Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Belarusun  xarici işlər naziri Bakı Slavyan Universitetində olmuşdur

 

İyunun 10-da  Belarusun xarici işlər naziri Vladimir Makey  BSU-nun qonağı olmuşdur.  BSU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzində baş tutan görüşdə bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviç, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə, "Belarus və Azərbaycan Dostluq Cəmiyyəti"nin sədr müavini, Milli Məclisin deputatı Ziyad Səmədzadə, cəmiyyətin fəal üzvlərindən Mehriban Alışanova, "Kitab" Respublika Cəmiyyətinin sədri, Miniatür Kitablar Muzeyinin müdiri Zərifə Salahova və başqaları   iştirak etmişlər.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonağı salamlamış və vaxt ayırıb universitetə gəldiyinə görə ona təşəkkür etmişdir.

Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı Bakıda rəsmi səfərdə olan  Vladimir Makey bu təhsil ocağında olmaqdan məmnunluğunu bildirmişdir: "Azərbaycanla Belarusu bir çox müştərək layihələr birləşdirir. Ölkələrimiz arasında  münasibətlər möhkəm və davamlı xarakter alıb və bu münasibətlər gələcəyə köklənmişdir". V.Makey eyni zamanda qeyd etmişdir ki, insanlar arasında mənəvi əlaqələri gücləndirmək olduqca vacibdir. Məhz bu baxımdan sizin burada gördüyünüz işlər təqdirəlayiqdir. Təsadüfi deyildir ki, Belarusun Prezidenti cənab A.Q.Lukaşenko bu mərkəzin açılışında şəxsən iştirak etmişdir. Mədəni əlaqələrimizin inkişafı gələcəkdə respublikalarımızın əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaradacaqdır. Cənab nazir BSU-nun Belarus Dili və Mədəniyyəti Mərkəzinin  nazirlik tərəfindən himayəyə götürüləcəyinə, mərkəzin lazımi vəsaitlərlə təmin ediləcəyinə və gələcəkdə Belarus dilini öyrənən BSU tələbələrinin Belarusun Xarici İşlər Nazirliyində təcrübə keçmələri  məsələsinə münasibət bildirəcəyinə söz vermişdir.

Görüşdə Z.Salahova Belarus ədəbiyyatının klassiki Yanka Kupalanın Miniatür Kitab Muzeyi tərəfindən iki cilddə nəşr olunmuş  "Jaleyka" toplusunu   BSU-nun Belarus Dili və Mədəniyyəti Mərkəzinə hədiyyə etmişdir.

Akademik Z.Səmədzadə və M.Alışanova  Belarus ilə Azərbaycan arasında yüksək səviyyədə inkişaf edən münasibətlərdən razılıqlarını bildirmiş və gələcəkdə də bu əlaqələrin daha da möhkəmlənməsinə  əmin olduqlarını qeyd etmişlər.

Belarus Dili və Mədəniyyəti Mərkəzinin müdiri Albina Seyidova  mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. BSU-da Belarus dilini öyrənən tələbələrin ifasında isə Y.Kupalanın şeiri və mahnısı səsləndirilmişdir.

Sonda V.Makey  BSU-nun və mərkəzin "Fəxri qonaqlar" kitablarına ürək sözlərini yazmış və tələbələrlə xatirə şəkli çəkdirmişdir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov