Mayın 16-da Bakıdakı 149 nömrəli tam orta məktəbdə bir
qrup Qarabağ müharibəsi veteranı - ehtiyatda olan
zabitlərin həmin təhsil müəssisəsinin çağırış yaşında
olan şagirdləri ilə görüşü keçirilmişdir. Tədbir
"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin
"Çağırışçı gənclər arasında vətənpərvərliyin və
dövlətçiliyin təbliginə dəstək" layihəsi çərçivəsində
reallaşdırılmışdır.
Görüşdə Qarabağ müharibəsi veteranlarından ehtiyatda
olan zabitlər Mehman Kərimov "Gənc nəslin
dövlətçiliyimizin möhkəmləndirilməsində rolu", Yaşar
Cəfərli "Hərbi hazırlıq dərslərinin gənclərin
vətənpərvərlik tərbiyəsinə təsiri" mövzularında çıxışlar
etmişlər.
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan çavuş Novruz
Quliyev isə 1992-1994-cü illərdə Ağdam cəbhə bölgəsində
erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş
əməliyyatlarının canlı iştirakçısı kimi yeniyetmələrə öz
cəbhə xatirələrindən danışmışdır.
Qarabağ müharibəsi veteranlarının çıxışları məktəblilər
tərəfindən maraqla qarşılanmışdır. Çıxışlardan sonra
veteran zabitlər yeniyetmələrin çoxsaylı suallarını
cavablandırmışlar.
Sonda tədbir iştirakçılarına müxtəlif təbliğat
materialları, o cümlədən layihə çərçivəsində hazırlanmış
"Vətən əxlaqı" və "Əsgərin yaddaş kitabçası" adlı
kitabçalar paylanmışdır.
Samirə KƏRİMOVA |