Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

İstehsalat təcrübəsinin yekunları müzakirə olunmuşdur

 

Mayın 30-da Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova açaraq qeyd etmişdir ki, müstəqil respublikamızın inkişafında, möhkəmlənməsində və hüquqi-demokratik, dünyəvi dövlət kimi dünyaya inteqrasiya olunmasında təhsil siyasətinin müstəsna rolu vardır.

Məhz buna görədir ki, ulu öndər Heydər Əliyev xüsusi olaraq qeyd edirdi ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Ümummilli liderin fikrincə, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Gənclərin əsas vəzifəsi isə özünü ölkəmizin inkişafına, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.

Bildirilmişdir ki, ulu öndərin tövsiyələrini rəhbər tutan pedaqoji kollektiv milli tərbiyə işinin məzmununun ilk növbədə gənclərin dövlətçilik, müstəqillik, azadlıq və onların qorunması uğrunda mübarizlik ruhunda tərbiyə olunmasından ibarət olduğu prinsipi ilə çalışır. İstehsalat təcrübəsinin nəticələri bir daha təsdiqləyir ki, pedaqoji kollektiv bu işdə uğurla fəaliyyət göstərir. İkinci semestrin tədris qrafikinə müvafiq olaraq müxtəlif ixtisaslar üzrə tələbələr Şamaxı şəhər  məktəblərində pedaqoji təcrübə keçmişlər.

Təcrübəyə yüksək ixtisaslı pedaqoq, psixoloq, metodist və müəllim kadrları cəlb edilmişdir.

Sonra istehsalat təcrübəsi rəhbəri Zərifə Əsədova, dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əlistan Əkbərov, M.Hadi adına şəhər 9 nömrəli orta məktəbin direktoru Xasay İsayev, S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin direktor müavini Şura İsmayılova çıxış edərək istehsalat təcrübəsində tələbələrin elmi-nəzəri və pedaqoji hazırlığından, uğurla keçən sınaq dərslərindən, hazırladıqları tədbirlərdən bəhs etmişlər. Xasay İsayev daha sonra çıxışında pedaqoji kollektiv adından filialın rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür etmişdir.

Tələbələrdən Tehran Səfərəliyev, Xədicə Orucova, Aygün Abdullayeva çıxış edərək istehsalat təcrübəsində onlara göstərilən qayğıya, yaradılan şəraitə görə məktəb direktorlarına, metodist və fənn müəllimlərinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda istehsalat təcrübəsi zamanı ən fəal tələbələrin hazırladıqları əyani vəsaitlərə baxış keçirilmiş və ən yaxşı tələbə-müəllimin "açıq dərs"i olmuşdur.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov