Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

AMİ-də xarici ekspertlər layihə çərçivəsində araşdırma aparmışlar

 

"Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması" layihəsi ilə bağlı nümayəndə heyəti Azərbaycan Müəllimlər İnstitutunda olmuşdur.

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Təhsil üzrə Avropa  Həmkarlar İttifaqı Komitəsinin "Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması" layihəsi çərçivəsində xarici ekspertlər araşdırma aparmışlar. AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı layihənin baş koordinatoru, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin direktoru Martin Romerin rəhbərlik etdiyi, tərkibində həmçinin Danimarka və Rusiyadan olan ekspertlərin olduğu nümayəndə heyətini qəbul etmiş, onlara Azərbaycan Müəllimlər İnstitutu haqqında ətraflı məlumat vermişdir. Rektor A.Naxçıvanlı  Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq etməsini, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını ölkəmizin İKT sahəsində əldə olunmuş böyük nailiyyəti kimi dəyərləndirmiş və bu uğurların daha da artacağına inandığını bildirmişdir.

Görüş zamanı layihə rəhbəri vurğulamışdır ki, bu layihə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi tərəfindən Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Rusiya, Danimarka, Portuqaliya, Niderland, Yunanıstan, Slovakiya kimi Avropa ölkələrinin də iştirak etdiyi layihənin məqsədi təhsil işçilərinin və təhsil alanların motivasiya edilməsi və yenidən təhsilə cəlb olunmasında İKT-nin rolu ilə bağlı təhsil müəssisələrində araşdırmalar aparmaq, müəllimlərin İKT-nin potensialından pedaqoji nöqteyi-nəzərdən necə istifadə etdiyini araşdırmaqdır. Bundan əlavə, müəyyən olunmuş ən yaxşı təcrübələrin ölkələr arasında transformasiyasının nəzərdən keçirilməsi, müxtəlif Avropa ölkələrində müəllim təşkilatlarının təhsildə İKT sahəsindəki işinə və onların milli-mədəni təhsil kontekstlərinə müvafiq olan ən yaxşı metodik nümunələrin qəbul olunmasına töhfələr verilməsi də layihənin məqsədləri sırasındadır. Hazırda layihə üzvləri tərəfindən yuxarıda adları göstərilən ölkələrdə İKT-nin təhsildə rolu barədə araşdırma aparılır.

Layihənin təmsilçilərindən olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də görüşdə iştirak etmişdir. Layihə üzrə ekspertlər Azərbaycanda yalnız bir ali təhsil müəssisəsində - imkanların daha geniş olduğuna, təhsil səviyyəsinə, bölgələrdə filialları fəaliyyət göstərdiyinə, filiallarla elektron əlaqələri qurulduğuna görə Azərbaycan Müəllimlər İnstitutunda və iki orta məktəbdə görüş keçirməyi nəzərdə tutmuşlar.

Ekspertlərə əlavə olaraq məlumat verilmişdir ki, AMİ Təhsil islahatlarının, Milli Təhsil Konsepsiyasının qarşıya qoyduğu tələblərin uğurla həyata keçirilməsi istiqamətində öz fəaliyyətini qurmuşdur. Ölkəmiz Boloniya təhsil sisteminə qoşulduqdan sonra institut bu təlim texnologiyalarını tədris işinə tətbiq edən, yeni qiymətləndirmə mexanizmini, kredit sistemi prinsiplərini uğurla yerinə yetirən öncül ali məktəblərdən sayılır. AMİ və onun filiallarının əlavə təhsil sistemində aparıcı müəssisə hesab olunması ilə bağlı da ekspertlərə məlumat verilmişdir.

AMİ-də apardıqları araşdırma zamanı ekspertlər institutun müəllim və tələbə heyəti ilə fikir mübadiləsi apararaq institut daxilində İKT-dən necə istifadə barədə məlumat toplamış, onlara ünvanlanmış sualları cavablandırmışlar. Görüşdən sonra qonaqlar institutun nəzdində olan Heydər Əliyev Mərkəzini ziyarət etmiş, sonra isə kompüter mərkəzi, elektron lövhə ilə təchiz olunmuş auditoriyalar və konfrans zallarında da olmuş və çox razı qalmışlar.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov