Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Qəlblərdə yaşayacaq işıqlı xatirə

 

Müəllim özünün obrazını sinifdə, auditoriyada, tələbələri ilə təmasda yaradır. Zaman keçdikcə bu obraz kamilləşir, yaddaşlara köçür, həkk olunur. Belə müəllimlərin əziz xatirəsi heç vaxt unudulmur, xatırlanır. Məcid müəllim kimi. Məcid Bağırovu  tanıyanlar yaxşı xatırlayırlar ki, o, hər dəfə auditoriyaya girəndə özünün nurlu çöhrəsi, səliqə-sahmanı, ağır yerişi ilə tələbələrin diqqətini cəlb edərdi. Danışığının ahəngdar və tələbkar tonu, kəlmələrinin qətiyyəti onun nitqinə xüsusi bəlağət və cazibədarlıq gətirərdi.  

Bağırov Məcid Heydər oğlu 1944-cü ildə Gədəbəy rayonunun Əli-İsmayıl kəndində  anadan olmuşdur. 1961-ci ildə Gədəbəy rayonu Əli-İsmayıl kənd orta məktəbini bitirmiş, 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə  daxil olmuş və 1967-ci ildə ali təhsilini başa vurmuşdur.

O, gənc mütəxəssis kimi 1967-ci ildə Salyan rayonunun Neftçala şəhərindəki (indiki Neftçala rayonunun inzibati mərkəzi) internat-məktəbdə fəaliyyətə başlamış və 1970-1971-ci illərdə isə Bakıdakı 29 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.  Çox keçmədi ki, Məcid müəllim pedaqoji fəaliyyətini ali məktəblə bağladı. O, 1971-1986-ci illərdə  Azərbaycan Dövlət Neft Akademiyasında ali riyaziyyat kafedrasında  baş laborant, assistent, baş müəllim, 1986-2006-cı illərdə tətbiqi riyaziyyat kafedrasında dosent və kafedra müdiri vəzifələrində işləmişdir. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dosent və dekan müavini vəzifələrində çalışmışdır.

Dosent Məcid Bağırov iqtisadiyyat sahəsində fəlsəfə doktoru kimi 35-dən çox elmi, metodiki və ali məktəblər üçün dərs vəsaitlərinin müəllifi olmuşdur.

Məcid müəllim 2007-2008-ci dərs ilindən ömrünün sonuna kimi Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində çalışırdı. İşlədiyi müddətdə tədris prosesinin idarə olunmasında müasir üsullardan istifadə etmiş, auditoriya məşğələlərini və semestr imtahanlarının İKT ilə həyata keçirilməsini təşkil etmişdir.

Məcid müəllim öz nurlu sifəti, nəzakətli danışığı ilə həmsöhbəti olduğu hər kəsə müsbət emosiyalar bəxş edirdi. Kollektiv üzvləri və tələbələr arasında dərin hörməti  var idi. Sözün əsl mənasında, saf insan idi. Hamıya xeyirxahlıq etməyi çox sevirdi. Onu çoxlarından fərqləndirən cəhətlərdən biri həmsöhbətlərini, tabeliyində olan işçiləri və tələbələri səbrlə, diqqətlə dinləmək qabiliyyəti idi. Məcid Bağırov halallığı, düzlüyü, xeyirxahlığı, mənəvi saflığı həyatının mənası hesab edərdi. O, insanlara qarşı həmişə ədalətli olmağa çalışardı, heç kimdən köməyini əsirgəməzdi. Başqalarının səhv işini görəndə əsəbiləşdiyi vaxtlar da olardı, amma heç vaxt insanların qəlbinə toxunan hərəkətə yol verməzdi. Şübhəsiz ki, onun səmimi, qayğıkeş, təvazökar, xeyirxah insan, ciddi, bacarıqlı rəhbər işçi kimi formalaşmasında aldığı tərbiyə, keçdiyi həyat yolu böyük rol oynamışdır.

Məcid müəllim həm də mehriban ailə başçısı olmuşdur. Onun  üç övladı var. Tanrı elə bil bu şəxsiyyəti xeyirxahlıq üçün yaratmışdı. Təəssüf ki, aramızdan tez getdi.  Məcid müəllimin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Bu il martın 10-da ömrünün 69-cu ilində dünyasını dəyişdi.  

Ağamalı AĞAMALIYEV,
Azərbaycan Universitetinin prorektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov