Şəhid Vidadi Zərbəliyev adına Əliabad kənd ümumu orta
məktəbi Saatlı rayonunun ucqar kəndində yerləşir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə bu kənddə yeni məktəb
binası tikilir. Məktəbdə artıq son tamamlama işləri
görülür. Növbəti dərs ilində şagirdlər ən müasir
avadanlıqlarla təchiz olunmuş yeni məktəb binasında
təhsil alacaqlar.
Bu günlərdə ucqar kənd məktəbində ulu öndər Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir
keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin
direktoru Şakir Əsədov müdrik şəxsiyyətin xalqımız
qarşısındakı xidmətlərindən söhbət açmış, ulu öndərin
uşaqlara, təhsilin inkişafına göstərdiyi yüksək diqqət
və qayğıdan danışmışdır.
Sonra məktəbin tarix müəllimi İlham Bayramov ümummilli
lider Heydər Əliyevin Azərbaycanın tərəqqisi, beynəlxalq
aləmə inteqrasiyası və müstəqilliyimizin əbədi və daimi
olması yolundakı gərgin fəaliyyətindən söhbət açmışdır.
İ.Bayramov demişdir ki, xalqımız bugünkü xoşbəxt və
firavan həyata görə ulu öndər Heydər Əliyevə borcludur.
Ölkəmizin dünya birliyində mövqeyinin getdikcə
möhkəmlənməsinin əsasını məhz ulu öndər Heydər Əliyev
qoymuşdur.
Məktəbin müəllimlərindən Hilal Kazımov, Naibə Əsədova
və Ədalət Miriyev də müdrik şəxsiyyətin təhsilə və
uşaqlara qayğısından danışmışlar.
Birinci sinif şagirdlərinin ifasında ulu öndərə həsr
olunmuş ədəbi kompozisiya böyük maraqla qarşılanmışdır.
Şagirdlərdən Nazilə Məmmədova, Fidan Ağayeva, Zenfira
Ağayeva və Aytac Nuriyeva ulu öndərə, Vətənə və Dövlət
bayrağına həsr olunmuş şeirlər söyləmişlər.
Tədbir musiqi sədaları ilə başa çatmışdır.
Əliqismət BƏDƏLOV |