Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Coğrafiya fənni və şagirdlərin vətənpərvərlik tərbiyəsi

 

Orta məktəblərdə tədris olunan elmlər içərisində coğrafiya fənninin öz yeri, öz xüsusiyyətləri var. Şagirdlərin dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında bu fənnin rolu çox böyükdür.

Belə ki, hələ XX əsrin əvvəllərində Azərbaycanda coğrafiya fənninə aid ilk dərsliklərin müəllifi kimi tanınmış Qafur Rəşad Mirzəzadə coğrafiyanı öyrənməyin həyati əhəmiyyəti olduğunu qeyd edərək yazırdı: "Coğrafiyanı öyrənməyin faydası böyükdür. Yer insanın məskəni olduğuna görə coğrafiyanı öyrənmək Yeri öyrənmək deməkdir".

Vətənimizin müharibə şəraitində olduğu bir vaxtda şagirdlərin ölkəmizin yaşayış məntəqələrini, dağlarını, düzənliklərini, çaylarını, göllərini daha yaxşı tanımalarına böyük ehtiyac var. Şagirdlər nəinki coğrafi adları bilməli, həmçinin bu adların yaranma tarixini, mənşəyini öyrənməli, adları dəyişdirilmiş yurd yerlərimiz haqqında məlumata malik olmalıdırlar. Şagirdləri Vətənimizin füsunkar təbiəti ilə yaxından tanış etmək üçün bu fənnin çox böyük imkanları var. Xüsusilə VIII sinif "Azərbaycanın fiziki coğrafiyası", "Azərbaycanın iqtisadi və sosial coğrafiyası" dərsliklərinin rolu böyükdür. Bu kitabların yenidən (əlavələrlə, yeni məlumatlarla) nəşri, atlasların yenidən işlənilməsi (VI-VIII siniflər üçün) biz coğrafiya müəllimlərini çox sevindirir. Bu dərs vəsaitləri ölkəmizin təbiəti və iqtisadiyyatında baş vermiş yeniliklərlə şagirdləri tanış edir, işğal edilmiş ərazilərdə dağıdılmış yaşayış məntəqələri (890-dan çox), məktəb, tarixi abidələr, meşə sahələri (280 min hektar) və s. haqqında məlumat verir. Ona görə də bu dərsliklərdəki mövzuların tədrisinə xüsusi diqqətlə yanaşılmalıdır.

Müasir dövrümüzdə şagirdlərin idrak fəallığını artırmaq üçün interaktiv təlim metodlarından istifadə edilir. Bu isə şagirdlərdə müstəqil düşünmək, nəticələr çıxarmaq, yeni fikirlər söyləmək vərdişləri yaradır. Bu metodlardan istifadə edərək (əsasən beyin həmləsi, Venn diaqramı, diskussiya və s.) coğrafiyanın başlanğıc kursunda (VI sinif fiziki coğrafiya) ölkəmiz haqqında (çayları, gölləri, iqlimi) təsəvvür yaradıram. VI sinifdə keçilən mövzuları izah edərkən çalışıram ki, Azərbaycan Respublikasının xəritəsi üzərində iş aparım. Atlasın (VI sinif) ilk səhifəsində verilmiş xəritə dərslərimizdə mühüm yer tutur. Ümumiyyətlə, coğrafiya dərslərində bütün mövzuların şərhi xəritələr üzərində qurulmalıdır. Xəritə üzərində çalışma həlli, hər hansı bir coğrafi obyektin təyini, müqayisəsi şagirdlərdə dərsə maraq yaradır.

Şagirdləri xəritə üzərində işlədərkən Azərbaycan Respublikasının xəritələri əsas götürülməlidir. Mən çalışıram ki, şagirdlərim ölkəmizin xəritəsini daha mükəmməl bilsinlər, işğal altında olan torpaqlarımız, adları dəyişdirilmiş yurd yerlərimiz haqqında məlumatlar onların yaddaşına həkk olunsun. Şagirdlər öz Vətənlərini yaxşı tanısınlar, onu sevsinlər. VI sinifdə çaylar, göllər, dağlar və düzənliklər haqqında mövzuların tədrisi zamanı şagirdlərə Azərbaycanda olan bu təbii obyektlərin adlarını həm xəritədən, həm də valideynlərinin köməyi ilə yazmalarını tapşırıram, özüm isə eyni zamanda həmin mövzular əsasında şagirdlər üçün suallar və tapşırıqlar hazırlayıram. Bu tapşırıqlar həm əyləncəli, həm də maraqlı olmalıdır. Məsələn, sual və tapşırıqlardan bir neçəsini nəzərdən keçirək:

- Azərbaycanın hansı rayonlarının adları çay adları ilə eynidir?

- Azərbaycanda adları rəng adları ilə bağlı olan çayların, dağların, göllərin adlarını deyin.

- Azərbaycanın hansı şairləri çay adlarını özləri üçün ləqəb götürmüşlər?

- Xəritədə sərhədlərimizdə yerləşən təbii obyektlərin (çayların, dağ silsilələrinin və s.) təyin edilməsi.

Murov, Qarabağ dağ silsilələrinin və Qarabag Vulkan yaylasının ən hündür zirvələrinin təyini və s.

Bu tapşırıqlar şagirdlərdə xəritə üzərində müstəqil işləmək bacarığı yaradır. VI sinifdə artıq şagirdlər ölkəmizin coğrafi mövqeyi, təbii ehtiyatları, relyefi, iqlimi, bitki və heyvanlar aləmi ilə tanış olurlar. VII sinifdə isə eyni ilə hər bir mövzunu ölkəmizin coğrafiyası ilə əlaqələndirməyə çalışıram. Məsələn, "Dünya okeanı", "İqlim əmələ gətirən amillər", "Afrika materiki" mövzuları üzrə belə suallar verirəm:

- Hansı okeanlar Azərbaycanın iqliminə təsir edir (etmir)?

- Relyefin ölkəmizin iqliminə təsirini nə ilə izah etmək olar?

- Azərbaycan hansı iqlim qurşaqlarında və iqlim tiplərində yerləşir?

- Hansı hava kütlələri Azərbaycanın iqliminə təsir edir (etmir)?

- Afrikada Asuan su anbarını hansı azərbaycanlı mühəndis inşa etmişdir?

Belə sualları başqa mövzular üzərində də qurmaq olar. Bütün bu səylərimiz ona gətirib çıxarır ki, VIII sinifdə artıq şagirdlərimiz vətənimiz haqqında çoxlu məlumatlara malik olurlar. Dərsin daha maraqlı keçməsi üçün şagirdlərimə sərhəd rayonlarımız, təbii sərvətlərimiz, qoruqlarımız, coğrafi toponimlərimiz (yer adlarımızın mənası) və s. haqqında məlumat toplamağı tapşırıram. Bu məlumatlar əsasında qurulan dərslər şagirdlərin ölkəmiz haqqında biliklərini daha da genişləndirir.  

Güldəstə ƏHMƏDOVA,
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov