Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Astara rayonunun Telman kəndində yeni məktəb binası istifadəyə verildi

 

Astara rayonunun ucqar ərazisində yerləşən yaşayış məntəqələrindən biri olan Telman kəndində orta məktəb binası ötən əsrin 30-cu illərində inşa edilmişdi. Bu binada şagirdlərin normal təhsil alması üçün lazımi şərait yox idi. Məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin uzun illərdən bəri həsrətində olduqları arzu həyata keçdi.  

Müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılan ikimərtəbəli yeni məktəb binası martın 28-də istifadəyə verildi.

Yeni məktəb binasının açılışına məktəbin pedaqoji və şagird kollektivindən əlavə valideynlər, Telman kənd ictimaiyyətinin nümayəndələri, rayon təhsil şöbəsinin əməkdaşları və məktəbin tikintisində iştirak edən inşaatçılar toplaşmışdı.

Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan geniş söhbət açdı.

Söz məktəblilərə verildi. Onlar ulu öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər.

Yeni istifadəyə verilən Telman kənd tam orta məktəbinin direktoru Sərraf Əhmədov, kənd ağsaqqalı Qasım Həsənov, məktəbin müəllimi Aydın Məmmədov, II sinif şagirdi  Minarə Əliyeva çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildirdilər, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamladı, yeni məktəbin açılışı münasibətilə onları təbrik etdi. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilin inkişafına ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırdı. Bildirildi ki, bu, rayonda istifadəyə verilən 24-cü yeni məktəbin açılışıdır. Hazırda rayonda daha 10 məktəbin tikintisi davam etdirilir.

Sonra rayon icra hakimiyyətinin başçısı Q.Ağayev Telman kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış lentini kəsdi.

Açılış mərasiminin iştirakçıları yeni məktəb binasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış oldular.  

Azad ABDULLAYEV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov