Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Bakı Modern Məktəbində bayram tədbiri

 

 Bu günlərdə Bakı Modern Məktəbinin 1A 1 sinfində "Əlifba bayramı" keçirildi. Sinif müəllimi Sevinc Əliyevanın köməyi ilə  yüksək səviyyədə hazırladıqları tədbirdə balacalar sanki valideynlərinə, müəllimlərinə, dostlarına sərgüzəştlər, tədqiqatlarla dolu, çətin, eyni zamanda çox maraqlı keçən ilk tədris ilində öyrəndiklərinin hesabatını verdilər.

Qeyd edək ki, gənc olmasına baxmayaraq, qabaqcıl iş təcrübəsi ilə seçilən Sevinc Əliyeva 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin ən yüksək bal toplamış qaliblərindən biridir. Onun peşəkarlığı şagirdlərinin hazırlığından da hiss olunurdu. Onlar yalnız şeir söyləmək və mahnı oxumaqla kifayətlənməyərək məharətlərini əyləncəli viktorinalar, təqdimatlar, rəqslər, bədii gimnastika nömrələri, özlərinin yaratdıqları maraqlı səhnəciklərlə nümayiş etdirdilər.

Uşaqlar dünyamızın bəzəyi, gözümüzün nurudur. Onların dilində səslənənləri, saf körpə qəlblərindən gələnləri dinləmək insana böyük zövq verir. Bu tədbirdə də iki şagirdin vətənə aid müxtəlif şeirləri və mətni həyatla əlaqələndirmələri qonaqların böyük marağına səbəb oldu. Bu onu göstərir ki, respublikamızda təhsil sahəsində görülən işlər, həyata keçirilən layihələr özünü doğruldur, kurikulumun düzgün tətbiqi uşaqlarımızı, gələcəyimiz olan balalarımızı yaradıcı edir. Onlar düşünür, araşdırır, tətbiq edirlər. Bu isə çox sevindirici haldir.

Tədbirin sonunda birinciləri Bakı Modern Məktəbinin direktoru Gülarə  Əfəndiyeva, maliyyə direktoru Gülbəniz Dibirova, birincilərin dili ilə desək, onların məktəbdəki qayğıkeş nənəsi Tənzifə xanım təbrik etdilər. Gülarə Əfəndiyeva rəhbərlik etdiyi təhsil ocağında başa çatan ilk tədris ilində ilk "Əlifba bayramı" sevincini bu uşaqlarla yaşadığını vurğuladı. Müəllimlərinin və valideynlərinin böyük əməyi, diqqəti və qayğısı sayəsində şagirdlərin ağıllı, savadlı, vətənini, ana dilini sevən əsl vətənpərvərlər kimi böyüyəcəyinə əmin olduğunu deyən direktor onlara qarşıdakı təhsil illərində böyük uğurlar, şəxsi həyatlarında sevinc və xoşbəxtlik arzuladı. Sonra birincilərə diplomlar təqdim olundu. 1A1 sinfinin 12 şagirdindən 7-si müvəffəqiyyət (əlaçı), 5 nəfəri isə uğur diplomları ilə təltif edildi. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov