Beynəlxalq
Olimpiya Akademiyası Yunanıstanın paytaxtı Afinada
gənclər üçün 53-cü sessiya təşkil etmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
(GİN) və Beynəlxalq Olimpiya Akademiyası arasında
olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılığa
əsasən, bu beynəlxalq tədbirə azərbaycanlı tələbələr də
dəvət olunmuşlar.
GİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
sessiyada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1
məşqçi iştirak edir. Sessiyada tələbələr "Olimpiya
dəyərləri", "Olimpizm və sülh", "Olimpizm və humanizm
dəyərləri", "Olimpiya hərəkatının tarixi", "Olimpiya
təhsili" və digər mövzularda mühazirələr dinləyir,
seminarlarda iştirak edirlər.
İyunun 12-də sessiyanın açılış mərasimi keçirilmiş,
iştirakçı ölkələrin təqdimatı olmuşdur. Afinanın tarixi
yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim
Olimpiya kəndinə yola düşmüşlər. Tədbirin əsas proqramı
Olimpiya kəndində həyata keçiriləcəkdir.
Sessiya iyunun 25-dək davam edəcəkdir. |