Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının
90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını
daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı
təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında
olmuşlar.
Dövlətimizin başçısı və ailə üzvləri ulu öndər Heydər
Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirdilər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki,
paytaxt sakinlərinin və qonaqların sevimli istirahət
yeri olan bu ərazi bu gün möcüzəli gül bağına
çevrilmişdir.
Xalqımızın ümummilli liderinin abidəsinin ucaldığı
parkda Gül bayramının təşkil olunması dahi dövlət
xadiminin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm
də paytaxt sakinlərinin xoş istirahətinin təşkil
olunması baxımından da gözəl addımdır.
Parkda müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi
oğlu, anadan olmasının 90-cı ildönümünü qeyd etdiyimiz
ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi xüsusilə
diqqət çəkir. Abidənin postamenti güllərlə
bəzədilmişdir. Əzəmətli kompozisiyalardan biri də Heydər
Əliyev Sarayı qarşısında qurulmuşdur. Bu məkanı dağın
zirvələri fonunda ulu öndərin güllərdən toxunmuş
portreti bəzəyir. Parkda müxtəlif çiçəklərdən gül
xalıları, maraqlı kompozisiyalar yığılmışdır.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda
çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng
kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir,
gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə
xoş ovqat yaradır.
Burada
rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan
kompozisiyalar nümayiş etdirilir. Müxtəlif dibçək və
kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından,
gözoxşayan eksponatlardan ibarət sadə və eyni zamanda,
orijinal üslublu kompozisiyalar qurulmuşdur. Hər tərəf
baharın xoş ovqatına bürünmüşdür. Ümummilli lider Heydər
Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması
əlbəttə ki, ulu öndərin xatirəsinə xalqımızın dərin
hörmət və ehtiramını nümayiş etdirir.
Builki Gül bayramı daha bir hadisə ilə yadda qalacaqdır.
Belə ki, "DufoA" adlı Azərbaycanın Holland Dostları
Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü)
yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan
Azərbaycan xalqının "azeri" adını verməyi qərara
almışdır. Bununla bağlı bu gün Gül bayramında xüsusi
sertifikatın imzalanma mərasimi keçirilmişdir. Sənədi
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və
"DufoA" Assosiasiyasının prezidenti Marion van der Veqt
imzaladılar.
Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il
vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının
verildiyi yeganə gül də həyata vəsiqə aldı.
Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan
rəngə bürünmüşdür. Rənglər o qədər gözəldir ki,
istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvarələr də
güllərlə əhatə olunmuşdur. Yüzlərlə çiçəyin bir arada
toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır.
Buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir.
Onların gülləri xatırladan müxtəlif libaslarda parka
gəlmələri bayram ovqatını daha da artırır.
Artıq Bakıda ənənə halını alan Gül bayramı dünyanın ən
nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, ümummilli
liderin doğum gününün bu cür mötəbər formada keçirilməsi
ilə yadda qalır.
Dövlətimizin başçısı və xanımı Gül bayramında iştirak
edən uşaqlarla səmimi söhbət etdilər, xatirə şəkli
çəkdirdilər.
Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan
ibarətdir ki, yüzlərlə uşaq Heydər Əliyev Sarayı
qarşısında yürüş etdi.
AzərTAc |