Naxçıvan Dövlət Universitetində Gürcüstanın Şota
Rustaveli adına Batumi Dövlət Universitetindən gəlmiş,
tələbə mübadiləsi yolu ilə ali təhsillərini bir semestr
boyunca burada davam etdirmiş gürcü tələbələrin konserti
olmuşdur. Hər iki ölkənin dövlət himnləri səsləndikdən
sonra universitetin tədris işləri üzrə prorektoru,
dosent Seyid Surə universitetlərarası əlaqələrin
inkişafından danışmışdır. Bildirilmişdir ki, 2012-ci
ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasının
hökumətinin sədri Levan Varşalomidzenin rəhbərliyi ilə
nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar
səfər etmiş, səfər zamanı Ali Məclisin sədri Vasif
Talıbovun iştirakı ilə Naxçıvan Dövlət Universitetində
də görüş keçirilmiş, universitetlərarası əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Qeyd olunmuşdur ki, Boloniya
prosesinin prinsiplərinə uyğun olaraq tələbə mobilliyini
artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın
başqa ali məktəblərində təhsil almalarını, digər
universitetlərin tələbələrinin buraya cəlb olunmasını
təmin etmək istiqamətində universitetdə əhəmiyyətli
addımlar atılmışdır. Universitetin Azərbaycan dili və
ədəbiyyat müəllimliyi, fransız dili müəllimliyi, ingilis
dili müəllimliyi, alman dili müəllimliyi ixtisasları
üzrə 4 nəfər bakalavr 2012-2013-cü tədris ilinin I
semestri ərzində təhsillərini Acarıstan Muxtar
Respublikasının Şota Rustaveli adına Batumi Dövlət
Universitetində, həmin universitetin 4 nəfər tələbəsi
isə 2012-2013-cü ilin II semestri ərzində təhsillərini
Naxçıvan Dövlət Universitetində davam etdirmişlər.
Tədris işləri üzrə prorektor, dosent Seyid Surə
çıxışında universitetlərarası tərəfdaşlığın prioritet
istiqamətlərindən də bəhs etmişdir.
Sonra konsert proqramı təqdim olunmuşdur. Universitetin
azərbaycanlı tələbələrinin də iştirak etdiyi konsertdə
Azərbaycan-Gürcüstan mədəniyyətini əks etdirən musiqi
nömrələri, mahnı və rəqslər, həmçinin poeziya nümunələri
səsləndirilmişdir. Gürcü tələbələrin təqdim etdiyi
musiqi çələngi, "Azərbaycan-Gürcüstan" dostluq
mahnısının birgə ifası alqışlarla qarşılanmışdır.
Konsertin sonunda universitetin tərbiyə işləri üzrə
prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd
Rzayev gürcü tələbələrə bundan sonrakı fəaliyyətlərində,
dostluq əlaqələrinin davam etdirilməsində uğurlar
arzulamışdır. Gürcü tələbələr adından Azərbaycan dili və
ədəbiyyat ixtisası üzrə II kursda təhsil alan Nona
Nikabadze çıxış edərək universitetdə təhsil aldıqları
müddətdə onlara göstərilən diqqət və qayğıya, yaradılan
hərtərəfli şəraitə görə universitet rəhbərliyinə və
kollektivə minnətdarlıq etmişdir. Universitetin tədris
işləri üzrə prorektoru, dosent Seyid Surə təhsildə,
elmi-ictimai mühitdə fərqlənən gürcü tələbələri
universitetin fəxri fərmanı ilə təltif etmişdir.
Mehriban SULTAN |