bir elm kimi yaranmasına böyük kömək göstərmiş və öz pedaqoji nəzəriyyəsini məhz psixoloji məsələlərə istinad edərək qurmuşdur.

"Pedaqogika", "Pedaqogika tarixi", "Məktəbəqədər pedaqogika tarixi" və s. dərs vəsaitlərində, bir sıra orijinal və tərcümə ədəbiyyatlarında Komenskinin pedaqoji ideyaları, nəzəri fikirləri yüksək qiymətləndirilir, hərtərəfli araşdırılır, onunla bağlı ayrıca portret-oçerk verilir, yaradıcılığının əsas istiqamətləri işıqlandırılır. Əhməd Seyidovun (Pedaqogika tarixi. Bakı, Maarif, 1968) və Hüseyn Əhmədovun (Pedaqogika tarixi kursundan mühazirələr. Bakı, APİ, 1987) dərs vəsaitlərində, Fərrux Rüstəmovun "Pedaqogika tarixi" dərsliyində Y.A.Komenskinin həyatı, pedaqoji fəaliyyəti, dünyagörüşü, demokratik görüşləri, açdığı məktəblər, təhsil illəri, müəllimlik fəaliyyəti araşdırılır, pedaqoji sistemində təbiətəmüvafiqlik prinsipi, təhsilin məzmunu, məktəb sistemi, sinif-dərs sistemi, məktəbin idarə olunması, direktor, müəllim  və şagirdlərin vəzifələri barədə fikirləri sistemləşdirilir, əxlaq tərbiyəsi, intizam tərbiyəsi, müəllim və ona verilən tələblər haqqındakı baxışları pedaqoji fikir süzgəcindən keçirilir. Komenskinin pedaqoji ideyalarının Qərbi Avropada, Rusiyada və onun ucqarlarında pedaqoji fikir və məktəb tarixinə təsiri aydınlaşdırılır.

Tələbələr üçün köməkçi vəsait kimi nəşr olunan "Pedaqogika tarixi üzrə sxemlər"də (Tərtib edənlər: Ə.S.Tağıyev, Ə.Ə.Əhmədov. Bakı, 1980) Y.A.Komenskinin həyat və fəaliyyətinin əsas dövrləri, qabiliyyət, xarakter haqqında fikirləri, didaktik görüşləri, dərsin pillələri, tərbiyəçinin qarşısında qoyduğu tələblər yüksək səviyyədə işlənmiş, cəmi 6 sxemdə öz elmi həllini tapmışdır.

Ötən əsrin 50-70-ci illərində çap olunmuş qəzet məqalələrində  (M.Məmmədov. Y.A.Komenski. "Kirovabad kommunisti", 25 aprel 1957; Ə.Y.Seyidov. Görkəmli pedaqoq, böyük vətənpərvər "Kommunist", 16 aprel 1957; yenə onun. "Böyük çex pedaqoqu", "Azərbaycan gəncləri", 23 aprel 1957; Y.Talıbov. Pedaqogikanın Qalileyi. "Azərbaycan müəllimi", 18 noyabr 1970; T.Efendiyev Velikiy pedaqoq-qumanist. "Bakinskiy raboçiy", 14 aprel 1957). Komenskinin dövrü, həyatı, yaradıcılığı, fəlsəfi və ictimai-siyasi görüşləri, dünyagörüşü, ümumi pedaqoji ideyaları, məktəb, didaktika, tərbiyə nəzəriyyəsi, intizam və müəllim haqqında fikirləri, məktəbə rəhbərlik, ailənin tərbiyəvi fəaliyyəti öz əksini tapıb.

Y.A.Komenski ideyalarının, ümumiyyətlə pedaqoji irsinin yayılması, tədqiqi və təbliği üç əsas mərhələni əhatə edir: ilkin mərhələdə o,  yaxşı dərsliklər müəllifi kimi tanınırdı. Hansı ki, dərslikləri (xüsusilə "latın dili") təkmilləşdirilmiş şəkildə XIX əsrdə də istifadə olunurdu; ikinci mərhələ anadan olmasının 300 illiyi ilə bağlıdır. Bir sıra ölkələrdə onun əsərlərinə, pedaqoji ideyalarına maraq artdı, əsərləri əksər dövlətlərdə tərcümə və nəşr olundu. Almaniyada 90-cı illərdə Komenski adına Elmi Pedaqoji Cəmiyyət yarandı. Peterburq hərbi-məktəb muzeyi yanında Komenski şöbəsi açıldı. Məhz həmin dövrdə dünya pedaqoji fikri tərəfindən Komenski yekdilliklə yeni məktəb və pedaqoji fikrin yaradıcısı kimi tanındı. Dünya pedaqoji fikrinin korifeyi səviyyəsinə qalxdı, üçüncü mərhələ XX əsrin 60-cı illərindən sonrakı dövrü əhatə edir. Məhz həmin dövrdə Komenskinin 175 çap vərəqi həcmində "Obşemu sovetu ob ispravlenii del çeloveçeskix"  adlı siyasi-fəlsəfi və pedaqoji traktatı işıq üzü gördü. Bu münasibətlə ÇSR-in Olomouçe şəhərində Beynəlxalq konfrans (20-24 sentyabr 1967-ci il) keçirildi. Konfransda 16 ölkədən nümayəndə iştirak edirdi.

