Dünyaca
məşhur fransız yazarı Viktor Hüqo deyirdi ki,
əməllərimiz bizi göylərə də ucalda bilər, dərin uçurumun
dibinə də ata bilər. Biz öz əməllərimizin övladlarıyıq.
Böyük alim, filologiya elmləri doktoru, professor və
mənim elmi rəhbərim Kamran İmran oğlu Əliyev məhz öz
xeyirxah əməllərinin övladıdır.
Mən Kamran müəllim haqqında əvvəlcədən çox eşitsəm də,
onun elmi yaradıcılığına müəyyən bələdçiliyim olsa da,
onunla ilk şəxsi tanışlığım prorektor işlədiyi zaman
olub. Elmi araşdırmaya meyilim olduğunu söylədim.
Tanrının xoş bir saatında Kamran müəllim də belə bir
xəbəri çoxdan gözləyirmiş kimi Hüseyn Cavid yaradıcılığı
əsasında romantik üslub və tərcümə problemləri ətrafında
araşdırma aparmağın daha uğurlu olacağını diqqətimə
yetirdi. Beləcə həmin gün Kamran müəllimin mənimlə olan
kiçik söhbəti sonrakı taleyimdə böyük dönüş nöqtəsi
oldu.
Elmi işimin mövzusunun təsdiq olunmasına Kamran
müəllimin mötəbər alim sözü xüsusi təkan verdi. Onun
gətirdiyi ciddi arqumentlər, göstərdiyi faktlar və
dəlillər elmi işimin mövzusunun yekdilliklə təsdiq
olunmasını sürətləndirdi.
Bu illər ərzində mən Kamran müəllimi daha yaxşı
tanıdım. Elmi rəhbərimin nə qədər qayğıkeş, həssas bir
ürək sahibi olduğunun dəfələrlə şahidi oldum. Kamran
müəllim hər bir dissertantının, aspirantının elmi işinin
plan-prospektinin detallarınacan işlənib
hazırlanmasından tutmuş onların nədən başlayıb nədə
qurtaracaqlarına, qoyulacaq problemlərin
aydınlaşdırılmasına, hətta hansı ədəbiyyatlardan
istifadə edəcəklərinə qədər, demək olar ki, bütün
məsələlər barədə öz məsləhətlərini əsirgəmir. Hətta
yetirmələrinin əldə edə bilmədikləri elmi ədəbiyyatları
öz şəxsi kitabxanasından gətirmək zəhmətinə də
qatlaşır.
İnsan şəxsiyyətinin tam açılmasında, məncə, birgə iş
prosesinin rolu heç nə ilə müqayisə oluna bilməz. Burada
insanlar bir-birlərini müxtəlif tərəflərdən daha yaxşı
tanıyır, öz həmkarlarının sevincinə, ağrısına şərik
olur, zaman keçdikcə isə qaynayıb-qarışır,
doğmalaşırlar. Kamran müəllim işdə nə qədər
tələbkardırsa, əməkdaşlarının üzləşdikləri hansısa
problemlərin həll olunmasında o qədər yanımcıldır. Hər
hansı bir çətinliyi olan əməkdaşların istənilən
probleminin həlli üçün Kamran müəllim dərhal müxtəlif
instansiyalara üz tutur, şəxsi nüfuzundan istifadə
edərək problemin tezliklə həll olunmasına çalışır. Onun
mənim üçün yaddaqalan ən ümdə keyfiyyətlərindən biri
qeyri-adi dərəcədə uzaqgörənlik bacarığına sahib
olmasıdır. Kamran müəllimin məsləhətləri, tövsiyələri
həyatımın sonrakı səhifələrinin ən gərgin anlarında da
köməyimə çatmışdı.
Kamran müəllimin 60 ildə keçdiyi yol heç də hamar
olmayıb. Kamran Əliyev 1953-cü il mart ayının 5-də
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Diyadin
kəndində doğulub. Beş yaşında dərsə gedib. 1969-cu ildə
Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat
fakültəsinə daxil olub və 1974-cü ildə oranı fərqlənmə
diplomu ilə bitirib.
Beşillik tələbəlik illəri Kamranın qəlbində silinməz
izlər buraxır. Kamran hələ universitetdə oxuyarkən
müəllimlərin əksəriyyəti onun haqqında yüksək fikirdə
olublar. Hətta ADU-nun ədəbiyyat kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Abbas Zamanov
Kamran Əliyevin diplom işi haqqında "Ədəbiyyat və
incəsənət" qəzetinin 1974-cü il 6 iyul tarixli
nömrəsində məqalə çap etdirir. Abbas Zamanov yazır:
"Kamran Əliyev diplom işini 20-ci və 30-cu illərdə
qızğın fəaliyyət göstərən Mustafa Quliyevin
ədəbi-tənqidi görüşləri mövzusuna həsr etmişdir. O, səbr
və inadla axtarışlar aparıb M.Quliyevin bütün əsərlərini
mövzularına görə qruplaşdırmış, tədqiq etmiş, həmçinin
ədibin müxtəlif zamanlarda Azərbaycan və rus mətbuatında
çıxan məqalələrinin biblioqrafiyasını düzəldib diplom
işinə əlavə kimi vermişdir.
Diplom işindən alınan xoş təsir göstərir ki, K.Əliyev
universitetdə təhsil aldığı müddətdə müəyyən mövzuda
tədqiqat aparmaq, elmi və bədii əsəri təhlil edib
orijinal nəticələrə gəlmək, öz elmi fikirlərinin
arasında məntiqi rabitə yaratmaq vərdişi əldə edə
bilmişdir. Əlbəttə, bu, fərəhləndirici haldır".
Hər qanadla da uzağa uçmaq olmur, o baxır uçmaq üçün
qanadı kimdən almısan. Bizə belə gəlir ki, K.Əliyevə bu
qol-qanadı professor Abbas Zamanov verib və bu dahi
insan öz tələbəsini həyat səmasının ənginliklərinə
uçurdub. K.Əliyev də ustadının haqq-sayını heç vaxt
itirməyib. Abbas Zamanovun adı gələndə ayağa durub, bu
böyük şəxsiyyətin pak ruhu önündə ehtiramla baş əyib və
onun həyat və yaradıcılığı haqqında "Abbas Zamanov
olmasaydı" kitabını yazıb.
Kamran müəllim universiteti bitirdikdən sonra iki il
təyinatı üzrə işləyir və elmi araşdırmalara, tədqiqat
işlərinə olan sonsuz marağı onu Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasına gətirib çıxarır. Gənc alim professor
Kamal Talıbzadənin elmi rəhbərliyi ilə "XX əsr
romantiklərinin ədəbi-nəzəri görüşləri" mövzusunda
namizədlik dissertasiyası müdafiə edir.
Bu tədqiqat əsəri XX əsr Azərbaycan ədəbiyyatının bir
sıra mühüm məsələlərini dərindən öyrənməyə imkanlar
açır. Dissertasiyada az tədqiq olunmuş mühüm məsələlərə
daha çox diqqət yetirilmişdi. Kamran Əliyevin 1985-ci
ildə kitab kimi çap olunan "XX əsr romantiklərinin
ədəbi-nəzəri görüşləri" əsəri orijinal elmi fikirlərə
görə romantizm barədə sonrakı araşdırmalara örnək
olmuşdur. Hətta belə demək olar ki, Kamran müəllimin "XX
əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar
sistemi" mövzusunda doktorluq dissertasiyası işləməsinin
də səbəbi məhz elə həmin tədqiqatdır. Lakin onun
doktorluq dissertasiyası müdafiə etməsi də o qədər asan
olmadı.
Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
elmi işçisi Kamran Əliyevin filologiya elmləri doktoru
alimlik dərəcəsi almaq üçün təşkil olunmuş müdafiə 26
yanvar 1990-cı il tarixində olacaqdı. Lakin həmin gün
müdafiə olmadı və ola da bilməzdi. Çünki 19-20 yanvarda
Bakıda qanlı hadisələr baş vermişdi.
Kamran müəllimin "XX əsrin əvvəlləri Azərbaycan
romantizminin obrazlar sistemi" mövzusunda doktorluq
dissertasiyasının müdafiəsi fevral ayının 16-da oldu.
Müdafiə müvəffəqiyyətlə keçirildi və Kamran Əliyevə
filologiya elmləri doktoru adı verildi. Lakin
bədxahların gözü bunu götürmədi. Ona hər tərəfdən mane
olmağa çalışdılar. Kamran müəllim 1990-cı il oktyabr
ayının 24-də Moskvada dissertasiyanı yenidən müdafiə
etdi.
Kamran Əliyev inamlı alimdir. O, elmi axtarışlarının,
kəşflərinin inamında yaşayır. Bu inam onu ən yüksək
zirvələrə qaldırdı. Bu zirvədən baxanda onun mötəbər və
möhtəşəm ziyalılığını görürük. Bu ziyalılığı
səciyyələndirən əsas stimul yazmaqdır, özü də dərindən
yazmaqdır.
"XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri" (1985), "Hüseyn Cavidin şəxsiyyəti və
poetikası" (1997), "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər"
(1998), "Cavid möcüzəsi" (2002), "Azərbaycan
romantizminin poetikası" (2002), "Azərbaycan
romantizminin nəzəriyyəsi" (2006), "Romantizm və
folklor" ( 2006), "Teoriya Azerbaydjanskoqo romantizma"
(2006), "Hüseyn Cavid: həyatı və yaradıcılığı" (2008),
"Abbas Zamanov olmasaydı" (2011), "Eposun poetikası:
"Dədə Qorqud" və "Koroğlu" (2011), "Tənqidin poetikası"
(2012), "Ədəbiyyat tarixinə bir baxış" (2013),
"Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar" (2013)
monoqrafiyalarında ifadə olunan fikirlərin nə qədər
faydalı olduğunu ədəbiyyatşünaslar özləri yaxşı
bilirlər.
Ədəbiyyatşünaslığa xidmət əzmilə yazıb-yaradan professor
K.Əliyev eyni zamanda Naxçıvan Dövlət Universiteti
nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının,
Folklor İnstitutunun Elmi Şurasının, Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Hazırda Azərbaycan MEA
Folklor İnstitutunda Folklor və yazılı ədəbiyyat
şöbəsinin müdiridir.
Kamran Əliyevin şəxsiyyətindən danışarkən onu yalnız
bir alim kimi xarakterizə etmək də düzgün yanaşma
olmazdı. O, gözəl ailə başçısı, yüksək elm təşkilatçısı,
peşəkar nasir, fəal ictimai xadim, hər zaman
tələbələrinə, doktorant və dissertantlarına, bir sözlə,
köməyə ehtiyacı olan, elmi fəaliyyətə qədəm qoyan hər
bir insana qayğıkeşliklə yanaşan bir azərbaycanlı
vətəndaşdır.
Bu günlərdə dəyərli müəllimim, çox sevdiyim Kamran
müəllimin anadan olmasının 60 ili tamam olur.
Kamran Əliyev elmi-ədəbi aləmdə qazandığı uğurlara,
ictimai həyatdakı fəaliyyətinə, nüfuzuna və yaşadığı
ömür yoluna görə bu gün öz 60 illik yubileyini könül
xoşluğu və böyük məmnunluqla qeyd etməyə layiq olan
Azərbaycan ziyalısıdır.
Dəyərli alimimizi 60 illik yubileyi münasibəti ilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
ailə xoşbəxtliyi, işlərində və elmi yaradıcılığında
yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Ülviyyə RƏHİMOVA,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri |