Yetişməkdə
olan nəsil tükənməz güc deməkdir. Cəmiyyətdə öz sözünü
deməyi bacaran fəal gənclərimiz çoxdur. Dövlət gənclər
siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir
ki, gənclərimizin beynəlxalq aləmdə öz potensialını
nümayiş etdirməsi üçün münbit zəmin yaradılmışdır.
Dünyagörüşü, intellektual səviyyəsi, həyata baxışı ilə
seçilən gənc nəsil Azərbaycanın sabahıdır. Gəncliklə
qürur duyan, istedad və bacarığı, xüsusi ifaçılıq
qabiliyyəti ilə fərqlənən, yeniyetmə yaşlarından
Prezident təqaüdçüsü olan Toğrul Hüseynli də belə
gənclərdəndir. T.Hüseynli 1994-cü ildə Bakıda anadan
olmuşdur. İlk öncə o, görkəmli bəstəkar Oqtay
Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel"
uşaq teatrının solisti seçilmişdir. Bakı Musiqi
Akademiyasının nəzdindəki pedaqoji hazırlıq
kafedrasında təhsilə başlamış, fortepiano ifaçılığına
yiyələnmişdir. 9 yaşında o, Nazim Əliverdibəyov adına
gənc ifaçıların 4-cü ümumşəhər müsabiqəsində
birincilik əldə etmişdir. Toğrulun beynəlxalq
müsabiqələrdə də müvəffəqiyyətləri az olmamışdır. Belə
ki, 2005-ci ildə Gürcüstanda keçirilən pianoçuların II
beynəlxalq müsabiqəsində III yeri tutaraq bürünc medala
layiq görülmüşdür. 2006-cı ildə Rauf Adıgözəlovun
rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri
ilə filarmoniyada konsert vermişdir. 2008-ci ildə ulu
öndər Heydər Əliyevin anadan olmasının 85 illik
yubileyinə həsr olunmuş gənc musiqiçilərin birinci
respublika müsabiqəsinin qalibi olmuşdur. Heydər Əliyev
Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq
musiqi festivalında da uğur qazanmışdır.
Gənc ifaçı növbəti uğurunu isə Belarusda keçirilən
musiqi festivalında əldə etmişdir. Böyük bir musiqi
bayramı yaşandığını qeyd edən Toğrulun sözlərinə görə,
o, 4-cü dəfədir ki, Belarusda keçirilən belə bir
möhtəşəm musiqi festivalında iştirak edir. Gənclər
Akademiyasında olarkən dünya şöhrətli musiqiçi və
tanınmış sənətçilərlə görüşmüş, onlardan həm ustad, həm
də fərdi dərslər almışdır. Bir həftə ərzində 2 konsert
verdiyini deyən Toğrul, bunlardan birinin Musiqi
Akademiyasının böyük zalında,digərinin isə Belarus
Dövlət Filarmoniyasında baş tutduğunu söylədi.
Gənclər Akademiyasının ilk konsertində ən istedadlı
musiqiçilər iştirak etmişdir. Final konsertində isə
Azərbaycanın təmsilçiləri daha çox fərqlənmişlər.
O, 2009-cu ilin noyabrında Azərbaycan Dövlət
Filarmoniyasında Prezident təqaüdçülərinin hesabat
konsertində Verdi-List Konsert parafrazasını uğurla ifa
etmişdir. 2009-cu ilin dekabrında istedadlı gənc
Beynəlxalq Uşaq Olimpiadasına həsr olunmuş konsertdə
maestro Teymur Göyçayevin dirijorluğu və Azərbaycan
Dövlət Uşaq Simfonik Orkestrinin müşayiəti ilə
T.Quliyevin "Qaytağı" pyesini məharətlə ifa etmişdir.
2009-cu ilin 8-14 dekabr tarixlərində keçirilmiş
M.Rostropoviç adına Beynəlxalq musiqi festivalı
çərçivəsində filarmoniyanın səhnəsində baş tutmuş
konsertdə T.Hüseynli yaddaqalan ifaçılardan biri
olmuşdur. O, 2009-cu ilin martında F.Şopenin 200 illik
yubileyi münasibətilə keçirilən festivalda Polşa
pianoçusu S.Deya və ölkəmizin bir sıra pianoçuları ilə
eyni səhnəni paylaşaraq əsl istedad sahibi olduğunu
bir daha sübut etmişdir. Gənc pianoçu Bülbül adına
Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə
bitirmişdir.
İstedadlı gənc incəsənətdə nail olduğu bütün
müvəffəqiyyətlərə görə ölkə rəhbəri İlham Əliyevə və
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya təşəkkürünü bildirir.
Hazırda Toğrul Hüseynli Almaniyanın Köln şəhərində
konservatoriyada fortepiano ifaçılığı üzrə təhsilini
davam etdirir, II kursda oxuyur. Bu müddət ərzində o,
bir sıra solo konsert proqramları ilə çıxışlar etmişdir.
Almaniyada ən böyük uğuru isə 2012-ci ildə Frankfurt
şəhərində keçirilmiş müsabiqədə mükafata layiq
görülməsi olmuşdur. Toğrul Hüseynli "Alman pianoçular"
mükafatçısı seçilərək Frankfurtun məşhur Alfe Oper
konsert salonunda da konsert proqramı ilə çıxış
etmişdir. Azərbaycanın Berlindəki səfirliyində 20
Yanvar faciəsinə həsr olunmuş tədbirdə gənc pianoçu
Avropa tamaşaçılarını heyrətləndirmişdir. Toğrul
Hüseynlinin Frankfurtdakı "Alman pianoçular" mükafatına
layiq görülməsi haqqında Londonda "TEAS" jurnalında
məqalə dərc olunmuşdur. 2013-cü ilin martında gənc ifaçı
Bakı Musiqi Akademiyasında "Perlender. Romantik" adlı
solo konsert proqramı ilə çıxış etmişdir. Toğrul artıq
peşəkar musiqiçi kimi özünü doğrultmaq üçün daha böyük
uğurlara imza atmaq əzmindədir.
Sifai SƏFƏROVA |