Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası
çərçivəsində mayın 12-də Bakıda "Yer kürəsi uşaqların
gözü ilə" devizi altında gənclərin birinci Beynəlxalq
fotofestivalı və sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın
təsisçisi Leyla xanım Əliyeva "Yer kürəsi uşaqların gözü
ilə" devizi altında keçirilən gənclərin birinci
Beynəlxalq fotofestivalı və sərgisinin açılışında
iştirak etmişdir.
AzərTAc xəbər verir ki, mayın 14-dək davam edən festival
və sərgi ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuşdur. Festival və sərginin
təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf
Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət
təşkilatıdır.
Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və
sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq
olmuşdur.
Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük
Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu
sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ
etməkdir.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən
bu beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc
istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və
bayramların gözəlliklərini fotoaparatın yaddaşına
köçürmələri üçün yaxşı imkan yaratmışdır.
Bu festival-müsabiqə ən yaxşı 100 fotoşəklin seçilməsi
şansını yaratmışdır. Festival çərçivəsində "Mən təbiəti
sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri
altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən
minlərlə gəncin diqqətini cəlb etmişdir. Fotomüsabiqə
sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə
uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab
olunur.
Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində
çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti,
İDEA-nın təsisçisi və təşəbbüskarı Leyla xanım Əliyeva
ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını
bildirdi. Son zamanlar ölkə həyatının bir çox
sahələrində olduğu kimi, ekologiya sahəsində də
inkişafın müşahidə olunduğunu bildirən Leyla xanım
Əliyeva sərginin əhəmiyyətindən danışaraq dedi:
- Əziz dostlar! Bugünkü sərginin mövzusu - "Mən təbiəti
sevirəm" və "Mən çirklənmədən qorxuram" fotoları təbiət
haqqında fikirləri ifadə etmək imkanı yaradır. Dünyanın
istedadlı gəncləri "Yer kürəsi uşaqların gözü ilə"
sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün
dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri
təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il
keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam.
Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və
gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək,
insanları həmin problemi həll etməyə ilhamlandıracaqdır.
Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər - bizim
gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti
göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook,
İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük.
İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki,
təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya
deyildir. Bu gün burada gördüyümüz fotolar 90 ölkənin
gəncləri tərəfindən təqdim edilən minlərlə foto
arasından seçilib.
Gənc fotoqrafların kreativ şəkillərində dünyadakı
problemlərin əks olunduğunu deyən İDEA-nın təsisçisi
qeyd etdi ki, bu, planetimizi qorumaq üçün insanları
konkret addımlar atmağa sövq edəcəkdir. Leyla xanım
Əliyeva sərgi-festivalda iştirak etmək üçün ölkəmizə
səfər edən qonaqların qədim paytaxtımıza gəlişinin gözəl
günlərə təsadüf etdiyini qeyd etdi. Bildirdi ki, bu
günlərdə Azərbaycanda ulu öndər Heydər Əliyevin 90 illik
yubileyi və Gül bayramı qeyd edilir. Bu, gənc
fotoqraflar üçün ölkəmizi bayram günlərində
fotoobyektivin gözü ilə bütün dünyaya təqdim etmək üçün
daha bir şansdır. Əminəm ki, bu festival böyük uğur
hekayəsi olacaqdır.
Qonaqları Azərbaycanda salamlayan Leyla xanım Əliyeva bu
sərgi-festivalın ölkəmizlə daha yaxından tanış olmaq
imkanı yaratdığını da bildirdi.
Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim
olundu.
Mükafata layiq görülən İngiltərənin "National Geographic
Kids" jurnalının keçmiş baş redaktoru, hazırda
festivalın kataloqunun baş redaktoru Loren Cervez
fotoların planetimizi qorumaq istiqamətində gənclər üçün
platforma olduğunu söylədi.
Mükafata layiq görülən Fransanın "Polka" jurnalının
redaktoru, gənclərin birinci Beynəlxalq
fotomüsabiqəsinin münsiflər heyətinin üzvü Alen Cenestar
fotoların yalnız göz ilə deyil, ürəklə təsvir olunduğunu
dedi. Bildirdi ki, onların məqsədi fotolar vasitəsilə
cəmiyyətin diqqətini təbiətin qorunmasına cəlb etməkdir.
Xüsusi mükafatı alan dünyanın tanınmış fotoqrafı,
müsabiqənin münsiflər heyətinin sədri Reza Deqati gənc
fotoqraflarla təcrübəsini bölüşdü, Qarabağda, Şuşada
çəkdiyi fotolarını nümayiş etdirdi. Bildirdi ki, o,
həyatında 12 mindən çox qaçqın uşağın fotosunu lentə
alıb və bu fotolar sayəsində 3 min 500 uşağın valideyni
tapılıb.
"Planetimiz uşaqların gözü ilə" filmi nümayiş olunduqdan
sonra ən həyəcanlı an yetişdi. Fotomüsabiqənin
qaliblərinin adları elan edildi. Bunlar Fransa,
Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna,
Nepal, Türkiyə, Böyük Britaniya, İndoneziya və
İspaniyadan olan uşaqlardır.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi
münsiflər heyətinə "Reuters", "Polka" jurnalı, "National
Geographic", "Associated Press" və foto sahəsində
tanınmış digər qurumların nümayəndələri daxildir.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim
edilmişdir. Onlardan yalnız yüzü festival-sərgidə
nümayiş olunur.
Müsabiqənin qaliblərinə mükafatlar, o cümlədən kamera
avadanlığı təqdim edildi. Onlar, həmçinin dünyada məşhur
fotoqraf Reza Deqatinin fotoseminarında iştirak etmək
imkanı əldə etdilər.
Fotosərgi və festivalın açılış mərasimində qonaqlar
milli musiqimizlə tanış olmaq imkanı da qazandılar.
Reza Deqati ikinci müsabiqənin də başlandığını elan
etdi. Bildirdi ki, bu müsabiqə "Su həyatdır. Susuz həyat
mümkün deyil" adlanacaqdır.
Sonda İDEA-nın himni səsləndi.
AzərTAc |