Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Dünya kubokunun sahibi

 

Löymanov Şahin Malik oğlu 1999-cu il avqustun 17-də Mingəçevir şəhərində anadan olmuşdur. O, birinci sinfə Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə getmişdir.  2008-ci ildə ailəsi  Bakı şəhərinə köçdüyü üçün  təhsilini Bakı şəhəri 19 nömrəli tam  orta məktəbdə davam etdirmişdir. Şahin özü haqqında bunları dedi:

- Orta məktəbdə dərslərimi "əla" qiymətlərlə oxuyuram. Əvvəl riyaziyyat məni cəlb edirdi. Sonra isə  sevimli fənnim həyat bilgisi oldu. Təbiət elmləri məni daha çox maraqlandırır. Anamın dediyinə görə,  mən çox zəif, amma çox cəld və çevik uşaq olmuşam. Lap kiçik yaşlarımdan isə allergik bronxit ilə xəstələnmişəm. Amma bununla yanaşı idmana böyük həvəsim olmuşdur. Bir gün atam məni əlbəyaxa döyüş klubuna apardı. Məşqçi məni yoxlayandan sonra cılız olmağıma baxmayaraq, ayaq və əl zərbələrimin güclü olduğunu söylədi və mənimlə ciddi məşğul olmağa başladı.

Kompüter oyunları ilə maraqlanır, velosiped sürürəm. Demək olar ki, daha çox vaxtım atamla keçir. Məncə, mənim ən yaxın dostum atamdır. Atam hər bir işimdə mənə arxa və dayaqdır. Çünki qazandığım hər bir uğurun arxasında atamın mənə olan inamı dayanır. Atam mənimlə fəxr edir və bu da məni yeni qələbələrə ruhlandırır.  Məncə, idman sahəsində zirvələri fəth edə biləcəyəm inşallah.

Yaxşı idmançı olmaq istəyirəm. Amma sənət seçməyə gəldikdə isə atamın yolunu davam etdirəcəm, stomatoloq olmaq istəyirəm. İstəyirəm ki, vətənim və xalqım mənimlə fəxr etsin. Olimpiadada Azərbaycanın bayrağını zirvələrə qaldırmaq arzusundayam. Çünki vətənim hər şeyin ən yaxşısına layiqdir. Onun adı daim yüksəklərdən gəlməlidir. Mənim də bir vətəndaş kimi bunda kiçik bir rolum olsa çox sevinərəm

Qalib olduğum turnirlərsə bunlardır. 2009-cu il yanvarın 18-də 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş əlbəyaxa döyüş növü üzrə klublararası yarışda I,  pankration idman növü üzrə narkomaniya ilə mübarizəyə həsr edilmiş turnirdə I,   2009-cu il mayın 25-də Respublika gününə həsr olunmuş Fri-Faytinq idman növü üzrə turnirdə I, 2009-cu il dekabrın 20-də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Fri-Faytinq idman növü üzrə beynəlxalq turnirdə I yeri tutmuşam. Heç yadımdan çıxmayan yarışlardan biri 2010-cu il fevralın 17-də oldu. Belə ki, kunq-funun Çou-Li-Fut döyüş növü üzrə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 40-a yaxın ölkənin iştirakı ilə keçirilən dünya kuboku uğrunda yarışlarda rəqib idmançıları məğlub edərək I yeri tutdum.  Bundan başqa, fəxrlə adını çəkəcəyim yarış Sankt-Peterburq şəhərində keçirilən Şərq-Qərb döyüş növləri olimpiadası oldu.  Bu yarışda 50 ölkənin idmançıları  iştirak edirdi. Final yarışında məndən iki yaş böyük, 5 kq artıq çəkidə olan erməni idmançısı Arsen Şahnazaryanla görüşdüm.  Bu görüşdə doğrudan da çox həyəcanlı və əsəbi idim. Həmin anda erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı gözümün önünə gəldi. Öz-özümə dedim ki, nəyin bahasına olursa-olsun, ermənini məğlub edib hirsimi bir az da olsa azaldım. Bəli,  həmin yarışda erməniyə aman vermədim ki, nəfəs alsın. Onu vaxtından  əvvəl məğlub etdim. Bundan başqa,  2010-cu il aprelin 17-də Şərq - Qərb döyüş növləri olimpiadasının uşu-sanda döyüş növü üzrə 50-ə yaxın ölkənin iştirakı ilə keçirilən yarışda da I yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Dəfələrlə Bakı kuboku və respublika çempionatında I yeri tutmuşam. Ən böyük arzum ölkəmizin  üçrəngli bayrağını beynəlxalq yarışlarda daha yüksək zirvələrə qaldırmaqdır.  

Bakıdakı 19 nömrəli tam orta məktəbin direktoru Məmməd Qəmbərov: - Şahin məktəbimizin 8 "a" sinfində təhsil alır.  Sakit, tərbiyəli və çalışqan bir oğlan kimi özünü tanıtmışdır. Dərslərinə qarşı çox ciddidir, dərsi mükəmməl öyrənməyə çalışır, çoxlu suallar verməyi sevir. Müəllimlər də Şahin haqqında müsbət rəydədirlər. Onlar Şahinin sakit və dərslərdə diqqətli olduğunu söyləyirlər. Məktəbdə qoyulan bütün nizam-intizam qaydalarına riayət edir. Öz həmyaşıdları və sinif yoldaşları ilə səmimi və mehriban münasibət qura bilir. Zarafat etməyi çox sevir. İdmanda göstərdiyi böyük uğurlarına baxmayaraq, özünü heç vaxt öymür, sinif yoldaşlarından seçilməyi xoşlamır. Şahin məktəbin ictimai işlərində də iştirak etməyi xoşlayır. Şahində ən sevdiyim cəhət onun öz yoldaşlarına və dərslərinə qarşı diqqətli olmağıdır. Atası Malik Löymanov: - Şahinin adını mən qoymuşam. Onun şahin kimi göylərdə pərvaz etməyini arzulamışam.

Körpəlikdə çox zəif idi. Tez-tez xəstələnirdi. Buna baxmayaraq çevik idi. Yaş yarıma qədər anasının ətəyindən əl çəkmirdi. Tədricən mən onunla məşğul olmağa başladım. İşdən evə gələn kimi onu Mingəçevir şəhər stadionuna aparırdım. Kiçik yaşlarından ona idmanı sevdirməyə başladım. 5 yaşında o artıq müəyyən akrobatik hərəkətlər edirdi. Məktəbəqədərki dövrdə yay ayları hər gün yelləncəklərə minməyi, tir atmağı, bir də ki,  qucağımda  oturub maşının rolunu tutmağı çox xoşlayırdı.

Bir gün Şahini babasıgilə apardım. İşdən çıxanda Şahini götürməyə getdim. Onda onun 4 yaşı vardı.  Babası onu həyətə, binanın qabağına oynamağa buraxmışdı. Mən Şahini soruşanda həyətdə heç kəs onu görmədiyini söylədi. Binaya yaxın yerdə təxminən  300-400 metr aralı təzə 9 mərtəbəli bina tikintisi üçün quraşdırılmış kran var idi. Gözüm birdən həmin krana sataşdı. Şahinin həmin kranın yarıdan da yuxarı çıxdığını görüb çox qorxdum. Onu yavaş-yavaş aşağı düşməyə səslədim. Şükürlər olsun ki, o heç bir xətasız aşağıya düşdü.

Şahin haqda maraqlı hadisələr çox danışmaq olar. 2010-cu il aprel ayının 14-ü səhərə yaxın  Sankt-Peterburqda keçiriləcək döyüş növlərinin Olimpiadasına getmək üçün hava limanına gedirdik. O, evin qapısından çölə çıxıb yenidən içəri qayıtdı. Anasına dedi  - əgər erməni ilə qarşılaşsam qanun-qaydaya baxmayaraq onu əzəcəyəm. Elə oldu ki, sərbəst döyüş növü üzrə rəqibi özündən 2 yaş böyük, çəkidə isə 5 kq artıq olan erməni oldu. Şahinə onun erməni olduğunu dedim. "Ata, sən onda seyr et", - dedi. "Mən ona göstərəcəyəm". O, rəqibini vaxtından çox əvvəl 23 saniyə ərzində sındırıcı fəndə salaraq məğlub etdi. 

Rəşad  ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov