Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Heydər Əliyev bütün zamanların fövqündə duran şəxsiyyətdir

 

Bu fikir AMİ-nin Zaqatala filialında keçirilmiş elmi-praktik konfransın ideya-nəzəri məzmununu təşkil etmişdir. Aprelin 26-da filialın akt salonunda Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətimizin qurucusu  Heydər Əliyevin  anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Zaqatala  Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, tələbələr, müəllimlər və ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Əvvəlcə qonaqlar və professor-müəllim heyəti filialın  foyesində ulu öndər Heydər Əliyevin həyat yolunu əks etdirən fotolardan ibarət sərgiyə tamaşa etmişlər.

Tədbiri giriş sözü ilə filialın  direktoru, fizika-riyaziyyat  elmləri doktoru,  professor Orucəli Rzayev açaraq ulu öndərin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, davamlı sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində misilsiz xidmətləri barədə danışmışdır.  Natiq qeyd etmişdir ki, müstəqillik tariximizdə Azərbaycan Respublikasının inkişafı ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil dövlətimiz  böyük inkişaf yolu keçmişdir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlar əldə edilmişdir. Bu uğurlardan biri də Azərbaycan Müəllimlər İnstitutunun ümummilli lider Heydər Əliyevin  müvafiq sərəncamına əsasən, Azərbaycanın əksər bölgələrini əhatə etmək imkanına malik olan 11 filialının fəaliyyətə başlaması olmuşdur. 

Sonra filialın  təbiət fənlərinin tədrisi metodikası kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Camal Arıxov "Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir", humanitar fənlər və tədrisi metodikası kafedrasının dosent əvəzi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həşim İsmayılov "Heydər Əliyev və milli təhsil quruculuğu" mövzularında məruzə ilə çıxış etmişlər.

Sonra  söz "Heydər Əliyev - tələbələrin gözü ilə" adlı inşa yazı müsabiqəsinin qaliblərinə verilmişdir. Münsiflər heyətinin sədri, tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru F.Səddinov bildirmişdir ki, bütün ixtisasları əhatə edən müsabiqəyə 57 adda inşa yazılar təqdim olunmuşdur. Müsabiqənin yekun mərhələsinə 7 inşa çıxarılmış, qalanları həvəsləndirici yerlərə layiq görülmüşdür. Birinci yerləri Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə  III kurs tələbələri Şəbnəm Bayramova və Səma Orucova bölüşdürmüş, digər tələbələr  müvafiq olaraq II və III yerlərə sahib olmuşlar. Filialın direktoru qalibləri müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırmış, həvəsləndirici yerləri tutanları fəxri fərmanlarla təltif etmişdir. Yubiley tədbirində tələbələrdən bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük  biletləri təqdim olunmuşdur.

Elmi-nəzəri konfransın bədii hissəsi də xüsusi maraqla qarşılanmışdır. Özfəaliyyət kollektivinin  üzvlərindən Ayşə  Səfərovanın, Gülcahan Mustafazadənin və Aynur Səfərovanın  xor və solo çıxışları tədbiri  rövnəqləndirmiş, tələbə istedadların çıxışları hər kəsdə xoş təəssürat yaratmışdır.

Sonda söz alan III kurs tələbəsi Fərid Əzimov, I kurs tələbəsi Xələf Xələfov, IV kurs tələbəsi Atikə Əzizli olduqca mənalı bir gün yaşadıqlarını dilə gətirmiş, təhsildə və gələcək həyatda böyük öndərin adına və əməllərinə layiq oxuyacaqlarına və çalışacaqlarına söz vermişlər.

Tədbir Azərbaycan dili və ədəbiyyat  müəllimliyi ixtisasının II kurs tələbəsi  Məhərrəm  Şükürovun təqdimatında   ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən sənədli filmin nümayiş etdirilməsi ilə başa çatdırılmışdır. 

Anara ƏFƏNDİYEVA,
AMİ-nin Zaqatala filialının kitabxanaçısı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov