Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Azərbaycan təhsilinin uğurları

 

Beynəlxalq riyaziyyat olimpiadalarının 3 qızıl, 1 gümüş və 1 bürünc mükafatçısı 

Cəfər   Cəfərov  1989-cu  il  avqust ayının 18-də  Ağdaş rayonunun Ləki kəndində anadan olub.  İlk təhsilini Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbində  alıb.  2002-ci ildən  təhsilini Ağdaş Özəl Türk Liseyində  davam etdirib. Elə həmin il liseyin  fənn olimpiadalarına hazırlıq qrupuna  seçilən  Cəfər  2004-2007-ci illərdə  riyaziyyat üzrə  respublika və beynəlxalq fənn olimpiadalarında iştirak edərək  böyük uğurlar qazanıb. O, ayrı-ayrı  ölkələrdə keçirilmiş  bilik yarışlarında  3 qızıl,  1 gümüş  və 1 bürünc, respublika fənn olimpiadalarında  2 qızıl, 1 gümüş və 1 bürünc  mükafata layiq görülüb. 2007-ci ildə  Türkiyənin  Boğaziçi Universitetinin  riyaziyyat fakültəsinə  qəbul olunub. Tələbə mübadiləsi  proqramı çərçivəsində 4-cü kursu  ABŞ-ın  Miçiqan  Dövlət  Universitetində  (Michigan State University)  bitirərək   hər iki universitetin diplomunu alıb. Hazırda ABŞ-ın  Stanford  Universitetində  (Stanford University) doktorantura təhsili alır.

Cəfərovlar  ailəsində böyüyən Ziya və ondan iki yaş  kiçik  qardaşı  Cəfər hələ  lap kiçik  yaşlarından  çox zehinli,  diqqətli   olmaları,   ağıllı davranışları ilə seçiliblər. Onların valideynləri  ziyalı olmasalar da  təhsilə, savada böyük önəm verir,  övladlarını  geniş dünyagörüşünə malik,  hərtərəfli inkişaf etmiş şəxsiyyətlər kimi  yetişdirməyə çalışırdılar. Uşaqların daha yaxşı  təhsil alması məqsədilə  ailə 1996-cı ildə Mingəçevir şəhərinə köçüb.  Həmin il Cəfər 1-ci sinfə gedib və 6-cı sinfə  qədər Mingəçevir  şəhər 9 nömrəli  tam orta məktəbində təhsil alıb.  Cəfər  təhsil aldığı ilk illərdən  riyaziyyat  fənninə böyük maraq göstərib. Bu sahədə  xüsusi qabiliyyətə, bacarıq və istedada malik olduğunu aşkarlayan müəllimləri  ona liseyə  qəbul imtahanlarında  iştirak etməyi və təhsilini orada davam etdirməyi məsləhət görüblər.  Cəfər 2002-ci ildə  Ağdaş Özəl Türk Liseyinə qəbul olunub.

Yeri gəlmişkən  qeyd edək ki, yarandığı 20 ildən artıq  bir müddət  ərzində  Azərbaycan - Türkiyə Özəl Liseylərinin  şagirdləri öz bilik və bacarıqları  ilə ölkəmizi  həm bölgədə, həm də dünyada  şərəflə təmsil edirlər. Artıq sayı 500-ü keçən  beynəlxalq  fənn  olimpiada  medalları ilə,  dünyanın  dörd  tərəfində  məşhur  universitetlərdə aldıqları təhsillə, qazandıqları ixtisaslarla,  elmi dərəcələrlə, ən başlıcası  milli və  ümumbəşəri  əxlaqi  dəyərlərə sahib olmaları ilə vətənə,  xalqa, dövlətə, onu təmsil edən  Prezidentə  sədaqətləri ilə fərqlənir  və  təqdir edilirlər.

Bu liseylərin məzunları hazırda dünyanın beş qitəsində, 30-dan çox  ölkənin ən məşhur ali məktəblərində bakalavr və magistr təhsili alır,  məzun olanlar isə  həm Azərbaycanda, həm də  dünyanın müxtəlif ölkələrində onun tərəqqisi, inkişafı üçün çalışırlar. "Çağ"  Öyrətim  İşlətmələri Şirkətinin təhsil müəssisələrinə daim böyük  diqqət  və qayğı  göstərən  Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyev  bu barədə deyir: "Mən görürəm ki, orada  təhsil alan gənclər dünyada keçirilən olimpiadalarda,  başqa müsabiqələrdə yüksək yerlər tuturlar  və çox  gözəl təhsil alırlar. Mən bunu bəyənirəm və dəstəkləyirəm. Bu, çox yaxşı  işdir.  "Çağ" Öyrətim  burada çox böyük  işlər  görür və mən bu fəaliyyətdən çox razıyam".

Şirkətin  ümumi təhsil müəssisələrindən biri olan Ağdaş Özəl  Türk Liseyinin məzunlarından 45 nəfəri Tələbə Qəbulu üzrə  Dövlət  Komissiyasının  keçirdiyi qəbul imtahanlarında 600-700 arası bal toplamış, 3 nəfər Prezident təqaüdünə   layiq görülmüşdür.

Beynəlxalq fənn  olimpiadalarında mükafata  layiq  yer tutmuş  17 nəfərdən 3 nəfəri qızıl, 9 nəfəri gümüş, 5 nəfəri bürünc medal qazanmışdır.  Respublika  fənn olimpiadalarında  3 nəfər birinci, 4 nəfər ikinci, 12 nəfər  üçüncu yerləri tutmaqla  19 nəfər fərqlənmişdir. 

Uğurlara aparan yol

 Cəfər  bilik yarışlarında ilk uğurunu 6-cı  sinifdə oxuyarkən qazanıb. Həmin il Mingəçevir  Özəl Türk Liseyinin ətraf  şəhərlərin 6-cı  sinif  şagirdləri arasında təşkil etdiyi riyaziyyat fənni üzrə olimpiadada Cəfər  yaşıdlarından böyük fərqlə seçilib və birinci yeri tutub.

Aqillərdən hansısa  deyib:  "İnsan öz istedad və potensialını tapıb ona uyğun hərəkət etdikdə, ona bəslədiyi  istək  səbəbilə öz məqsədinə çatır". Məhz bu qələbə - elmin  zirvələrinə doğru  aparan cığırda  qazanılan  bu ilk uğur  Cəfərin  maraq dairəsini, gələcək inkişafını, fəaliyyət sahəsini, ömür yolunu  müəyyən edib.

Cəfər Ağdaş Türk Liseyinə qəbul  olunduğu  ilk günlərdən  bu sahədəki  fitri istedadı ilə   müəllimlərin diqqətini cəlb edib və elə həmin il o, fənn olimpiadalarına hazırlıq qrupuna seçilib. Bir az  sonra isə bu istedadlı oğlan növbəti seçim turlarından da müvəffəqiyyətlə keçib. 2003-cü ildən başlayaraq  artıq o, Bakı Özəl Türk Liseyində tanınmış riyaziyyatçı  alimlərin apardığı  olimpiadaya hazırlıq məşğələlərində iştirak edib. Cəfər burada da  yüksək intellektə,  heyrətamiz  riyazi təfəkkürə malik şagird kimi tanınır və  alimlərin diqqətini cəlb edir. İstedadlı şagirdləri olimpiadaya hazırlayan  Bakı Dövlət Universitetinin  professoru  Nazim Kərimov, dosent Rafiq Quliyev, Yaqub Əliyev  və digər alimlər Cəfərin  bu çətin elmin sirlərinə dərindən yiyələnməsinə  çalışır, dəyərli məsləhətlər verir, zəruri ədəbiyyatları oxumağı tövsiyə edir, onun gələcəkdə  bilik yarışlarında  qarşılaşacağı çətin tapşırıqların  öhdəsindən gələ bilməsi üçün əllərindən gələni əsirgəmirlər.

Cəfər də əldə etdikləri ilə kifayətlənmir, daim  öz üzərində çalışır, bilik və bacarıqlarını daha da  artırmağa can atır, müəllimlərinin bütün göstərişlərinə  dəqiqliklə əməl edərək  yeni-yeni uğurlar qazanmaq məqsədilə var-qüvvəsini səfərbər edir. Bunun nəticəsidir ki, Cəfər Cəfərov 2004-2007-ci illərdə  riyaziyyat fənni üzrə keçirilən respublika və beynəlxalq  olimpiadaların demək olar ki, hamısında iştirak edib və  uğur qazanaraq  doğma təhsil ocağına alnıaçıq, üzüağ  qayıdıb.

 Cəfər   2005-ci ildə   doqquzuncu sinifdə oxuyarkən  Meksikanın Merida  şəhərində  keçirilən  Beynəlxalq Riyaziyyat Olimpiadasında  iştirak edərək  həvəsləndirici  sertifikatla  təltif olunub. Növbəti  beynəlxalq yarışlar onun üçün daha uğurla başa çatıb.

2006-cı ilin yanvar ayında Qazaxıstanın   Almatı şəhərində  keçirilən Beynəlxalq  Jautikov riyaziyyat və fizika olimpiadasında (Mathematics and phisics olympiad) 14 ölkənin yuxarı sinif şagirdləri iştirak edirdi. Bu bilik yarışında Cəfər Cəfərov ən yüksək nəticə göstərərək  qızıl medal qazanmaqla  yanaşı, həm də  "Birincilərin birincisi"  ("First  of first") adına layiq görülüb.

 Elə həmin ilin iyul ayında Sloveniyada  təşkil edilən, 90 ölkənin məktəblilərinin təmsil olunduğu  46-cı  Beynəlxalq Riyaziyyat Olimpiadasının da iştirakçısı olan Cəfər bu bilik  yarışının  gümüş mükafatçısı adını qazanıb.

2007-ci ildə  20 ölkənin  məktəblilərinin  iştirak etdiyi Beynəlxalq Jautikov  riyaziyyat  və fizika olimpiadasında  (Qazaxıstan, Almatı) Cəfər yenidən qızıl medal əldə edib. 

Azərbaycan məktəbliləri ilk dəfə olaraq  Beynəlxalq  Balkan Riyaziyyat  Olimpiadasına (İnternational  Balkan Mathematics Olympiad)  2007- ci ildə qatılıblar. May ayında  Yunanıstanın Rodos şəhərində  keçirilən bu bilik yarışında  İngiltərə, Almaniya, İtaliya, Serbiya, Türkiyə, Rumıniya,  Bolqarıstan  kimi riyaziyyat olimpiadalarında həmişə öndə gedən 14 ölkənin məktəbliləri iştirak edirdi. Cəfər Cəfərov burada da Azərbaycan təhsilini layiqincə təmsil  edərək   olimpiadanın qızıl medalını  qazanıb.

Həmin ilin iyul ayında Vyetnamda keçirilmiş  47-ci Beynəlxalq Riyaziyyat  Olimpiadasının da iştirakçısı olan  Cəfər daha bir  uğura imza ataraq bürünc medalla  mükafatlandırılıb.

Bütün bunlarla yanaşı, Cəfər 2004-2007-ci illərdə məktəblilərin respublika fənn olimpiadalarında da fəal iştirak edib. O, 2004-cü ildə  səkkizinci  sinifdə  oxuyarkən  doqquzuncuların   bilik  yarışına qatılaraq bürünc medal qazanıb. 2005-ci  ildə  gümüş (IX sinif) 2006 və 2007-ci  illərdə  (X və XI siniflər) isə ardıcıl olaraq  qızıl medalların sahibi olub.

Cəfər Cəfərov  2007-ci ildə   Türkiyə  Respublikasının  keçirdiyi  YÖS (Türkiyədə qəbul imtahanı) imtahanında 80 sualın hamısına düzgün cavab yazaraq  birinci olub və bakalavr təhsili almaq üçün  Boğaziçi Universitetinin riyaziyyat fakültəsini seçib. Universitetdə oxuduğu müddətdə Cəfər  Azərbaycana tətilə gələrkən bir qayda olaraq  vaxtını iki  hissəyə ayırıb.  Tətilin müəyyən  günlərini  doğulub boya-başa çatdığı  Ləki kəndində   ailəsi ilə birlikdə keçirdikdən sonra  Azərbaycanı  nüfuzlu  bilik yarışlarında təmsil  edəcək  şagirdlərlə məşğul olub. O, Bakı Özəl  Türk Liseyində və  təbiət qoynunda təşkil edilən düşərgələrdə  olimpiadaya hazırlıq məqsədilə keçirilən  məşğələlərdə iştirak edib, öz  bilik və təcrübəsini  məktəblilərlə  bölüşərək onlara dəyərli məsləhətlər  verib. Qeyd etmək  lazımdır ki, Cəfər  tələbəlik illərində,  buradan uzaqlarda olanda da daim doğma vətəninə  xidmət etmək  məqsədilə yollar arayıb-axtarıb.  O, həmin dövrdə Beynəlxalq Riyaziyyat Olimpiadasının Təşkilat Komitəsinə  özünün tərtib etdiyi  yeni məsələləri  təqdim edərək  orada  Azərbaycanın  təmsil olunmasına  çalışıb.

Təsadüfi deyil ki,  Cəfər Cəfərov  2011-ci ildə  Türkiyədə keçirilən  Beynəlxalq  Balkan  Riyaziyyat  Olimpiadasının  Təşkilat Komitəsinə   dəvət edilmiş, komitənin sualların  seçilməsi və alternativ həllərin  təqdim olunması  komissiyasının  üzvü olmuşdur.

2011-ci ildə  tələbə mübadiləsi  proqramı çərçivəsində  təhsilini ABŞ-ın   Miçiqan  Dövlət Universitetində davam etdirib. Burada olduğu  müddətdə doktorantura təhsili almaq üçün zəruri olan imtahanlara girdikdən sonra bir neçə universitetə müraciət edib. 2012-ci ildə bakalavr təhsilini tamamlayıb və hazırda ABŞ-ın Stanford  Universitetinin riyaziyyat fakültəsində  doktorantura təhsilini davam etdirir. 

"Cəfər təhsil haqqı ödəmirdi, şirkət qazandığı uğurlara görə ona illik pul mükafatı da verirdi" 

Rafiq İsgəndərov, Ağdaş Özəl Türk Liseyində müdir müavini:

- Cəfər çox qabiliyyətli, qeyri-adi istedada malik bir uşaq idi. Bu barədə yəqin ki, artıq danışmağa dəyməz. Mən onun bir şagird kimi digər müsbət xüsusiyyətlərini diqqətə çatdırmaq istərdim.

Cəfər həddindən artıq məsuliyyətli, nizam-intizama dəqiq riayət edən şagirdlərdən biri idi. İş rejimi çox gərgin idi, tez-tez xarici ölkələrdə səfərlərdə olurdu, Bakıda olimpiadaya hazırlıq qrupunun məşğələlərində iştirak edirdi. Buna baxmayaraq, rayonda olduğu müddətdə bircə dərsdən də yayınmır, bütün fənləri eyni dərəcədə öyrənirdi, riyaziyyatla digər fənlər arasında heç bir fərq qoymurdu.

Davranışında da çox sadə idi. Kənardan baxanın heç ağlına da gəlməzdi ki, bu oğlan dünyanın bir neçə ölkəsində olub, məşhur şəhərləri gəzib, ən mötəbər bilik yarışlarında iştirak edib, ən önəmlisi isə bu yarışların qalibi olub.

Yoldaşları ilə səmimi davranırdı. Onlarla həmişə sıx ünsiyyətdə olmağa çalışır, imkan tapanda asudə vaxtlarını dostları ilə keçirirdi. Hiss olunurdu ki, sinif yoldaşları ilə səmimi dostluq münasibətlərini daim qoruyub saxlamaq istəyir.

Liseydə təhsil ödənişli olsa da Cəfər bütün fənlərdən göstərdiyi nəticələrə görə təhsil haqqından azad idi, hələ üstəlik, olimpiadalarda qazandığı uğurlara görə şirkət ona illik pul mükafatı da verirdi.

2006-cı ildə Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov riyaziyyat və fizika olimpiadasında Cəfər Cəfərov 14 ölkədən gəlmiş şagirdlər arasında ən yüksək göstərici ilə qızıl medal qazanmışdı və "Birincilərin birincisi" adına layiq görülmüşdü. Bu münasibətlə Ağdaş rayonundan seçilmiş Milli Məclisin deputatı  Çingiz Əsədullayev ona kompüter hədiyyə etmişdi. Qeyd edim ki, ümumiyyətlə, hər əhəmiyyətli qələbədən sonra rayon rəhbərliyi Cəfəri şəxsən dəvət edib onunla görüşməyi özünə borc bilirdi. 

"O, fitri istedad sahibidir" 

Rəcəb Cəbrayılov, (Cəfərin oxuduğu illərdə) Ağdaş Özəl Türk Liseyində olimpiadaya hazırlıq qrupunun müəllimi:

- Mən liseydə bir neçə il Cəfəri və onun kimi bacarıqlı şagirdləri olimpiadaya hazırlamışam. Cəfər hədsiz istedadlı uşaq idi.

O vaxt atası Şahin hər iki oğlu ilə birlikdə liseyə gəlmişdi. Əslində o, burada böyük oğlu Ziyanı oxutmaq fikrindəydi. Biz Cəfərlə söhbətdən sonra onun çox zehinli uşaq olduğunu öyrəndik.  Atası maddi baxımdan tərəddüd etsə də müəllimlərin təkidindən sonra Cəfərin də liseydə təhsil almasına razılıq verdi. Onunla bir neçə dəfə şahmat oynayandan sonra başa düşdüm ki, Cəfər sadəcə dərin bilikli, savadlı uşaq deyil, o, əsl fitri istedad sahibidir.

Olimpiadaya hazırlıq qrupunda şagirdlər, adətən, dərs proqramında olmayan, ali məktəb səviyyəsində tapşırıqlar üzərində işləyir, çox çətin misal və məsələlərin həlli yollarını tapmağa çalışırlar. Hər dəfə belə tapşırıq veriləndə Cəfər onu müəllimlərin köməyi olmadan özü yerinə yetirməyə çalışırdı. O, bu misalları məndən 2-3 dəqiqə tez həll edirdi.

Bu qabiliyyətli oğlan 8-ci sinifdə oxuyanda doqquzuncu siniflərin respublika fənn olimpiadasında iştirak etdi və mükafata layiq yer tutdu. Hazırlıq qrupunda Cəfərdən başqa qardaşı Ziya və digər istedadlı şagirdlər də var idi. 2-3 sinif yuxarı oxusalar da onlar bilmədiklərini həmişə Cəfərdən soruşurdular.

Cəfərə dərs deyən bütün müəllimlər kimi mən də onunla fəxr edir və inanıram ki, bu istedadlı gənc getdiyi hər yerdə öz xalqının adına şərəf  gətirəcək. 

"XI sinifdə oxuyarkən  olimpiadaya hazırlıq qrupunun məşğələlərində IX sinif şagirdlərinə  dərs keçirdi" 

Fuad  Qarayev, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin olimpiada koordinatoru:

- Mən Cəfər Cəfərovu  7-ci sinifdən tanımışam. O, çalışqanlığı, səbrli, güclü  iradəyə sahib olması ilə  yoldaşlarından  çox fərqlənirdi.  Qarşıya qoyduğu məqsədə çatmaqda  israrlı idi.  Tərbiyəli, mədəni və həddindən artıq  səmimi olduğundan  yoldaşlarının  böyük hörmətini qazanmışdı. Cəfər XI sinifdə oxuyarkən  olimpiadaya hazırlıq qrupunun  məşğələlərində IX sinif şagirdlərinə  dərs keçirdi.  Doqquzuncular ona hörmətlə yanaşır, adını çağıranda "Cəfər müəllim"  deyir,  danışanda   "siz" deyə müraciət edirdilər. O, liseydə  oxuduğu müddətdə müəllimlərinin də sevimlisi idi.  Onlar həmişə Cəfəri  digər şagirdlərə nümunə göstərirdilər. O,  riyaziyyatla  digər fənlərə fərq qoymamaqla,  bütün dərslərə məsuliyyətlə  yanaşmaqla  müəllimlərinin  rəğbətini qazanmışdı. Cəfər, ümumiyyətlə, gününü təkcə  dərs oxumaqla məhdudlaşdırmırdı, ictimai işlərdə fəal iştirak edir, dərsdənkənar asudə  vaxtlarında  kinoteatrlara,  rəsm  sərgilərinə  getməyi xoşlayırdı.  İdmanla da müntəzəm olaraq məşğul olmağa  çalışır, gözəl futbol, stolüstü  tennis oynayırdı. Liseydə həm də güclü şahmatçı kimi tanınan Cəfər  bu oyunda xüsusi istedad nümayiş etdirirdi.

Mən Cəfərin bütün  müəllimləri  adından uzaq Amerikada  ona təhsilini  müvəffəqiyyətlə  başa vurmağı  arzulayıram. Gələcəkdə  yeni-yeni uğurlarının sorağını eşidəcəyimizə ümid edirəm.  

"Müxtəlif ölkələrin alim və mütəxəssisləri də Cəfərin heyrətamiz riyazi biliyə malik olmasını dəfələrlə söyləyiblər" 

Rafiq  Quliyev, Baki Dövlət Universitetinin dosenti:

- Riyaziyyat fənni üzrə  beynəlxalq  olimpiadalarda respublika komandasının rəhbəri və respublika  olimpiadalarının münsiflər heyətinin  sədri kimi mən Cəfər Cəfərovu lap uşaq yaşlarından tanıyıram. O, dəfələrlə  Bakı Dövlət Universitetində keçirdiyimiz seçim turlarının qalibi olaraq  məktəblilərimizi dünyanın bir  çox  ölkələrində layiqincə təmsil etmişdir.

Qeyd etmək lazımdır ki,  olimpiadalarda, xüsusilə də beynəlxalq bilik  yarışlarında iştirakçılar çox çətin tapşırıqların öhdəsindən gəlməli olurlar. Buna görə də  öz  ölkələrində  bir neçə mərhələdən sonra  qalib kimi seçilərək  beynəlxalq  yarışlara vəsiqə  qazanan şagirdlərin  əksəriyyəti bəzən heç final turuna da keçə bilmir. Cəfərin  Yunanıstan,  Sloveniya, Qazaxıstan, Meksika  və Vyetnamda keçirilən beynəlxalq  riyaziyyat olimpiadalarında çox yüksək  göstəricilərlə qalib  olması  onun doğrudan da, heyrətamiz riyazi biliyə, fitri istedada malik olmasını bir daha sübut edir. Bu fikri iştirak etdiyimiz beynəlxalq olimpiadalarda  dünyanın müxtəlif ölkələrindən gəlmiş alim və mütəxəssislər də dəfələrlə söyləyiblər.

Mən onun bütün uğurlarına sevinmişəm. Hər dəfə fəxr etmişəm ki, Azərbaycanda  belə istedadlı, savadlı gənclər yetişir. Mən hazırda  Amerika Birləşmiş Ştatlarının  Stanford Universitetinin doktorantı olan Cəfərə gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram. İnanıram  ki, o, riyaziyyat sahəsinin görkəmli mütəxəssisi kimi yetişərək öz ölkəsinə böyük fayda gətirən layiqli vətəndaş olacaqdır. 

"Stanford Universitetində Azərbaycan gənclərini ləyaqətlə təmsil etməyi özümə borc biləcəyəm" 

Cəfər Cəfərov: - Mən bu günədək həyatda qazandığım uğurlara görə çox insana borcluyam. İlk nöbbədə valideynlərimə minnətdarlığımı bildirirəm. Çünki onlar övladlarının yaxşı təhsil alması üçün əllərindən gələn hər şeyi ediblər. Bizə hər bir işdə dayaq və dəstək olublar. Hətta öz rayonlarından, doğma ev-eşiklərindən köçməkdən belə çəkinməyiblər.

Həyatda uğur qazanmaq üçün mütləq hansısa çətinliklərə dözmək, fədakarlıq etmək lazım gəlir. Ağdaş Özəl Türk Liseyində oxuyanda həm gündəlik dərslərə, həm də olimpiadalara yüksək səviyyədə hazırlaşmağa çalışdığımdan, vaxtım çatmadığına görə aylarla evə gedə bilmirdim. Valideynlərim  bir-iki dəfə narazılıqlarını bildirsələr də sonra bu vəziyyətlə barışdılar və evə gəlməyimi israr etmədilər. Mən Türkiyədə universitetdə oxuyanda da tətilin bütün günlərini onlarla keçirmirdim. Onlar yenə də mənim həyatıma müdaxilə etməyərək hər şeyi öz öhdəmə buraxdılar.

Mən ilk təhsilimi Mingəçevir şəhərindəki  9 nömrəli tam orta məktəbdə almışam. Riyaziyyat fənninə marağım bu məktəbdə oxuduğum illərdən başlayıb. Məhz bu təhsil ocağının müəllimləri məni kəşf ediblər. Buna görə onlara hədsiz minnətdaram.

Ağdaş Özəl Türk Liseyinin pedaqoji kollektivi də mənə həmişə doğma valideynlərim kimi böyük diqqət və qayğı göstərib. Liseyə gələn gündən onlar mənim bacarıq və qabiliyyətimin inkişafı üçün böyük səy göstərib, bu məqsədlə əllərindən gələni əsirgəməyiblər.

Mən bir neçə beynəlxalq fənn olimpiadasından vətənə böyük uğur qazanaraq qayıtmışam. İştirak etdiyim respublika fənn olimpiadalarının da qalibi olmuşam. Məhz bu nailiyyətlərdən sonra ali təhsilimi riyaziyyat sahəsində almaq qərarına gəldim. Olimpiadalara hazırlıq ərəfəsində Bakı Dövlət Universitetinin professoru Nazim Kərimov, dosent Rafiq Quliyev mənə çox böyük əmək sərf edirdilər. Mən bu olimpiadalardakı nailiyyətlərimə görə onlara, eləcə də şirkətin olimpiada koordinatoru Fuad Qarayevə və bütün müəllimlərimə minnətdarlığımı bildirirəm.

Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi şagirdlərin  beynəlxalq bilik yarışlarında iştirakına həmişə  böyük dəstək göstərib və bu işə  xüsusi  diqqət  yetirib. Buna görə təhsil naziri Misir Mərdanova və nazirliyin əməkdaşlarına təşəkkürümü bildirirəm.

Mən bilirəm ki, bu insanların köməyi, dəstəyi, diqqət və qayğısı olmasaydı, qazandığım uğurların heç biri olmazdı.  Ona görə də  mümkün olduqca  ailəmin, müəllimlərimin ümidlərini  doğrultmağa çalışacağam,  Stanford Universitetində  Azərbaycan gənclərini ləyaqətlə təmsil etməyi özümə borc biləcəyəm.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov