Hər
il qoynundan neçə-neçə gəncin pərvazlandığı Cəlilabad
rayonu, Göytəpə 2 nömrəli orta məktəbi Nəhməd müəllimin
məktəbi kimi tanınır. Ona görə ki, tanınmış pedaqoq,
"Maarif əlaçısı" Nəhməd Əzizov 1956-cı ildən 1993-cü
ilədək - düz 37 il bu məktəbə bacarıqla rəhbərlik etmiş
və həmin məktəbi respublikamızın qabaqcıl təhsil
ocaqları sırasına çıxarmışdır. Hələ Böyük Vətən
müharibəsi illərində 9-cu sinifdə oxuyarkən Nəhməd
Əzizov digər yuxarı siniflərin əlaçı şagirdləri kimi
müəllimlik fəaliyyətinə cəlb olunmuşdur. O, 1948-ci ildə
Lənkəran Pedaqoji Texnikumunu bitirdikdən sonra
Göytəpəyə qayıdıb yenidən rayon mərkəzindən uzaqda
yerləşən Bəcrəvan, Komanlı, Şıxlar dağ kəndlərinin
məktəblərində dərs demişdir.
1957-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix
fakültəsini bitirmişdir. İlk müəllimlik fəaliyyəti
dövründə Nəhməd müəllimi təkcə tədris etdiyi fənni
şagirdlərin necə öyrənməsi yox, həmçinin onların ümumi
hazırlığı, insani keyfiyyətləri də maraqlandırmışdı. O
vaxtlar ixtisaslı müəllim kadrlar az olduğundan Nəhməd
müəllim kimi təhsilli gənclərə böyük ehtiyac duyulurdu.
Təhsilin inkişafı üçün bacardığını əsirgəməyən Nəhməd
Əzizov 1951-ci ildən öz həyatını Göytəpədəki (keçmiş
Prişib) orta məktəbə bağlamışdır. Daim öz üzərində
işləyən, elmini, biliyini artıran bu gəncin pedaqoji
fəaliyyəti həmişə diqqət mərkəzində olmuşdur.
Məktəblərin həm təşkilati cəhətdən, həm də tədris
cəhətdən formalaşması üçün belə kadrların bilik və
təcrübəsindən yararlanmaq lazım gəlirdi. 1956-cı ildə
keçmiş Astraxanbazar rayon partiya komitəsinin büro
iclasında partiya üzvlüyünə qəbul edilərkən verilən
sualları daha düzgün və ətraflı cavablandıran 28 yaşlı
tarix müəllimi Nəhməd Əzizova raykomun I katibi deyir:
"Sənin savadın, biliyin, təşəbbüskarlığın və sualları
cavablandırma qabiliyyətin məni sevindirdi. Sən daha
məsul vəzifənin öhdəsindən gələ bilərsən. Rəhbər vəzifə
daşımağa layiqsən. Biz Prişibdə axşam fəhlə-gənclər
məktəbinə bacarıqlı direktor axtarırıq, bu gündən sən
oraya direktor təyin olunursan". Bununla da Nəhməd
müəllimin qayğıları bir qədər artdı. Gündüzlər işləyib,
axşamlar təhsilini davam etdirmək istəyən insanların
bilik almaları üçün onlara günün tələbləri səviyyəsində
şərait yaratmaq gənc məktəb direktorunun bir nömrəli işi
oldu. Bu məqsədlə o, tez-tez evlərə gedir, yaşlı
adamlarla fərdi söhbətlər aparırdı. Çətinliklərin
sınağından çıxan Nəhməd müəllim gözəl başa düşürdü ki,
təlimə zəif davamiyyət həmin adamların məişət qayğıları
və yaşla əlaqədar psixoloji durumları ilə bağlıdır. O,
pedaqoji kollektivə təlimin bu amillərlə daha sıx
əlaqələndirilməsini məsləhət görürdü. Göytəpədə yaşlı
adamların axşam məktəbinə cəlb olunub savadlarını
artırması Nəhməd müəllimin adı ilə bağlıdır. Orada
oxuyanlar istehsalatdan ayrılmadan maddi nemətlər
yaradır, eyni zamanda təhsil alırdılar. Onlarla adi
məktəbli kimi rəftar etmək olmazdı. Bunun üçün xüsusi
sistem yaradılmalı idi.
Şəhərdə keçirilən bütün ictimai tədbirlərdə fəallıq
göstərməsi, pedaqoji sahədə çalışması Nəhməd müəllimi
yormur, daha həvəslə işləməyə sövq edirdi. 1964-cü ildə
Prişibdə onun rəhbərlik etdiyi axşam fəhlə-gənclər
məktəbi qalmaqla bazasında səkkizillik məktəb açılmış və
Nəhməd müəllim ora da direktor təyin olunmuşdur. O, iki
məktəbin direktoru kimi təzə açılmış təhsil ocağının
nüfuzunu qaldırmaq üçün səylə çalışmışdır. Məktəbdə təzə
sinif otaqları, fənn kabinetləri, fizika və kimya
laboratoriyaları yaratmışdır. Təbiət vurğunu olan Nəhməd
müəllim məktəbin həyətində meyvə ağacları əkdirmiş,
məktəbyanı sahəni barlı-bəhərli bir bağa çevirmişdir.
Rayonda keçirilən müxtəlif baxış müsabiqələrindən daim
qalib çıxan 8 illik məktəb 1969/70, 1974/75 və
1980/81-ci tədris illərində respublikamızda 3 dəfə ən
yüksək nailiyyət qazanmışdır. Bütün bu xidmətlərinə görə
Nəhməd müəllimə "Qabaqcıl maarif əlaçısı" döş nişanı
verilmişdir. 1981-ci ildə həmin məktəb Göytəpə şəhər 2
nömrəli orta məktəbinə çevrilmişdir. Bu işdə də direktor
kimi Nəhməd müəllimin böyük zəhməti və müstəsna rolu
olmuşdur. Çox keçmədən məktəbin tədris-maddi bazası
möhkəmləndirilmiş, idman zalı açılmış, mədəniyyət evinin
kitabxanası məktəbə verilmiş, mövcud emalatxana yeni
avadanlıqla təchiz olunmuşdur. Zəngin əmək təlimi
kabineti yaradılmışdır. Tar dərslərinin keçirilməsinə
başlanılmışdır. Məktəbdə fənn, linqafon kabinetlərinin
yaradılması, siniflərdə aparılan məşğələlərin direktor
otağından xüsusi səsyazma qurğusu vasitəsilə
dinlənilməsi təcrübəsinin tətbiqi kimi yeniliklər
tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa
imkan vermişdir.
Təsadüfi deyildir ki, Nəhməd müəllimin dərs prosesinin
təşkilində tətbiq etdiyi mütərəqqi metodlar Təhsil
Nazirliyinin metodik şurası tərəfindən yüksək
qiymətləndirilmiş və qabaqcıl təcrübə kimi bütün
məktəblərdə tətbiq olunmağa başlanılmışdır. Bu haqda o
dövrün müxtəlif mətbuat orqanlarında, o cümlədən
"Azərbaycan müəllimi" və "Bakinski raboçi" qəzetlərində
məqalələr dərc olunmuşdur. Nəhməd müəllim uzun müddət
Göytəpə şəhər məktəblərinin və məktəbdənkənar
müəssisələrinin birləşmiş partiya təşkilatının katibi,
dəfələrlə Cəlilabad rayon Sovetinə və Göytəpə şəhər
sovetinə deputat seçilmiş, 1956-cı ildən 1990-cı ilə
kimi isə ictimai əsaslarla Göytəpə şəhər soveti sədrinin
müavini olmuşdur.
Xüsusi qeyd etmək lazımdır ki, o dövrdə Göytəpədə bir
neçə hərbi hissə yerləşdiyindən burada müxtəlif
xalqların nümayəndələri yaşayırdı və onların övladları
da 2 nömrəli orta məktəbdə təhsil alırdılar. Hərbi
hissənin zabitləri məktəblə müntəzəm əlaqə saxlayır,
burada keçirilən tədbirlərdə həvəslə iştirak edirdilər.
Nəhməd müəllim pedaqoji və universitet təhsili olan
zabitlərin həyat yoldaşlarını məktəbə işləməyə cəlb
edir, onların Moskva və keçmiş SSRİ-nin iri şəhərlərində
aldıqları təhsil təcrübəsindən istifadə edir, bu
məsələləri rayon təhsil şöbəsinin qarşısında qaldıraraq
israrla öz məqsədinə çatırdı. Onun məktəb direktorluğu
dövründə elə vaxtlar olub ki, təbiətşünaslıq fənnini
biologiya elmləri namizədi, riyaziyyat fənnini
fizika-riyaziyyat elmləri namizədi, ədəbiyyat fənnini
filologiya elmləri namizədi tədris edib 4-10-cu sinif
şagirdlərinə dərs demişlər.
Nəhməd müəllim xalqımızın mədəni irsinin öyrənilməsi və
təbliği sahəsində də mühüm işlər görmüşdür. Onun
gördüyü işlər və həyatda tutduğu mövqe həmişə
bir-birini tamamlayır, sözü kəsərli olurdu. Çətin
tərbiyə olunan şagirdlərə Nəhməd müəllimin xüsusi
yanaşma metodu var idi. Özünün bütün təcrübəsini,
biliyini şagirdlərinə, doğma məktəbinə sərf edən Nəhməd
müəllim çoxillik pedaqoji fəaliyyəti ərzində minlərlə
gəncə elm, savad verməklə bərabər, həm də onlara böyük
həyat dərsi keçmişdir. Onun tərbiyə etdiyi gənclər
Vətənin çətin günlərində ön sıralarda durdular. Qarabağ
müharibəsində rəşadət göstərən həmvətənlərimizin
arasında Nəhməd müəllimin yetişdirdiyi Azərbaycanın ilk
Milli Qəhrəmanlarından olan V.Mürsəlov, "Azərbaycan
bayrağı" ordeninə layiq görülmüş O.Eynullayev, Qarabağ
müharibəsinin onlarla və yüzlərlə veteranı var. Nəhməd
müəllim həmişə məktəbin məzunlarından 16 nəfərin şəhid
olması barədə kədər və fəxr hissi ilə danışaraq
yetirmələri ilə qürurlanırdı.
1998-ci ilin sentyabr ayında Nəhməd müəllimin pedaqoji
fəaliyyətinin 50 və anadan olmasının 70 illik yubileyi
Göytəpə şəhərində təntənəli surətdə qeyd olunmuşdur.
Uzun illər gənc nəslin təlim-tərbiyəsində səmərəli
fəaliyyəti ilə əlaqədar Nəhməd Əzizov Azərbaycanın
Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif
edilmişdir.
Nəhmət müəllimin dərs dediyi şagirdlər bu gün elm,
mədəniyyət, kənd təsərrüfatı, iqtisadiyyat sahəsində
tanınmış adamlardır, elmlər doktoru, professordurlar.
İndi Göytəpədə işləyən aparıcı müəllimlərin də
əksəriyyəti onun yetirmələridir. Həm gözəl insan kimi,
həm də təhsil sisteminə verdiyi töhfələrə görə
göytəpəlilər onu heç vaxt unutmur. Əbəs yerə deyil ki,
onun rəhbərlik etdiyi məktəbi indi də cənub zonasında
Nəhməd müəllimin məktəbi adlandırırlar. "Nəhməd
müəllimin məktəbi" anlayışı iki mənada işlədilir. Bir
mənada onun işlədiyi və rəhbərlik etdiyi məktəb, digər
böyük mənada isə Nəhməd müəllimin təhsilin təşkilindəki
yaratdığı və yeni nəslə ötürdüyü məktəb direktorunun iş
sistemi.
Nəhməd Əzizov eyni zamanda gözəl ailə başçısı idi. O,
gərgin pedaqoji fəaliyyəti ilə yanaşı, cəmiyyət üçün
gərəkli övladlar böyütmüşdür. Beş övladının üçü bu gün
atasının yolunu davam etdirir, pedaqoji sahədə uğurla
çalışır. Oğlu Oqtay Əzizov Göytəpə şəhər 2 nömrəli orta
məktəbdə çalışır, 2007-ci ildə ona "Azərbaycanın əməkdar
müəllimi" fəxri adı verilmişdir. Digər oğlu - Ramiz
Əzizov iqtisad elmləri namizədi, dosentdir. Qızı,
Göytəpə şəhər 1 nömrəli orta məktəbin tədris hissə
müdiri Elmira müəllim təhsildə qazandığı uğurlara görə
"Tərəqqi" medalı ilə təltif olunmuşdur. Digər iki oğlu
dövlət qulluğundadır. Əzizovlar ailəsi gendən gələn
estafeti əldən-ələ ötürürlər. Artıq onun nəvələri də
təhsildə, elmdə və həyatda böyük uğurlara imza
atmaqdadırlar. Nəvələri Raqif, Rəşad (hüquq elmləri üzrə
fəlsəfə doktoru), Səidə, Rizvan, Rövşən dövlət
qulluqçularıdır. Digər nəvəsi Gülnarə isə Şəmkir şəhər
Əhməd Cavad adına orta məktəbində müəllim işləyir.
Bu günlərdə Nəhməd müəllimin 85 yaşı tamam olur.
Nəhməd müəllim bu gün həyatda olmasa da, xidmətləri
daim minnətdarlıq hissləri ilə xatırlanır.
Süleyman ƏLİSA |