Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Məktəbəqədər təhsil standartları layihəsinin təqdimatı olmuşdur

 

Moskvada dövlət federal məktəbəqədər təhsil standartları layihəsinin təqdimatı keçirilmişdir. Layihənin müəllifləri  müəllimlərin, valideynlərin və uşaqların özlərinin  yeni sənədlə bağlı gözləntiləri, layihənin unikallığı və onun ölkədə məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsində rolu barədə danışmışlar.

Təhsilin İnkişafı Federal İnstitutunun direktoru, layihənin işçi  qrupunun rəhbəri Aleksandr Asmolov bildirmişdir ki, digər təhsil standartlarından fərqli olaraq məktəbəqədər təhsil standartları ilk dəfədir ki, hazırlanır. "Standartların işlənib hazırlanması ilə peşəkarlardan ibarət  bütöv qrup məşğul olmuşdur. Onların yanaşmaları, baxışları müxtəlifdir, lakin onlar məhz uşaqlara yönəlik standartların işlənib  hazırlanmasını  qarşıya məqsəd qoymuşlar. Standartların hazırlanması gedişində biz "zərər vurma" prinsipinə əməl etmişik. Biz sosial-mədəni planda bir çox riskləri hesablamışıq və onları nəzərə almağa çalışmışıq",-deyə Asmolov bildirmişdir.

Məktəbəqədər təhsil  standartlarının hazırlanması, ilk növbədə, yeni təhsil qanununun qəbulu ilə bağlıdır. Məktəbəqədər təhsil yeni qanunda ayrıca səviyyə kimi gözdən keçirilir. Təqdimat iştirakçıları qeyd etmişlər  ki,  məktəbəqədər təhsil  və onun kriteriyalarının ifadə olunmasına diqqət  təkcə qanunvericilik dəyişiklikləri ilə bağlı deyildir. Bu gün bir sıra sosial çağırışlar mövcuddur ki, onlar yeni məktəbəqədər təhsil  standartlarının  işlənib hazırlanmasını şərtləndirir.

Standartlarda məktəbəqədər təhsil sahəsində çalışan  pedaqoqlara verilən tələblər də  əksini tapmışdır.  İlk dəfə olaraq sənəddə müəyyən olunmuşdur ki, məktəbəqədər yaşlı uşaqlarla işləmək nə deməkdir, ona qarşı hansı tələblər irəli sürülür, onun effektivliyini və keyfiyyətini təmin etmək üçün hansı şərait yaradılır.  Moskva Şəhər Psixoloji-Pedaqoji İnstitutunun rektoru Vitali Rubçovun sözlərinə görə,  məktəbəqədər təhsil sistemi üçün kadr  hazırlığı onların psixoloji hazırlığı nəzərə alınmaqla aparılmalıdır.

Sənəddə qeyd olunmuşdur ki, bu gün bütün uşaqların məktəbəqədər təhsillə əhatə olunması zəruri şərtdir.  Beynəlxalq normaya görə, bir pedaqoq  15 uşaqla məşğul olmalıdır. Aparılmış sosioloji araşdırmalar  bu normanı təsdiq etmişdir. Standartların unikal aspektlərindən biri odur  ki, bu  proqram təhsil sisteminin digər standartlarında olduğu kimi biliklər əldə olunmasını deyil,  psixoloji-pedaqoji dəstək, pozitiv sosiallaşma, uşağın fərdi inkişafı proqramları kimi müəyyən olunur. 

Standartlarda uşağın inkişaf dinamikasının  monitorinqindən bəhs olunur.   Monitorinq qiymət verilməsi kimi yox, pedaqoqa uşağın inkişafını təmin etməkdə kömək edəcək üsulların üzə çıxarılması, uşaqlarda qabiliyyətlərin müəyyən olunması və problemləri aradan qaldırmaq  üçün vacibdir. Bu cür monitorinqlərlə məhz psixoloq-müəllimlər  məşğul olmalıdırlar. Bu cür tədqiqatlar  yalnız valideynlərin və ya uşağın qanuni nümayəndəsinin  razılığı əsasında aparıla bilər. Bütün bu məqamların yeni məktəbəqədər təhsil standartlarının işlənib hazırlanmasında innovativ yanaşmalardır.

Rusiya Təhsil və Elm Nazirliyinin ümumi təhsil sahəsində dövlət siyasəti Departamentinin  direktoru A.Zıryanovanın sözlərinə görə, işçi qrupu tərəfindən 3 ay ərzində hazırlanmış sənəd  müzakirələrdən və bir sıra mümkün əlavə və dəyişikliklərdən sonra qəbul olunacaq.

"Uçitelskaya qazeta"dan

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov