Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə verilmişdir

 

GORANBOY: Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 7-də Goranboyun Faxralı kəndində 480 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Rayon təhsil şöbəsinin  müdiri İlham Hüseynovdan aldığımız məlumatda bildirilir ki,  açılış mərasimində çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətini təbrik etmişdir.  O,  ümummilli lider Heydər Əliyevin Vətənə və xalqa göstərdiyi misilsiz xidmətlərindən danışmışdır.

Rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış keçirilmişdir. Mərasim iştirakçıları burada yaradılmış fənn laboratoriyalarına, kompüter otaqlarına, kitabxanaya, idman zalına baxmış, yaradılan bütün bu şəraitin tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyinə əminlik ifadə etmişlər. Qeyd edək ki, yeni dərs ilinə qədər rayonun daha 5 kəndində yeni təhsil ocaqları istifadəyə veriləcəkdir. Hazırda həmin məktəb binalarında son tamamlama işləri görülür.

GÖYÇAY: Göyçay rayonunun Şəkili və Ulaşlı - Şıxlı kəndlərində yeni inşa olunmuş məktəb binaları istifadəyə verilmişdir. Bu münasibətlə mayın 10-da  açılış mərasimi keçirilmişdir. Rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyevdən aldığımız məlumata görə, mərasimdə  Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək dövlət başçısı İlham Əliyevin təhsilə qayğısından bəhs etmiş, ölkəmizdə gənclərin mükəmməl təhsil alması, eləcə də bölgələrdə yeni məktəblərin inşa edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd edilmişdir ki, son illər Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası, eləcə də məktəb binalarının əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi geniş vüsət almışdır. Müəllim və şagirdlərin istifadəsinə verilən 220 yerlik Ulaşlı-Şıxlı kənd tam orta və 80 yerlik Şəkili kənd ümumi məktəblərinin inşası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilmişdir. Hər iki məktəb binası  istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir standartlara uyğun səviyyədə qurulmuşdur.

Məlumat verilmişdir ki, hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə şahmat məktəbinin əsaslı təmiri və rayon icra hakimiyyətinin sifarişi ilə Göyçay şəhər 1 nömrəli uşaq bağçası üçün 40 yerlik yeni binanın tikintisi sürətlə davam etdirilir. Müskünlü kənd ümumi orta, Qəbələ müskünlü ibtidai və Alıkənd ibtidai məktəblərinin tikintisinə başlanmışdır. Bu məktəblərin ilin sonuna kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Mərasimdə çıxış edənlər yeni təhsil ocaqlarının açılışı münasibətilə müəllim və şagirdləri  təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar. Sonra mərasim iştirakçıları yeni məktəb binalarında yaradılmış şəraitlə tanış olmuşlar.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov