Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, Bakı şəhər tam orta məktəblərinin gənclərin çağırışaqədər hazırlıq rəhbərləri, Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidovun anası Zemfira Seyidova və digər qonaqlar iştirak edirdilər.

İnstitutun Heydər Əliyev muzey-lektoriyasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra rektor, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq Silahlı Qüvvələrin müstəqil dövlətimizin qurulmasında, inkişafında və möhkəmləndirilməsində misilsiz xidmətlərindən danışdı.

A.Zamanov keçmişə nəzər salaraq bildirdi ki, milli ordumuzun yaranma tarixi Azərbaycan Cümhuriyyətinin bir dövlət kimi təşəkkül tapması, məmləkətimizin dövlətlər arasında, bayrağımızın bayraqlar sırasında var olması uğrunda canını belə əsirgəməyən, bu yolda "Vətən mücahidləri" adını özlərinə şərəf bilən ölməz oğulların qanı ilə suvarıldığı, ruhu ilə mayalandığı mübarizlik yolundan başlayır.

Vurğulandı ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik uzun və şərəfli bir mübarizə yolu keçib bu günümüzə qovuşması, müasir dünya təcrübəsi ilə ayaqlaşa bilmək bacarığına malik güclü və yenilməz bir orduya çevrilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi siyasi gücə, iradi qüvvəyə, yüksək sərkərdəlik məharətinə və insani keyfiyyətlərə malik bu böyük şəxsiyyətin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi səciyyələnir.  Bu mənada Heydər Əliyev Milli Ordunun və hərbi məktəblərin daha müasir səviyyədə yaradılması istiqamətlərini dəqiq müəyyənləşdirərək  xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin ilk günündən nizami ordu yaradılmasını ön plana çəkdi. Ölkənin müdafiə gücünün əsas istiqaməti kimi, bu işin uğurla həyata keçirilməsi üçün hər cür şərait yaratdı.

Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun  Silahlı Qüvvələr Günü elan edilib və hər il xalqımız həmin günü təntənəli şəkildə bayram edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış və bu proses uğurla davam etdirilir.

Xalqımızın Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayev kimi oğullarımızın xidmət etdiyi Azərbaycan ordusu ilə fəxr etdiyini deyən natiq Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun zəfər bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağına inam yaratdığını söylədi.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidovun anası Zemfira Seyidova oğlunun ömür və döyüş yolundan danışaraq bir ana kimi onunla qürur duyduğunu və belə bir övlad böyütdüyü üçün iftixar hissi keçirdiyini dedi. Həmçinin bugünkü tədbirin təşkilinə və onu dəvət etdiklərinə görə institut rəhbərliyinə minnətdarlığını bildirdi.

Tədbirdə institutun əməkdaşları - Nurəddin Hüseynov, Fikrət Əliyev, Qarabağ müharibəsi veteranları, gənclərin çağırışaqədər hazırlıq rəhbərləri -  Abdulla Seyidov və  İbrahim Allahverdiyev çıxış edərək bu əlamətdar günün respublikamızın tarixindəki əhəmiyyətindən və ümumi təhsil müəssisələrində yeniyetmələrə vətənpərvərlik ruhunun aşılanmasından söz açdılar.

Sonda institutun rektoru, professor Asəf Zamanov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib fəaliyyətlərində uğurlar arzuladı. 

Tural QULİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov