Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov mayın
31-də Bakı şəhərindəki Bağça-Məktəb-Lisey Kompleksində
keçirilən "Son zəng" mərasimində iştirak etmişdir.
Müəllimlər, şagirdlər, məzunlar və onların valideynləri
qarşısında çıxış edən nazir qeyd etmişdir ki, məzunlar
indi böyük həyata qədəm qoyurlar. Mikayıl Cabbarov ali,
orta ixtisas və ilk peşə məktəblərinə qəbul
imtahanlarında abituriyentlərə uğurlar və inkişaf üçün
yorulmaq bilmədən səy göstərməyi arzu edərək
bildirmişdir ki, Azərbaycan onlara ümidlə baxır.
Müasir Azərbaycanın gələcəyi üçün sağlam, vətənpərvər,
yüksək təhsilli gənclərin yetişdirilməsində
valideynlərin də üzərinə mühüm vəzifələr düşdüyünü
nəzərə çatdıran təhsil naziri məktəb-valideyn
əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə
əminliyini ifadə etmişdir.
Məktəbdə təhsil üçün yaradılmış yüksək şəraitdən söz
açan Mikayıl Cabbarov bunu Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə
qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir.
Cari ildə məktəblərin buraxılış - 9-cu və 11-ci
siniflərini 216 mindən çox şagird bitirəcəkdir. Təhsil
Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri
üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən
buraxılışı isə 26 137 nəfər təşkil edəcəkdir. Bu tədris
ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili
müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.
|