Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma" mövzusunda beynəlxalq konfrans

 

Astara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan  "İnformasiya-kommunikasiya texnologiyaları və qloballaşma" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Astara Rayon İcra Hakimiyyətinin və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfransda Azərbaycanın görkəmli elm xadimləri ilə yanaşı, Rusiyadan, Özbəkistandan, Türkiyədən və Hindistandan gəlmiş tanınmış alimlər də iştirak etmişlər.

Beynəlxalq konfransın iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşəyə baxmış və ulu öndərin portreti önünə tər gül dəstələri qoymuşlar. Pedaqoji kollektivin üzvləri və tələbələrlə səmimi söhbət edən xarici ölkələrdən gələn alimlər tələbələrin əl işlərindən ibarət sərgiyə baxmış və xatirə şəkilləri çəkdirmişlər.

Beynəlxalq elmi konfransın iştirakçıları Astara şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olmuş, mərkəzin xatirə kitabında öz rəylərini yazmışlar.

Sonra "Şindan" sarayında beynəlxalq elmi konfrans öz işinə başlamışdır.  Konfransı giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü Əlihəsən Həmzəyev açaraq qeyd etmişdir ki, xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ölkəmizin hər yerində böyük şövq və ruh yüksəkliyi ilə qeyd olunur. Yubiley tədbirləri təkcə respublikamızda deyil, dünyanın əksər ölkələrində yaşayan azərbaycanlılar və Heydər Əliyevi sevən digər xalqların nümayəndələri tərəfindən böyük məhəbbətlə qeyd edilir.

Qeyd edilmişdir ki, Azərbaycan dünyada öz mövqeyi olan, hərtərəfli inkişaf edən müstəqil respublikadır. Bütün bu uğurların təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Ulu öndərin "Bu torpağın özü bərəkətli, insanları zəhmətkeş, təbiəti də gözəldir" kəlamını xatırladan Əlihəsən Həmzəyev qeyd etmişdir ki, bu gün gördüyünüz inkişaf və tərəqqiyə görə astaralılar ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevə minnətdardırlar.

Konfransda vurğulanmışdır ki, müstəqillik illərində Azərbaycana rəhbərlik edən tarixi şəxsiyyət Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyalarının imkanlarından faydalanmaq məqsədi ilə həyata keçirdiyi məqsədyönlü işlər indi öz real bəhrəsini verir.

Beynəlxalq konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən "Əbədiyyət yolu" adlı videoçarxa maraqla baxmışlar.

Sonra Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan son 20 ildə həyatımızın bütün sahələrində misilsiz inkişaf yolu keçmiş, dünyada özünəməxsus yeri və nüfuzu olan dövlətlərdən birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ideyalarını böyük uğurla yerinə yetirən, onun siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz ən mötəbər beynəlxalq təşkilatların aparıcı üzvlərindən biri olmuşdur.

Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" (2003-2012-ci illər) bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. Qloballaşma dövründə və gələcəkdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkəmizin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açmışdır. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək dünya birliyinə inteqrasiyanı özünün başlıca vəzifəsi kimi görür.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin ideyalarının ən böyük təntənəsi kimi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarını göstərmək olar. Kosmosda peyki olan azsaylı ölkələrdən biri Azərbaycanda bu sahə üzrə yerli mütəxəssislərin hazırlanması işi diqqət mərkəzindədir.

Konfransda çıxış edən Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Nikolayeviç Çumakov və Özbəkistan Fəlsəfə Cəmiyyətinin prezidenti, fəlsəfə elmləri doktoru, akademik Səid Şermuxamedov ulu öndər Heydər Əliyevlə bağlı xatirə və görüşlərindən danışmış, haqqında yüksək fikirlər söyləmiş, onu təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, bütün sülhsevər bəşəriyyətin aparıcı simalarından biri, dünya sivilizasiyasında özünəməxsus yeri olan dahi şəxsiyyət adlandırmışlar.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, "Braxma Kumaris Sankt-Peterburq Mərkəzi" Regional mədəni-maarifçilik ictimai təşkilatının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Didi Santoş Kukredja (Hindistan), Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru, professor Niginaxon Şermuxamedova (Özbəkistan), Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun bölmə müdiri, fəlsəfə elmləri doktoru, akademik Valentina Fedotova (Rusiya), AMEA-nın müxbir üzvü, akademik Südeyf İmamverdiyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, Rusiya Fəlsəfə Cəmiyyəti vitse-prezidentinin beynəlxalq işlər üzrə müavini, Rusiya Kulturologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Ariz Gözəlov (Rusiya), professor Mirzə Rəhimov, Milli Aviasiya Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Türk-rus Mədəni Mərkəzinin baş direktoru Arif Asalıoğlu (Türkiyə), Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun sosiologiya kafedrasının dosenti, sosioloji elmlər doktoru Nadejda Fedotova (Rusiya), hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor Xudaverdi Qəmbərov, Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru, fəlsəfə elmləri doktoru Aydın Əlizadə, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev, Bakı Musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Telman Hacıyev konfransda çıxış etmişlər.

Beynəlxalq konfransın işində fəallıq göstərən iştirakçılara və çıxış edənlərə ən yaxşı məruzəyə görə fəxri diplom, sertifikat və I dərəcəli diplomlar verilmişdir. Xaricdən gəlmiş qonaqlara Azərbaycan milli ornamentlərini əks etdirən suvenir-xalçalar hədiyyə edilmişdir.

Konfransın işini yekunlaşdıran Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin ideyaları bizi xoşbəxt gələcəyə aparır. Onun adı yüz illər bundan sonra da qəlbimizdə yaşayacaq, ideyaları daim bizə doğru yol göstərəcəkdir. Biz həmişə Heydər Əliyevin parlaq dühası, dərin zəkası, möhtəşəm və dəmir iradəsi, pak adı ilə fəxr edəcəyik.  

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov