Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Respublika baxış-müsabiqəsinə yekun vuruldu

 

Aprelin 17-də Bakıdakı  Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış-müsabiqəsi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri Şahvələd Əliyev, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru Qorxmaz Əliyev, respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin rəhbərləri və digər şəxslər iştirak edirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə rayon, şəhər və respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli, radiotexnika  növləri üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsinə 179 iş təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 45 nəfər qalib olaraq müəyyənləşdirilib.

Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra əl işlərindən ibarət maraqlı sərgiyə baxış keçirildi.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov əl işlərindən ibarət hazırlanmış modelləri yüksək qiymətləndirərək hər bir şagirdin dərslərindən əlavə olaraq maraq və istəklərinə uyğun müxtəlif idman növləri və yaradıcılıq fəaliyyətləri ilə də məşğul olmalarının vacibliyini bildirdi. Respublikamızın günü-gündən sürətlə inkişaf etdiyini deyən nazir müavini bu inkişafın gələcəkdə də davam etdirilməsi üçün hər bir sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını və bunun da məktəb illərindən başladığını nəzərə çatdırdı. Son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsi və dərnək üzvlərinin sayının çoxalmasını təqdirəlayiq hal hesab edən nazir müavini ölkənin təhsil siyasətində yüksək ixtisaslı mühəndislərin hazırlanmasının da prioritet məsələlərdən olduğunu bildirdi. Şagirdlərin hərbi-texnika modellərinə daha çox maraq göstərmələrinin sevindirici hal olduğunu diqqətə çatdırdı. Qalibləri və onların dərnək rəhbərlərini təbrik edən təhsil nazirinin müavini Qulu Novruzov iştirakçı şagirdlər arasından gələcəyin mühəndisləri və mütəxəssislərinin yetişəcəyinə ümidvar olduğunu bildirdi.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev belə tədbirlərin keçirilməsinin şagirdlərin həyatında mühüm əhəmiyyət kəsb etdiyini və onlara stimul verdiyini bildirdi. Müsabiqədə nümayiş olunan modelləri yaradan şagirdlərin gələcəkdə dünya miqyasında bir ixtiraçı və alim olacağına inandığını söyləyən İntiqam Babayev qalibləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı.

 Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri Şahvələd Əliyev tədbirdə çıxış edərək şagirdlərdə olan hərbi-vətənpərvərlik ruhunu yüksək qiymətləndirdi. Müsabiqənin əhəmiyyətindən danışan Ş.Əliyev belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.

Müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldı. Qaliblərlə xatirə şəkli çəkdirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov