Dünya
Kimya Olimpiadasının bir bürünc, iki qızıl mükafatçısı
Respublikamız müstəqillik qazandıqdan sonra bir çox
sahələrdə olduğu kimi, təhsil və elm sahəsində də
sürətli inkişaf getmişdir. Bu inkişafın nəticəsində
istedadlı gənclərimiz ölkəmizi beynəlxalq arenalarda
uğurla təmsil edərək üçrəngli bayrağımızı dünyanın dörd
bir yanında dalğalandırırlar. Azərbaycanımızı elm
sahəsində beynəlxalq olimpiadalarda uğurla təmsil edən
gənclərdən biri də hazırda İngiltərənin London İmperial
Kollecində (Imperial College London) doktorantura
təhsili alan Sənan Eminovdur.
Sənan 1987-ci ildə Bərdə rayonunda anadan olub. Orta
məktəbə Bərdə şəhər 3 nömrəli orta məktəbdə qədəm
qoyub. Sənan sonra təhsilini Mingəçevir Özəl Türk
Liseyində başa vurub. Hələ məktəbdə oxuyarkən kimya
fənninə olan həvəsi onu bu elmin sirlərinə dərindən
yiyələnməyə sövq edib. Elə bu həvəs də Sənanın
beynəlxalq olimpiadalarda uğur qazanmasına və gələcəkdə
böyük kimyaçı olmasına stimul verib. Qarşısına qoyduğu
məqsədə doğru daim inamla addımlayan Sənan yorulmaq
bilmədən çalışır, öz istəyinə nail olmaq üçün var
gücündən istifadə edir. Bu gərgin əməyin nəticəsidir ki,
o, artıq nəinki respublikamızda, hətta dünyanın bir çox
ölkələrində, əsasən də elmlə məşğul olan insanlar
arasında tanınır. Orta məktəbi fərqlənmə attestatı ilə
bitirən Sənan Eminov təhsil aldığı müddətdə bir çox
kimya olimpiadalarında iştirak etmişdir. 2003-cü ildə IX
sinifdə oxuyarkən kimya üzrə respublika fənn
olimpiadasında qızıl medala və həmin ilin iyul ayında
Yunanıstanda keçirilən 35-ci Dünya Kimya Olimpiadasında
bürünc medala layiq görülüb. O, 2004-cü ildə yenidən
respublika fənn olimpiadasının qalibi olmuş və həmin
ilin iyun ayında Almaniyada keçirilən 36-cı Dünya Kimya
Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək qızıl
medala layiq görülüb. 2005-ci ildə yenidən respublika
birincisi olan Sənan həmin ilin iyul ayında Tayvanda
keçirilən 37-ci Dünya Kimya Olimpiadasında qızıl medala
sahib çıxıb. Sənan Eminov beynəlxalq fənn olimpiadaları
tariximizdə ilk dəfə olaraq Tayvanda keçirilən
Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə
bölməsində ən yüksək balı topladığı üçün (229 mütləq
baldan 228 bal) mütləq birinciliyə layiq görülüb və
xüsusi mükafatla təltif olunub.
Bütün
bu uğurlardan sonra dünyanın bir çox tanınmış
universitetləri Sənanı öz təhsil ocaqlarında oxumağa
dəvət edib. Lakin Sənan Türkiyənin Orta Doğu Texniki
Universitetinə qəbul olunmuş, I kursu bitirdikdən sonra
təhsilini Almaniyanın Beynəlxalq Bremen Universitetində
davam etdirib. Universitetdə də öz çalışqanlığı və
mübarizliyi ilə seçilən Sənan bakalavr pilləsini
bitirdikdən sonra magistraturanı oxumadan birbaşa həmin
universitetin doktorantura şöbəsinə qəbul edilib.
"Bu, təkcə mənim uğurum deyil, ümumilikdə Azərbaycan
təhsilinin, müəlliminin uğurudur"
Sənanın dediklərindən:
Orta məktəbdə oxuyarkən kimya elminə xüsusi marağım var
idi. Düşünürdüm ki, qloballaşan dünyamızda bu elmə daha
çox ehtiyac var. Ölkə iqtisadiyyatının əsasını neft
sənayesi təşkil etdiyindən bu sahədə respublikamıza daha
yararlı olacağımı hesab edirdim. Bu məqsədlə kimya
fənninə daha çox vaxt ayırıb bu elmin sirlərinə dərindən
yiyələnməyə çalışırdım. Mingəçevir Özəl Türk liseyində
oxuyarkən müəllimlərimin köməyi və dəstəyi ilə
respublikamızda keçirilən fənn olimpiadalarına qatıldım.
Olimpiadalarda qalib olduqdan sonra professor Vaqif
Abbasovun başçılıq etdiyi heyətin dəstəyi ilə biz hər il
mütəmadi olaraq Dünya Kimya Olimpidalarına
hazırlaşırdıq. Bu hazırlıq mərhələsində laboratoriya
biliklərimizi artırmaq üçün Türkiyənin nüfuzlu
universitetlərində təcrübələr aparırdıq. Olimpiadalarda
respublikamızı təmsil edərkən çox həyəcanlı idim.
Çünki Azərbaycanı təmsil etmək nə qədər qürurverici olsa
da, bir o qədər də məsuliyyətli idi. Şükürlər olsun ki,
iştirak etdiyim olimpiadalarda respublikamızı şərəflə
təmsil etmişəm və sizin də bildiyiniz kimi ölkəmizə 1
bürünc, 2 qızıl medal gətirə bilmişəm. Olimpiadalarda
uğurlu çıxışlarım mənim gələcəkdə bir kimyaçı kimi
yetişməyimə xüsusi bir stimul verdi. Bu uğurlardan sonra
artıq dünyanın bir çox tanınmış universitetlərindən
təhsil almaq üçün təkliflər gəldi. Bu, çox qürurverici
idi. Əldə etdiyim uğurlarıma görə professor Vaqif
Abbasov və Mütəllim Abbasov olmaqla bütün müəllimlərimə
borcluyam. Düşünürəm ki, bu, təkcə mənim uğurum deyil,
ümumilikdə Azərbaycan təhsilinin, müəlliminin uğurudur.
İstər olimpiadalardakı uğurlarımda, istərsə də sonrakı
təhsil aldığım müddətdə Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Dövlət Neft Şirkəti tərəfindən daim maddi
və mənəvi dəstək almışam.
Olimpiadalardakı
uğurlarımdan sonra Türkiyənin Orta Doğu Texniki
Universitetinə qəbul oldum və I kursu bitirdikdən sonra
təhsilimi Almaniyanın Beynəlxalq Bremen Universitetində
davam etdirdim. Almaniyada təhsil aldığım müddət ərzində
təhsil haqqım, yaşayış və qidalanma xərclərim
universitet tərəfindən ödənilmişdir. Bakalavr təhsili
müddətində 2 il üzvi, qeyri-üzvi və analitik kimya
laboratoriyalarında professor assistenti kimi 1-ci və
2-ci kurs bakalavr tələbələrinə əlavə dərslər keçmişəm.
Bundan başqa, laboratoriyalarda kimyəvi eksperimentlərdə
həmin tələbələrə bir çox növ fərqli reaksiyalarda
assistent kimi kömək etmişəm.
Almaniyada təhsil aldığım müddətdə ilk elmi işim
"Qallotanninlərin yaşıl çayın tərkibindən ekstraksiyası"
mövzusunda idi. Həmin mövzu üzrə məqaləm dünyanın ən
reytinqli jurnallarından birində çap olunub. Bu elmi
tədqiqat işi çox sürətlə kökəlmə problemi olan "obesiti"
xəstəliyinin müalicəsi üçün dərman preparatlarının
hazırlanmasında bir başlanğıc kimi görülürdü. Çünki
yaşıl çayın tərkibində olan və qallotannin adlanan
maddələr bu xəstəliyin qarşısını almaq üçün istifadə
olunan əsas maddələrdən biri kimi qəbul olunur.
Universitetin bakalavr pilləsini yüksək nailiyyətlə
bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Böyük
Britaniyanın ən məşhur universitetləri olan Kembric,
London İmperial Kollec, London Universitet Kollec və
Mançester universitetlərindən dəvətlər aldım. Bunlardan
London İmperial Kolleci seçdim. Seçimimdə ən böyük səbəb
isə London İmperial Kollecin dünyanın ilk 10
universitetindən biri olması və həmçinin orada
aparacağım elmi tədqiqat sahəsinin dünyanın ən qlobal
problemlərindən biri olan alternativ enerji
resurslarının olması idi. Bu sahədə elmi işlərimi uğurla
davam etdirdim. Əldə etdiyim yüksək göstəricilərə görə
London İmperial Kollecin doktorantura pilləsinə dəvət
aldım. Hazırda London İmperial Kollecdə doktorantura
pilləsi üzrə təhsilimi davam etdirirəm. Elmi tədqiqat
işim, ion mayelərdən istifadə edərək biokütlənin
parçalanması və alternativ enerji mənbəyi olan platforma
kimyəvi maddələrinə çevrilməsidir. Bu elmi tədqiqat işi,
yeni nəsil bioenerjinin alınması və tətbiqini əhatə
edir. Gələcək üçün böyük ümid bəxş edən bu elmi tədqiqat
işi bir çox nüfuzlu şirkətlərin və elmi araşdırma
mərkəzlərinin diqqətini cəlb edir. Düşünürəm ki, daha
ucuz və asan yolla alınan alternativ
enerji
mənbələri başqa ölkələr üçün yox, öz ölkəmiz üçün daha
faydalı olacaqdır. Çünki hazırda tükənən neft
rezervlərindən minimum istifadə etmək və daha çox
alternativ enerji mənbələrinə üstünlük verilməsi
vacibdir. Tədqiqat işim haqqında qeyd etmək istədiyim ən
əhəmiyyətli hissə isə bu elmi tədqiqatın hazırda
tükənməkdə olan neft probleminə qarşı bir həlli yolu
olmasıdır. Çünki hesablamalara əsasən neftin hazırdakı
istifadəsinin sürəti təbiətin eyni miqdar nefti istehsal
etmə sürətindən 100.000 dəfə daha sürətlidir. Bu isə
tükənən mənbə olan neftin yaxın yüzillikdə azalmasına
gətirib çıxaracaqdır. Mənim elmi tədqiqatlarımda,
müxtəlif növ bitkilərdən istifadə edərək bioyanacaq
mənbəyi olan HMF-in (5-hidroksimetilfurfuralin)
alınmasıdır. Bu bioyanacağın enerji sıxlığı benzininkinə
çox yaxın və oktan ədədi 119-dur. Bu bioyanacaq
tükənməyən resurs olan bitkilərdən əldə edilir. Bu elmi
tədqiqatın ən vacib məqsədi enerjini tükənməyən mənbə
olan müxtəlif növ bitkilərdən almaqdır. Hazırda bu
istiqamətdə çox yüksək nəticələr əldə edilib. Yaxın
gələcəkdə bunun sənaye miqyasına daşınması gözlənilir.
Onu da qeyd edim ki, bu yaxınlarda professor Vaqif
Abbasov London İmperial Kollecə gələrək elmi işlərimizlə
tanış olub. Hazırda London İmperial Kollec ilə
Neft-Kimya Prosesləri İnstitutu arasında birgə
əməkdaşlıq danışıqları aparılır. Bu, bir azərbaycanlı
kimi məni çox qürurlandırır. Çünki dünyanın ən nüfuzlu
10 ali təhsil müəssisələrindən olan London İmperial
Kollec Azərbaycanda bir elmi institut ilə əməkdaşlıq
edir. Mən bu əməkdaşlığın gələcəkdə Azərbaycan elminə
böyük töhfələr verəcəyinə inanıram.
Düşünürəm ki, ölkəmizin dünya dövlətləri tərəfindən
tanınması vacib amillərdən biridir. Biz Azərbaycan
vətəndaşları harada olmağımızdan asılı olmayaraq bunun
üçün var gücümüzlə çalışmalıyıq. Bu məqsədlə mən də
universitetdə və digər yerlərdə təşkil olunan
tədbirlərdə mütəmadi olaraq iştirak etməyə çalışıram.
Biz ölkəmizi xaricdə təkcə təhsil, elm sahəsində deyil,
həmcinin lobbiçilik fəaliyyətimizlə də bütün dünyaya
tanıtmalıyıq. Bu sahədə işlər görən fəal
vətəndaşlarımıza dəstək olmalıyıq. Biz Azərbaycanı
dünyaya tanıtdıqca, ölkəmiz dünyaya açılan yeni bir
pəncərə olacaqdır. Biz Londonda Azərbaycanı təmsil edən
səfirlik və təşkilatların bir çox tədbirlərinə
qatılırıq. Bu tədbirlərdə azərbaycanlılarla yanaşı,
müxtəlif xalqların nümayəndələri də iştirak edir. Hər il
mütəmadi olaraq Londonda Novruz şənliyi keçirilir. Bu
azərbaycanlıların bir yerə toplaşmasına, milli
adət-ənənələrimizin təbliğinə xidmət edir. Bundan başqa
azərbaycanlı tələbələr olaraq bu yaxınlarda Londonda
Xocalı soyqırımı ilə bağlı olaraq aksiya keçirdik və çox
uğurlu alındı. İnanıram ki, biz az da olsa xarici
vətəndaşlara ermənilərin Dağlıq Qarabağda törətdikləri
vəhşiliklər barədə məlumatlar çatdıra bildik.
Doktorantura pilləsindəki təhsilimi başa vurduqdan sonra
ən böyük arzum Azərbaycana qayıdaraq Avropada əldə
etdiyim nəzəri və praktik bilikləri ölkəmizdəki gənc
kimyaçılarla bölüşüm, vətənimizdə kimya sahəsinin
inkişafında rol oynayım. Düşünürəm ki, bir vətəndaş kimi
dövlət qarşısında olan missiyamızı yerinə yetirməliyik.
Biz gənclərin əldə etdiyi bütün uğurlar məhz
dövlətimizin bizlərə göstərdiyi diqqət və qayğının
nəticəsindədir. Bizim borcumuz isə bizə olan inamı və
güvəni doğrultmaqdır. Bunun üçün biz bütün bilik və
bacarığımızı ölkəmizin inkisafı üçün yönəltməliyik.
Bizim ölkəmiz təbii sərvətlərlə zəngin bir ölkədir.
İstər yeraltı, istərsə də yerüstü sərvətlərimiz çoxdur
və demək olar ki, neft və qaz ölkəsiyik. Buna görə bizim
çox savadlı və bacarıqlı kimyaçılara və mühəndislərə
ehtiyacımız var. Çünki biz öz neftimizdən səmərəli
şəkildə istifadə etməliyik. Ən böyük arzum elm sahəsində
Azərbaycanda daha da böyük işlər görmək və ölkəmizdə
elmin daha yüksək səviyyədə inkisafını təmin etməkdir.
Çünki bu sahədə inkişaf ölkəmizi dünyada daha da çox
tanıdacaq. Hazırda ölkəmizin buna çox ehtiyacı var.
Bizim ölkəmizdə çox savadlı alimlərimiz var, niyə də elm
sahəsində Nobel mükafatı alan ikinci müsəlman bir
azərbaycanlı olmasın?
"Onun hazırcavablığı, məntiqli olması həmişə mənim
diqqətimi çəkmişdir"
Sənanın Bərdə şəhər 3 nömrəli məktəbdə ibtidai sinif
müəllimi olan Qətibə Məmmədovanın fikirlərini sizinlə
bölüşürük:
Sənana 1994-1998-ci illərdə dərs demişəm. O, ibtidai
sinifdə təhsil aldığı müddətdə özünü çalışqan,
istedadlı, bacarıqlı, əxlaqlı bir şagird kimi
göstərmişdir. Dərslərə xüsusi səylə hazırlaşmış, "əla"
qiymətlərlə ibtidai təhsilini başa vurmuşdur. Xüsusilə,
riyaziyyat, təbiətşünaslıq fənlərində çox
fərqlənirdi. Ev tapşırıqlarına çox böyük həvəslə
hazırlaşar və əlavə çalışmaları da yerinə yetirirdi.
Sinif müəllimi olaraq onun hazırcavablığı, məntiqli,
dostcanlı, mehriban və ədalətli olması həmişə mənim
diqqətimi çəkmişdir. Bütün bu xüsusiyyətləri onu
yoldaşlarından fərqləndirirdi. Sənan sinifdənkənar,
məktəbdənxaric tədbirlərdə də hər zaman fəal iştirak
etmiş, öz qabiliyyəti ilə seçilmişdir. Öhdəsinə düşən
işləri böyük bacarıq və məsuliyyətlə yerinə yetirmişdir.
İbtidai siniflərdə qazandığı bu bilik və bacarıqlar onun
gələcək illərdə də təhsil həyatının çox uğurlu
olacağını göstərirdi. Adətən, ibtidai sinif müəllimi öz
şagirdlərinin ikinci anası olur. Mən də öz övladım kimi
Sənanın gələcəkdə gözəl bir insan olaraq yetişəcəyinə
həmişə ümid etmişəm.
Bu gün də Sənanın uğurlarını eşitdikcə çox fərəhlənirəm
və bu müvəffəqiyyətin ömür boyu davam etməsini
diləyirəm.
"Sevindirici haldır ki, Sənan London İmperial Kollecində
bakalavr təhsili alan tələbələrə dərs deyir"
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor
Vaqif Abbasovun Sənan haqqında dedikləri:
Sənan dünya olimpiadalarına xüsusi hazırlıq mərkəzində
hazırlıq keçib. Həmin mərkəzi mən təşkil etmişdim. Onun
iştirak etdiyi olimpiadalarda Azərbaycan komandasının
rəhbəri də mən olmuşam. Bu dövrlərdə onun necə işgüzar,
özünə tələbkar, hətta gecələr belə yatmayaraq
çalışdığını söyləyə bilərəm. O, hətta orta məktəb
şagirdi olmasına baxmayaraq universitet proqramları
çərçivəsində belə hazırlaşırdı. Belə bir zəhmətin
bəhrəsi idi ki, Sənan 2003-cü ildə birinci dəfə
qatıldığı Afina olimpiadasında 3-cü yerə layiq görüldü.
Bundan sonra biliklərini daha da mükəmməlləşdirən Sənan
2004-cü ildə Almaniyada, 2005-ci ildə isə Tailandda
keçirilən kimya olimpiadalarının qalibi olaraq vətənə
qızıl medalla qayıtdı. O, Almaniyada ali məktəbdə
oxuyarkən yeganə tələbə idi ki, iki ixtisas üzrə diplom
aldı. Hazırda Sənan dünya üzrə reytinq cədvəlində 6-cı
yerdə olan London İmperial Kollecdə təhsilini davam
etdirir. Sevindirici haldır ki, Sənan həmin kollecdə
bakalavr təhsili alan tələbələrə dərs deyir. Sənan
dünyada ən aktual mövzulardan biri olan alternativ
enerji mənbəyinin yaradılması, yanacaq komponentlərinin
aşkara çıxarılması istiqamətində tədqiqatlar aparır. Onu
da qeyd edim ki, Sənan Eminovun London İmperial
Kollecdəki nüfuzuna görə həmin ali təhsil müəssisəsi
bizim institut ilə birgə əməkdaşlığa başlamışdır. Biz
indi həmin kolleclə 3 istiqamətdə əməkdaşlıq müqaviləsi
hazırlayırıq. Bizim institutun bir neçə əməkdaşı London
İmperial Kollecdə ixtisas kursu keçərək təhsil
alacaqlar. Onu da qeyd edim ki, ötən ilin oktyabr ayında
Bakıda keçirilən Beynəlxalq konfransda Sənan Eminov
ingilis dilində gözəl bir məruzə ilə çıxış etdi və bu
məruzə konfrans iştirakçıları tərəfindən çox yüksək
qiymətləndirildi. Sənan Eminovun ən böyük
xüsusiyyətlərindən biri də vətənə olan sevgisi, öz
xalqına olan məhəbbətidir. Dünyanın bir çox şirkət və
təşkilatları Sənanı öz müəssisələrində yüksək əməkhaqqı
ilə işlər təklif etsələr də o, vətənə qayıtmağı və öz
elmi tədqiqat işini burada davam etdirməyi düşünür.
Xalqı, dövləti üçün yaradıcı bir şəxsiyyət olmağı
planlaşdıran Sənan kimya elminin və sənayesinin
ölkəmizdə inkişafı naminə var gücü ilə çalışır. Mən çox
istəyərdim ki, Sənan kimi kadr bizim institutda çalışsın
və rəhbər vəzifələrdən birini tutsun. Bundan başqa, yeni
yaradılan Bakı Ali Neft Məktəbinə də Sənan kimi kadrın
böyük ehtiyacı olduğunu düşünürəm. Həmin məktəbdə kimya
və neft mühəndisliyi fakültələrində belə bir mütəxəssisə
ehtiyac var. Mən Sənan Eminov kimi şəxsiyyətin
yetişdirilməsində əməyim olmasından qürur duyuram. Fəxr
edirəm ki, bizim millətin Sənan kimi övladı var. Mən
deyərdim ki, Sənan son 20 ildə gənclər arasında rast
gəldiyim elm fədaisi adlandırılan insanlardan
birincisidir. O, elmi heç nəyə qurban vermir. Mən hesab
edirəm ki, Sənan gələcəkdə dünya səviyyəsində çox böyük
nüfuza malik bir alim olacaq. Mən onun təhsilində əməyi
olan hər bir şəxsə, o cümlədən Bərdə şəhər 3 nömrəli
orta məktəbin və Mingəçevir Özəl Türk liseyinin
müəllimlərinə, onu olimpiadalara hazırlayan hər bir
şəxsə xüsusi minnətdarlığımı bildirirəm. Sənan kimi
bizim gənclərimiz çoxdur, amma mən hesab edirəm ki, o
hamısından yüksəkdə durur.
"Sənan Eminov gələcəkdə Azərbaycan üçün dünya miqyasında
qəbul oluna biləcək bir alim olacaqdır"
Sənan Eminov haqqında London İmperial Kollecin kimya
fakültəsinin dekanı, professor Tom Velton bunları
söyləyib:
"Mənim Sənan Eminovla tanışlığım 3 il bundan əvvəl baş
tutub. O, həm praktik, həm də nəzəri bilikləri ilə bizim
universitetin öndə olan tələbələrindən biridir. Biz
Sənanın yüksək səviyyəli mütəxəssis olduğunu nəzərə
alaraq tədqiqat üzrə magistratura təhsilini London
İmperial Kollecdə bitirdikdən sonra universitetdə
doktoranturada saxlamaq haqqında qərar qəbul etdik.
Hazırda S.Eminov dünyada ən aktual elmi istiqamətlərdən
biri olan alternativ enerji mənbələrinin yaradılması
sahəsində tədqiqatlar aparır. Bu problemin həlli
gələcəkdə enerji probleminin həllinə yol açır. Bu tək
bizim üçün deyil, bütün dünya üçün aktual mövzudur. Bu
sahədə o çox yüksək nəticələr əldə edib və həmin
nəticələr dünyanın ən məşhur elmi jurnallarında çap
edilib. Hazırda o, tədqiqatlarını bu sahədə davam
etdirir və yüksək çıxımla biokütlədən (müxtəlif növ
bitki qalıqları) bioyanacaq alınmasına nail olub.
Əminliklə deyə bilərəm ki, yüksək biliklərinə və elmi
araşdırmalar aparmaq qabiliyyətinə malik olan S.Eminov
gələcəkdə Azərbaycan üçün dünya miqyasında qəbul oluna
biləcək bir alim olacaqdır.
Niyazi RƏHİMOV |