Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva iyunun 6-da Nəsimi rayonundakı 74 və 92
nömrəli, Binəqədi rayonundakı 298 nömrəli körpələr
evi-uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında
iştirak etmişdir.
Heydər Əliyev Fondunun prezidenti əvvəlcə 74 nömrəli
körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış
oldu.
Mehriban xanım Əliyevaya və qızı Arzu Əliyevaya gül
dəstələri təqdim edildi.
Azərbaycanın birinci xanımı bağçanın əsaslı təmirdən
əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov məlumat verdi ki, bu gün uşaqların
keyfiyyətli təhsil və dünya standartlarına cavab verən
tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə
olunması, onlar üçün zəruri şəraitin yaradılması,
böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması
Azərbaycanda dövlət uşaq siyasətinin başlıca
prinsiplərindəndir. "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair" Dövlət Proqramına uyğun olaraq körpələr evlərinin,
uşaq bağçalarının, internat və orta məktəblərin əsaslı
şəkildə yenidən qurulması bu istiqamətdə aparılan
işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Nəsimi rayonundakı 74 və 92 nömrəli körpələr evi-uşaq
bağçaları da bu inkişaf proqramına uyğun olaraq əsaslı
təmir edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr
həyata keçirir, dövlətin bu istiqamətdəki siyasətinə
daim dəstək olur.
Qeyd
edildi ki, 1962-ci ildən fəaliyyət göstərən bağçada bu
illər ərzində heç vaxt əsaslı təmir işləri
aparılmamışdır. Ötən ilin mayında başlanılan əsaslı
bərpa işləri nəticəsində bu məktəbəqədər təhsil
müəssisəsində uşaqlar üçün lazımi şərait yaradılmışdır.
Mehriban xanım Əliyeva uşaq bağçasında yaradılan
şəraitlə tanış oldu.
Bildirildi ki, burada 75 uşağın təlim-tərbiyəsi ilə
peşəkar mütəxəssislər məşğul olacaqdır. Bağçanın
ikimərtəbəli binasında dörd qrup vardır. On iki otağı
olan müəssisədə musiqi zalı da yaradılmışdır. Buradakı
şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə
məşğul olmağa imkan verir.
***
Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 92
nömrəli körpələr evi-uşaq bağçasının da əsaslı təmirdən
sonra açılışında iştirak etdi.
Qeyd olundu ki, bu bağça da 1962-ci ildən fəaliyyət
göstərir. Müəssisədə ayrı-ayrı illərdə bərpa işləri
aparılsa da əsaslı təmirə ehtiyac yaranmışdı.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət
Proqramına uyğun olaraq ötən il burada əsaslı təmir
işlərinə başlanılmışdır. Təmir işlərinin qısa zamanda və
yüksək keyfiyyətlə həyata keçirilməsi üçün lazımi
tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı
şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.
Müəssisə ilə tanış olan birinci xanım Mehriban
Əliyevanın diqqətinə çatdırıldı ki, ikimərtəbəli binada
Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət
göstərəcəkdir. Məktəbəqədər, orta və kiçik qrupların
fəaliyyət göstərdiyi bağçada 2 yaşından 6 yaşadək,
ümumilikdə 75 uşağın təlim-tərbiyəsi ilə 20 nəfərlik
pedaqoji və xidməti heyət məşğul olacaqdır. Bu uşaq
müəssisəsi də bütün zəruri avadanlıq, o cümlədən
oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev
Fondu tərəfindən lazımi inventarlar hədiyyə olunmuşdur.
Mehriban xanım Əliyeva bağçada yaradılan şəraitdən
razılığını bildirdi.
Müəssisənin yerləşdiyi ərazidə yaşayan sakinlər
Azərbaycanın birinci xanımını salamladılar.
***
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva Binəqədi rayonunda əsaslı təmirdən sonra
istifadəyə verilən 298 nömrəli körpələr evi-uşaq
bağçasına gəldi.
Məlumat verildi ki, 298 nömrəli körpələr evi-uşaq
bağçası da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət
Proqramına əsasən əsaslı təmir olunmuşdur. 1968-ci ildən
istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin
iyununda başlanılmış və qısa zamanda sona
çatdırılmışdır. Burada uşaqların yaşaması, ilkin
biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait
yaradılmışdır.
Qeyd olundu ki, 10 min 820 kvadratmetr ərazi
təmizlənmiş, 1542 kvadratmetr sahəni əhatə edən
ikimərtəbəli dörd bina tamamilə yenilənmişdir. 230
yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və
əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Bağçanın
həyəti abadlaşdırılmışdır. Xüsusilə də yay aylarında
uşaqların bağçanın həyətində istirahət edib əylənmələri
üçün müxtəlif oyun meydançası salınmış, yelləncəklər,
attraksionlar quraşdırılmışdır. Bağçanın həyətində iki
min kvadratmetr sahədə yaşıllıq salınmış, müxtəlif
çiçəklər, gül kolları əkilmişdir.
Məlumat verildi ki, burada 2-6 yaş arasında 12
məktəbəhazırlıq qrupu vardır. Uşaqların estetik zövqünü
formalaşdırmaq üçün yaradılan musiqi zalında balacalar
həm də özlərinin hazırlayacaqları tamaşaları təqdim edə
biləcəklər. Burada müxtəlif nağıl qəhrəmanlarının
obrazlarını yaratmaq üçün tamaşa zalı, səhnə
quraşdırılmışdır. Bağçadakı tibb, mətbəx, yataq, dərs,
yemək otaqları və ləvazimatları, məişət əşyaları, musiqi
alətləri tamamilə yenilənmişdir. Binanın girişində və
dəhlizində müşahidə kameraları, yanğından mühafizə
sistemi quraşdırılmışdır. Balacaların təlim-tərbiyəsi
ilə 19 tərbiyəçi məşğul olacaqdır. Uşaqların gün ərzində
dörd dəfə keyfiyyətli qidalanması üçün zəruri ərzaq
məhsullarından ibarət menyu tərtib edilmişdir.
Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva
bağçanın kollektivinə uğurlar arzuladı.
AzərTAc |