Məlum olduğu kimi, bu ilin aprelində Bakıda
məktəblilərin "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq
Layihə Olimpiadası ("İNEPO-Euroasia") keçirilmişdir.
Olimpiadada Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş, 13
bürünc olmaqla bütövlükdə 26 medal qazanmışlar.
Beynəlxalq yarışmada uğur qazananlardan biri də gümüş
medala layiq görülmüş Bakıdakı 236 nömrəli tam orta
məktəbin şagirdi Roza Xudiyevadır. Roza ilə təhsil
aldığı məktəbdə görüşdük. O, olimpiada təəssüratlarını
bizimlə həvəslə bölüşdü:
-
Mən 1997-ci il iyunun 29-da Bakı şəhərində anadan olsam
da, əslən qarabağlıyam. Çünki anam Qubadlıdan, atam isə
Cəbrayıldandır.
Ancaq o yerləri görməmişəm. Çünki mən hələ dünyaya
gəlməmişdən 5 il əvvəl erməni təcavüzkarları ata-anamın
doğma yurdlarını işğal ediblər. Bir gənc üçün dünyada
hansı mənəvi yük bundan daha ağrılı ola bilər ki,
ata-anasının doğma yurduna ayaq izləri dəyə bilməsin?!
Birinci sinifdən üçüncü sinfə qədər Bakıdakı 143 nömrəli
tam orta məktəbdə oxumuşam. Üçüncü sinifdən indiyə kimi
Səbail rayonundakı 236 nömrəli tam məktəbdə təhsil
alıram. Dərslərimə daim məsuliyyətlə yanaşır, həmişə
yüksək qiymətlər alıram. Bütün fənlərə ciddi fikir
verməyə çalışsam da, tarixlə ingilis dili fənlərini daha
çox sevirəm. Müəllimlərimin hamısı mənim üçün əzizdir.
Ancaq ingilis dili müəllimimiz Gülnar Abdulovanın
ürəyimdə xüsusi yeri var.
Olimpiada ənənəvi olduğundan builki yarışmada iştirak
etməyi çoxdan qərara almışdım.
Məktəbimizin biologiya müəllimi, elmi rəhbərimiz Gülnar
Rəhimovanın yaxından köməyi ilə mən və Bakı Slavyan
Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Leyla
Hacılı həmin olimpiadaya təqdim etmək üçün layihə
hazırlamışdıq. Layihə üzərində altı ay çalışmışdıq.
Layihəmizin mahiyyəti uşaqların ekologiya sahəsində
maarifləndirilməsi idi. Əslində, bu maarifləndirilmə
uşağın körpə vaxtlarından başlanmalıdır. Azyaşlı
uşaqlara təkcə məktəblərdə, uşaq bağçalarında deyil,
ailədə də təbiəti sevməyi, onu mühafizə etməyi, qorumağı
öyrətməliyik.
Olimpiadaya təqdim etdiyimiz layihə "Davamlı ekoloji
tərbiyə və təhsildə uğur üçbucağı" mövzusunda idi.
Bizim
layihə "Ətraf mühitin qorunması" nominasiyasında ikinci
yeri tutdu. Mən, layihəmizin digər həmmüəllifi olan
Leyla Hacılı da eyni mükafata - gümüş medala layiq
görüldük.
Əslində, bu istiqamətdə keçirilən olimpiadaların biz
şagirdlər üçün əhəmiyyəti ondan ibarətdir ki, ilk
növbədə biliyimiz artır, dünyagörüşümüz zənginləşir.
Xarici ölkə məktəbliləri ilə daha isti münasibətlər
yaranır. Biz əcnəbi şagirdlərlə danışır, tanış olur,
dostlaşırıq.
Hazırda ən başlıca arzularımdan biri olimpiada sahəsində
daha da irəliyə addımlar atmaq, xarici ölkələrdə
keçirilən olimpiadalarda iştirak etməkdir.
Orta məktəbi başa vurmağıma cəmi bir il qalıb və mən
artıq sənət seçimimi etmişəm. Azərbaycan Dillər
Universitetinin ingilis dili fakültəsinə daxil olmaq,
ingilis dili üzrə tərcüməçi kimi yetişmək ən böyük
arzumdur. Xaricdən gələn əcnəbi qonaqlarla ünsiyyətdə
olmaq, ölkəmiz haqqında onlara öz dillərində ətraflı
məlumat vermək, ölkəmizin sivil ölkələr sırasında
dayandığını kənardan gələn insanlara bəlli etmək,
Azərbaycanı, onun təhsilini hər yerdə layiqincə təmsil
etmək barədəki düşüncələrim məni tərcüməçiliyə
istiqamətləndirmişdir.
Azərbaycanı tanıtmaq, Azərbaycanın başını uca etmək!
Bundan şərəfli nə ola bilər ki?
Ali məktəbə daxil olduqdan sonra bakalavr üzrə təhsilimi
Bakıda, magistr təhsilimi isə xarici ölkələrdəki ali
məktəblərdən birində almağı planlaşdırmışam.
Təhsildə nə qədər uğur qazansam da, ürəyimdə bir ali
arzum da var: Qarabağın azadlığı uğrunda vətənin bir
övladı kimi əlimdən gələni əsirgəməmək və hamının
arzuladığı o gözəl Qarabağı görmək! Baxmayaraq ki, mən
heç vaxt Qarabağı görməmişəm, ancaq vətən haqqında inşa
yazanda da ilk cümlələrim Qarabağla başlayıb. Çünki
mənim üçün Qarabağ ana Vətən deməkdir.
Anam həmişə Qubadlının sularından, atam isə Cəbrayıldakı
yaşıllıqlardan söz açır. İşğala qədər onlar hər yay
mövsümünü Qarabağda keçirərlərmiş. Mən sabaha çox inamla
baxır, xoş günlərin hansısa birində azad etdiyimiz
Şuşada, Xankəndində əcnəbi qonaqlarımıza tərcüməçilik
edəcəyimə inanıram.
Bakıdakı 236 nömrəli tam orta məktəbin direktoru,
respublikanın əməkdar müəllimi Xanlar İmaməliyev:
- 2007-ci ildən Bakıda ekologiya və təbiəti mühafizə
problemlərinə həsr olunmuş "Ətraf mühitin mühafizəsi"
Beynəlxalq Layihə Olimpiadası ("İNEPO-Euroasia")
keçirilir. Bu olimpiadanın keçirilməsində başlıca məqsəd
Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı ildə
imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"na
uyğun olaraq gənc nəsli ekoloji problemlər haqqında
məlumatlandırmaq, onlarda ətraf mühitə həssas münasibət
formalaşdırmaq, məktəblilərə təbii, mədəni, tarixi və
sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaqdan
ibarətdir.
Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 90
illiyinə həsr olunmuş olimpiadada Bakı Slavyan
Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Leyla
Hacılı ilə məktəbimizin 10-cu sinif şagirdi Roza
Xudiyevanın birgə təqdim etdiyi "Davamlı ekoloji
tərbiyə və təhsildə uğur üçbucağı" adlı layihə iştirak
hüququ qazanaraq, "Ətraf mühitin qorunması" nominasiyası
üzrə gümüş medalla mükafatlandırılmışdır.
Bu layihə uşaqlarla yanaşı, tərbiyəçi, müəllim, valideyn
və digər ailə üzvlərini də ekoloji- maarifləndirici
tədbirlərə cəlb edir, nəticədə müxtəlif yaşda olan
insanlar arasında ekoloji təbliğatı təşkil etməklə
YUNESKO-nun "Təhsil hamı üçün" siyasətini dəstəkləyir.
Məktəbimizi təmsil edən Roza Xudiyevanın qələbəsi bütün
məktəb kollektivini fərəhləndirmişdir.
Roza üçüncü sinifdən bizim məktəbimizdə təhsil alır. O
çox fəal, dərslərinə ciddi fikir verən, tərbiyəli,
nizam-intizamlı, nümunəvi şagirdlərimizdəndir. Mən bir
pedaqoq kimi onun parlaq gələcəyinə inanıram.
Valideynləri əslən Qarabağdan olan şagirdlərimizin
hamısı təbii ki, işğaldan sonra Qarabağdan kənarda
doğulub. Biz, yaşlı nəslin nümayəndələri çalışmalıyıq
ki, Qarabağın təəssübünü Qarabağı görməyən gənc nəslin
qan yaddaşına hopdura bilək.
Bakı
Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin
şagirdləri "Ətraf mühitin mühafizəsi" Beynəlxalq Layihə
Olimpiadasında ("İNEPO-Euroasia") 2011-ci ildən iştirak
edirlər. Şagirdlərimizi bu beynəlxalq olimpiadaya
kompleksin biologiya müəllimi, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi Gülnar Rəhimova hazırlayır.
Şagirdlərimiz 2011-ci ildə qızıl, 2012 və 2013-cü
illərdə gümüş medallara layiq görülmüşlər. Ətraf mühitin
aktual problemlərini, müharibə şəraitində yaşayan
Azərbaycanın reallıqlarını, insan və təbiətin vəhdətini
ehtiva edən layihələrimiz əsasən "Sosiologiya"
nominasiyasında təqdım olunur. 2013-cü ildə kompleks
beynəlxalq olimpiadada Bakı şəhərinin 236 nömrəli
məktəbi ilə birgə çıxış etmişdir.
IX sinif şagirdi Leyla Hacılı üç il dalbadal kompleksi
təmsil etmiş və müvəffəqiyyət qazanmışdır. O, həm də
dərs əlaçısı, lisey və universitet tədbirlərinin, fənn
olimpiadalarının fəal iştirakçısıdır. Mart ayında
Ukrayna səfirliyi tərəfindən tələbə və şagirdlər
arasında keçirilən və Şevçenko yaradıcılığına həsr
edilən müsabiqədə fərqlənən Leyla humanitar fənlərə daha
çox maraq göstərir.
Kompleksin Şagird Elmi Cəmiyyətinin sədr müavini Leyla
Hacılı ictimai işlərə və bilik yarışlarına marağını bu
cür izah edir:
- Bu layihəmizin məqsədi ekoloji təhsil və tədris
prosesində uşaqlarla valideynlərin, tərbiyəçi
müəllimlərin sıx əməkdaşlığının təmin olunmasıdır. Biz
artıq 3 ildir ki, bu olimpiadada iştirak edirik, hər
dəfə də uğurlar əldə etmişik. Arzu edirəm ki, bu
uğurlarımızın davamı gəlsin, gələcəkdə yeni nailiyyətlər
qazanaraq təhsil aldığım məktəbin adını yüksəklərə
qaldırım. Layihələrdə sinif yoldaşlarım, Şagird
Parlamenti və Elmi cəmiyyətinin üzvləri mənə və komanda
yoldaşlarıma dəstək verirlər.
Sevinirəm ki, 2011-ci ildə mənimlə birgə qızıl medal
almış Lalə Darçınova sonradan fənn olimpiadalarının
Respublika turunun qalibi, məktəbi qızıl medalla bitirib
674 balla ali məktəbə daxil oldu. 2012-ci ildə mənimlə
birgə uğura imza atmış Kamal Tağızadə hazırda təhsilini
Londonda davam etdirir. 2012-ci ildə mənimlə birgə çıxış
etmiş 236 nömrəli məktəbin X sinif şagirdi Roza Xudiyeva
dərs əlaçısıdır.
Leyla barədə müəllimlərinin söylədikləri maraqlıdır.
Kompleksin təşkilatçısı Naibə Kərimova:
- Leyla məktəbimizə gəldiyi ilk gündən mənim diqqətimi
cəlb etdi. O, ağlı, dərrakəsi, geniş dünyagörüşü ilə
digərlərindən fərqlənir. Sinif yoldaşları və müəllimləri
ilə çox mehriban, səmimidir. Həm özünə, həm də
ətrafındakılara qarşı diqqətli, məsuliyyətlidir. Dərs
əlaçısı olmaqla yanaşı, ictimai işlərdə də fəal iştirak
edir. İctimai Televiziyada "Uşaqların şəhəri"
verilişinin məşhur aparıcılarından biri kimi tanınır.
İngilis dilində səlis danışır ki, bu da onun müsbət
xüsusiyyətlərindən biridir. Leyla haqqında çox danışmaq
olar. Mən ona gələcəkdə yeni uğurlar arzu edirəm.
Biologiya
müəllimi Gülnar Rəhimova:
- Mən Leylaya həm də həyati biliklərə əsaslanan təhsil
kursunu tədris edirəm. Biz Azərbaycan Dövlət Neft
Şirkətinin Ekologiya İdarəsinin layihələrində fəal
iştirak edirik. Leyla təşəbbüskarlığı, ünsiyyətcilliyi
və xarici dillərdə sərbəst danışığı ilə seçilir.
Növbəti layihəmizi Şuşa rayon Malıbəyli kənd orta
məktəbi ilə birgə təqdim etmək niyyətindəyik.
Hazırladı: Ellada UMUDLU |