Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində məktəblilər arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgidə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısını əks etdirən filmə baxmışlar.

Məlumat verilmişdir ki, respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yumşaq oyuncaq", "Yanğın qəza-xilasetmə texnikasının modeli", "Şeir" nominasiyaları üzrə işlər təqdim olunmuşdur.

Müsabiqənin məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hallar probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.

Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin təşkilat komitəsinə 304 rəsm, 139 plakat, 128 əl işi, 94 model, 62 yumşaq oyuncaq və 34 şeir təqdim olunmuşdur.

Müsabiqəyə təqdim olunan işlər FHN, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar və Bəstəkarlar ittifaqları və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Müsabiqədə iştirak edənlərdən 23 nəfəri birinci, 19 nəfəri ikinci, 29 nəfəri üçüncü yerləri tutmuş, 15 nəfər isə həvəsləndirici mükafatlara layiq görülmüşdür.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, sərgiyə təqdim olunan əl işlərinə baxanda Azərbaycan məktəblilərinin nə qədər vətənpərvər olduqları görünür. Buradakı məktəblilər arasından Azərbaycanın böyük istedadları çıxa bilər.

Məktəbliləri təbrik edən Kəmaləddin Heydərov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev gənclərə və uşaqlara daim diqqət və qayğı ilə yanaşmışdır.

Azərbaycanın öz müstəqilliyini möhkəmləndirməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışan nazir demişdir ki, hazırda bu işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov müsabiqənin uşaqların bu sahədə istedadlarının aşkarlanması baxımından əhəmiyyətini vurğulamış, qalibləri təbrik etmişlər.

Sonra müsabiqədə I, II və III yerləri tutmuş uşaqlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin müsabiqənin iştirakçılarına həvəsləndirici mükafatlar verilmişdir.

Mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və başqaları təqdim etmişlər.

Müsabiqədə iştirak etmiş məktəblilərin seçilmiş işləri kataloq şəklində nəşr olunmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov