Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilənd ştatında yerləşən fiziki və əqli cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı edilmişdir

 

Azərbaycan ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da  xeyriyyəçilik fəaliyyətləri həyata keçirən Heydər Əliyev Fondu tərəfindən bu dəfə ABŞ-ın Merilənd ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilmişdir.

Bu yardım əsasında həmin məktəblər üçün kompüterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınacaqdır.

İyunun 6-da bu münasibətlə Merilənd ştatında qüsurlu uşaqların təhsil aldığı "Lonqvyu" məktəbində xüsusi mərasim təşkil olunmuşdur.

Mərasimə məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil sisteminə daxil olan təşkilatların nümayəndələri, yerli hakimiyyət dairələrinin təmsilçiləri və qüsurlu şagirdlərin bir qrupu qatılmışlar.

İştirakçılar qarşısında çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə, ilk növbədə, onlara ölkəmiz və xalqımız haqqında məlumat vermiş, daha sonra Fondun qısa tarixçəsi, məqsəd və məramlarından söz açmışdır. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli fəaliyyətlər və onların əhatə dairəsi barədə danışmışdır. Fondun prezidentinin uşaqlara yetirdiyi diqqət və qayğını xüsusilə vurğulayan C.Paşayeva-Seyidzadə mərasimin təşkilinin ölkəmizdə geniş qeyd olunan 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündən sonraya təsadüf etdiyini və uşaqlara bəxş edilən sevincin qiymətsiz olduğunu söyləmişdir.

Fondun nümayəndəsi yekunda "Lonqvyu" məktəbi ilə Azərbaycanın ixtisaslaşmış təhsil müəssisələri arasında təcrübə mübadiləsinin təşkilinin hər iki tərəf üçün faydalı ola biləcəyini göstərmişdir.

Mərasimdə Montqomeri dairəsinin təhsil fondunun icraçı direktoru Yolanda Pruit, dairənin təhsil xidmətləri mərkəzinin nümayəndəsi Lavern Kimbal və "Lonqvyu" məktəbinin əlaqələndiricisi Mişel Mak çıxış edərək səmimi xeyriyyəçiliyə görə Heydər Əliyev Fonduna təşəkkür etmiş və bu təşəbbüsü çox yüksək qiymətləndirmişlər.

Tədbirin iştirakçıları arasında olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz növbəsində Heydər Əliyev Fondunun Montqomeri dairəsinin fiziki cəhətdən qüsurlu  uşaqların təhsil aldığı məktəblərə göstərdiyi xeyriyyə dəstəyinin onların duyduğu ehtiyacların qarşılanması ilə bərabər, iki ölkənin xalqları arasında münasibətlərin dərinləşməsinə əhəmiyyətli bir töhfə olduğunu ifadə etmişdir.

Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan musiqisi incilərini əks etdirən disklər və məlumat kitabçalarından ibarət hədiyyələri "Lonqvyu" məktəbinin rəhbərliyi minnətdarlıq hissi ilə qəbul etmişdir.

Mərasimin sonunda məktəbdə fiziki cəhətdən qüsurlu uşaqların təhsili üçün yaradılmış şərait tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən göstərilmiş xeyriyyə yardımına "Washington Times" qəzetində ayrıca bir məqalə həsr olunmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov