Hazırda məktəbyaşlı uşaqlar İnternetin ən aktiv
istifadəçilərindəndir. İnternet ölçülməz miqyasda
informasiya mənbəyidir. Bu informasiyaların yaş
məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların
psixikasına mənfi təsir göstərir.
Hazırda belə halların qarşısının alınması və uşaqların
arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması
qarşıda duran ən vacib məsələlərdən biridir.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində yaradılan Azərbaycan Təhsil Şəbəkəsində
tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin
İnternet təhlükəsizliyini tam təmin edir. Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsindən verilən məlumata görə, informasiya
texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə
uşaqların İnternetdə təhlükəsizliyinə xüsusi diqqət
yetirilir.
Yetişən gənc nəslin mənəviyyatını qorumaq, onların
zərərli informasiyalardan istifadə etməsini
məhdudlaşdırmaq məqsədi ilə ATS çərçivəsində Vebsens
(Websense) proqramı tətbiq olunur. Bu proqram
avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya
edir. Belə ki, İnternet-resurs qadağa qoyulan
kateqoriyalara aiddirsə, ona girişi qadağan edir.
Vebsens proqramı vasitəsilə İnternetdə yerləşdirilən
video və audio fayllara da çıxışı məhdudlaşdırmaq
mümkündür. Bu texnologiya İnternet-axtarış sistemlərində
müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli
informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların
zərərli məzmundan müdafiəsini maksimum səviyyədə təmin
etməyə imkan yaradır.
Təhsil Nazirliyində "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində İnternet məzmunun təhlükəsizliyinin təmin
olunması məqsədi ilə İnternetdən istifadə məsələləri
üzrə şura yaradılmışdır. Bu qurum zərərli informasiya
kateqoriyalarını müəyyənləşdirir və həmin
kateqoriyaların tətbiqini tənzimləyir.
Hicran ƏKBƏROVA |