Martın
1-də paytaxtın Binəqədi rayonunda yerləşən 276 nömrəli
tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə gününə həsr
olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal
İsmayılov, Binəqədi rayon Fövqəladə Hallar və Mülki
Müdafiə şöbəsinin rəisi, mayor Musa Məhərrəmov və digər
şəxslər iştirak edirdilər. Öncə iştirakçılar mülki
müdafiə gününə həsr olunmuş "açıq dərs"lərdə oldular və
şagirdlər zəlzələlər, torpaq sürüşmələri, qaz
partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa
məlumat verdilər. Sonra məktəbin foyesində süni yanğın
səhnəsi təşkil olundu və həyəcan siqnalı verildi.
Növbətçi müəllimlərin köməyi ilə şagirdlər hər iki arxa
qapıdan məktəbin həyətinə köçürüldü. Post, manqalar və
siniflər öz yerini tutdu. Hərbi rəhbər raport verdi.
Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəhram
Şiriyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma
tarixindən danışdı. Bildirdi ki, Beynəlxalq Mülki
Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci
ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv
olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi
qeyd edilir. Bu nüfuzlu beynəlxalq qurum ən mürəkkəb
fövqəladə hallar baş verdikdə əhatə etdiyi ölkələrə
yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini
inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir.
Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul
edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə
fəal iştirak edir.
B.Şiriyev
qeyd etdi ki, Beynəlxalq Mülki Müdafiə gününün
keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu
təşkilatın gördüyü işin vacibliyinə və həyati
əhəmiyyətinə cəlb etmək, eləcə də fəlakətlərin
qarşısının alınması və nəticələrinin aradan qaldırılması
üçün məsuliyyət daşıyan əməkdaşların çətin işini və
fədakarlığını lazımınca qiymətləndirməkdir. Son illər
respublikamızda bu sahənin inkişafı ilə bağlı dövlət
tərəfindən əsaslı işlər görüldüyünü diqqətə çatdıran
B.Şiriyev bildirdi ki, respublikanın hər yerində olduğu
kimi, Binəqədi rayonunda da təbii fəlakətlərin və
fövqəladə hadisələrin qarşısını almaq və ya bu kimi
hallarda xilasetmə işinin təşkili, qısa müddət ərzində
xilasetmə qüvvə və vasitələrin hazırlığının təmin
edilməsi və s. haqqında maarifləndirmə tədbirləri
görülür. Respublikamızda xilasetmə işlərində ən müasir
texnika və avadanlıqlardan istifadə edildiyini bildirən
B.Şiriyev dövlət tərəfindən həyata keçirilən bu
tədbirlərin əhalinin etibarlı mühafizəsinin təmin
olunmasına xidmət etdiyini bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal
İsmayılov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.
Tədbirin profilaktik xarakter daşıdığını bildirən
V.İsmayılov buna baxmayaraq, bir anlıq da olsa həyəcan
yaşadıqlarını nəzərə çatdırdı. Sözügedən hadisələr
zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən
istifadə etməyin zəruriliyini diqqətə çatdıran
V.İsmayılov siniflərdə müşahidələr aparıldığı zaman
şagirdlərin mülki müdafiə biliklərinin yüksək səviyyədə
olduğunu qeyd etdi.
Tədbirdə şagirdlərin iştirakı ilə tibb manqasının
yaralıya tibbi yardım göstərilməsi, yanğın zamanı
yanğınsöndürmə manqasının üzvlərinin yanğının
söndürülməsi, əleyhqaz və sairə vasitələrdən istifadə
olunması qaydaları nümayiş etdirildi.
Niyazi RƏHİMOV |