YUNESKO-nun qərarı ilə 1992-ci ildə Y.A.Komenskinin anadan olmasının 400 illiyi bütün dünyada geniş qeyd edilmişdir. Bu tədbirlərdə iştirak etmək, "xalqımızı bu pedaqogika nəhəngi ilə bir daha yaxından tanış etmək məqsədilə" professor Y.Talıbov "Y.A.Komenskinin pedaqoji sistemi" (Bakı, ADBTİ, 1992) kitabçasını qələmə almışdır.

Kitabçada Y.A.Komenskinin dövrü, həyatı, dünyagörüşü, ümumi pedaqoji ideyaları, məktəb nəzəriyyəsi, didaktik görüşləri (didaktikanın mahiyyəti və vəzifələri, təlimin qneseloji əsasları, prinsipləri, metodları, sinif-dərs sistemi və s. (şəxsiyyətin formalaşmasının ümumi pedaqoji əsasları (tərbiyənin prinsipləri, metodları, intizam tərbiyəsi, tərbiyədə ailənin rolu və s.) və müəllim haqqında fikirləri komenskişünaslığın son nailiyyətlərinə istinadən yazılmış, böyük pedaqoqun pedaqoji sistemi yüksək professionallıqla təhlil və tədqiq edilmişdir.

Əsər özünəqədərki tədqiqatlardan orijinallığı ilə seçilir. Komenskinin anadan olmasının 400 illiyi ilə əlaqədar respublikamızın bütün ali pedaqoji təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilmişdi.

Y.A.Komenskinin pedaqoji irsinin Azərbaycanda tədqiqində və təbliğində akademik Hüseyn Əhmədovun müstəsna xidmətləri vardır. O, Azərbaycan ("Ümumdünya" pedaqoji elminin korifeyi, "Azərbaycan müəllimi", 03 aprel 1992), rus (Y.A.Komenskiy i eqo "Velikaya didaktika". "Bakinskiy raboçiy", 08.01.1993) və çex dillərində Y.A.Komenskinin həyatı və pedaqoji fəaliyyətinin əsas aparıcı ideyaları ilə bağlı əsərlər yazmış, Azərbaycanın və xarici ölkələrin nüfuzlu elmi nəşrlərində çapına nail olmuşdur.

Akademik Hüseyn Əhmədovun təşəbbüsü ilə ADPU-da keçirilən konfrans daha maraqlı və yaddaqalan olmuşdur. Belə ki, həmin konfransda respublikanın tanınmış pedaqoq alimləri, gənc tədqiqatçılar, praktiklər Komenski irsi ilə bağlı çıxış etmiş, onun pedaqoji sisteminin, ideyalarının həmişəyaşarlığının səbəblərini açıqlamışlar (Bax: Y.A.Komenskinin anadan olmasının 400 illiyinə həsr edilmiş respublika elmi-praktik konfransının tezisləri. Bakı, ADPU, 1992).

Son illərdə Y.A.Komenskinin pedaqoji irsinin araşdırılması sahəsində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Belə ki, Azərbaycan pedaqoji elmində ilk dəfə olaraq Y.A.Komenskinin dini - əxlaqi   görüşləri tədqiqata cəlb edilmişdir. (F.Rüstəmov, F.Rüstəmli.  Y.A.Komenskinin dini-əxlaqi görüşlərinə dair. Bakı, "Nurlan", 2000, s.3; F.Rüstəmov. Pedaqogika tarixi. Bakı, 2007, s. 331-347). Qeyd etmək lazımdır ki, keçmiş sovetlər ölkəsində Y.A.Komenski irsinə geniş yer verilsə də, dünyagörüşünün əsas mənbəyi olan dini ideyalarının üstündən sükutla keçilmiş və belə bir fikir irəli sürülmüşdür ki, onun pedaqoji baxışlarını ilahiyyat pərdəsi altında şərh etməsi o dövrdə ilahiyyatın zehnlərə hakim kəsilməsi ilə əlaqədar olmuşdur.

Bu il Yan Amos Komenskinin anadan olmasının 420 ili tamam olur. Yubileyə töhfə olaraq tərəfimizdən onun "Böyük didaktika" əsəri "Elm və təhsil" nəşriyyatında (2012, 385 s.) nəşr olunmuşdur. 

Yan Amos Komenski öz əsrinin oğlu olsa da, müasirimizdir, ölməz ideyaları, bu ideyaların şərh olunduğu xəzinədarı olan misilsiz qiymətli əsərləri ilə bu gün üçün də gərəklidir, əhəmiyyətlidir, aktualdır.  

Fərrux RÜSTƏMOV, 
əməkdar elm xadimi, pedaqoji elmlər  doktoru,  professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov