Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

AMİ-nin Şamaxı filialında bayram tədbiri

 

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Novruz bayramı ilə əlaqədar  təntənəli bayram şənliyi keçirildi. Tədbiri giriş sözü ilə açan  filialın direktoru  Tünzalə Yusifova bayram iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu günlər milli müstəqilliyinə qovuşmuş vətənimizin hər bir guşəsində bayram əhvali-ruhiyyəsi duyulmaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etməkdə olan ölkələri cərgəsindədir. İqtisadiyyatı güclənən dövlətimizin hərbi qüdrəti, beynəlxalq aləmdə siyasi nüfuzu durmadan artır. Milli adət-ənənələrimiz, milli mənəvi dəyərlərimiz dövlət tərəfindən qorunur, yaşadılır. Xalqımızın özü qədər qədim olan Novruz sülh, əmin-amanlıq, bolluq, xeyir-bərəkət bayramıdır. Bu bayramın bir özəlliyi də vardır ki, gənclər yaşlıların, tənha insanların ziyarətinə gedir, küsülülər barışır, hamı bir-birinə xoşbəxtlik diləyir.

Bayram tədbirində vurğulandı ki, Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edən ölkə başçısı cənab İlham Əliyev xalqımızı əmin edir ki, müstəqil Azərbaycan Respublikası öz suverenliyini qorumaq əzmindədir, biz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcək, Novruz tonqallarını Şuşada alovlandıracağıq.

Sonra T.Yusifova Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor, Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının adından da tədbir iştirakçılarını təbrik etdi və onun bayram münasibəti ilə xoş arzularını, səmimi salamlarını çatdırdı. O, hər kəsə bu əziz günlərdə bol ruzi, bərəkət, bolluq, əmin-amanlıq arzuladı.

 Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbə üzrə müavini Əşrəf Şükürov, baş məsləhətçi İsmayıl Manafov, filialın dosenti Mayıl Alıcanov, dosent Eyvaz Eminalıyev, Şasəddin Mikayılov çıxış edərək pedaqoji kollektivi, tələbələri bayram münasibəti ilə təbrik edib onlara yeni-yeni uğurlar dilədilər.

Filialın özfəaliyyət kollektivi öz rəngarəng ifaları ilə tədbiri şənləndirdi.

Bayram şənliyinə xüsusi ovqat bəxş edən  Kosa və Keçəl tələbələrin alqış sədaları altında  Bahar qızı məclisə dəvət etdilər. Hamıya sülh, əmin-amanlıq arzulayan Bahar qız  dilədi ki, növbəti dəfə tədbir iştirakçılarını Şuşada, Cıdır düzündə salamlasın, qalib ordumuz üçrəngli bayrağımızı Şuşa qalasında dalğalandırsın.

Bahar qız hamını çatılan tonqalın ətrafında  rəqsə dəvət etdi. Daha sonra  "Ən yaxşı Novruz xonçası" müsabiqəsi keçirildi və qaliblər elan olundu.

Novruz şənliyinin sonunda filialın bir qrup müəllim və tələbələri bayram hədiyyələri ilə Şamaxı şəhər 1 saylı ixtisaslaşdırılmış internat evinə görüşə getdilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov