Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

"Böyük alim, qayğıkeş insan" mövzusunda elmi-praktik konfrans

 

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. 

Həmin sərəncamdan irəli gələrək Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının və Naxçıvan Özəl Universitetinin birgə təşkilatçılığı ilə "Böyük alim, qayğıkeş insan" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda  universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək görkəmli alimin keçdiyi mənalı həyat yoluna nəzər salmış, onun yüksək ixtisaslı kadrların hazırlanmasında və göz xəstəliklərinin müalicəsində göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.

Humanitar işlər üzrə prorektor Əli Yusifov "Akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı" mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara səmimi münasibəti ilə xalqımızın qəlbində həmişə yaşayır, parlaq xatirəsi daim böyük ehtiramla anılır. Geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, hər bir elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbidir.

Sonra Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının həkimi Rəhmiyyə Əliyeva "Akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmində əldə etdiyi böyük nailiyyətlər" mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir, onun fəaliyyətinə nəzər salarkən görünür ki, bu dahi insan dünya şöhrətli böyük şəxsiyyətdir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicəsi metodlarının  axtarılması  yollarında dəyərli elmi tədqiqatlar aparmışdır.

Sonda görkəmli oftalmoloq alimə həsr olunmuş slayd nümayiş etdirilmişdir. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov