Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Polis Akademiyasında mərasim keçirilmişdir

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Böyütmək üçün şəkili seçinAzərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir.

Polis Akademiyasına gələn dövlətimizin başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Böyütmək üçün şəkili seçinBildirildi ki, daxili işlər orqanlarının inkişafı daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir. Ümummilli liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər. Daxili işlər Nazirliyinin Polis Akademiyasında yeni inşa olunmuş Heydər Əliyev Mərkəzində yaradılan şərait ulu öndərin mənalı həyatının və eləcə də müasir Azərbaycan tarixinin zəngin bir dövrünün öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Hakimiyyətə qayıdışı ilə ölkənin geosiyasi imkanlarını düzgün qiymətləndirən ulu öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Ümummilli lider Heydər Əliyevin dünyada cərəyan edən proseslərə müdrik yanaşması ölkəmizin nüfuzunu artırmışdır. Ulu öndərin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın gələcək inkişafının təməli qoyulmuşdur.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yaradılan Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli liderinin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması və kataloqlaşdırılmasından, Heydər Əliyevin irsinə dair Polis Akademiyasında aparılan araşdırmaların təbliğindən, bu istiqamətdə plan və proqramların hazırlanmasından, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsindən ibarətdir.

Heydər Əliyev Mərkəzinin ən müasir üslubda inşa olunmuş üçmərtəbəli binasında dahi rəhbərin büstü qoyulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər yaradılmışdır. Birinci stenddə ulu öndərin uşaqlıq, tələbəlik və gənclik dövrünün fotoşəkilləri yer almışdır. Sonrakı stend isə ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinə həsr olunmuşdur. Burada, həmçinin dahi şəxsiyyətin 1970-ci illərdə ölkəmizə rəhbərliyinin ayrı-ayrı məqamları fotolar və sənədlər vasitəsilə əks olunur. Mərkəzdə ulu öndərin Moskvada işlədiyi 1980-ci illərdəki fəaliyyəti haqqında da geniş məlumat əldə etmək mümkündür. Buradakı fotostendlərdə, həmçinin ümummilli lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Naxçıvandakı fəaliyyətindən də bəhs olunur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, mərkəzdə yaradılan iki ayrı guşədə ulu öndərə aid fərmanlar, diplomlar və digər müxtəlif sənədlər sərgilənir. Mərkəzdə yaradılan növbəti stendlər görkəmli şəxsiyyətin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edir. Ulu öndər Heydər Əliyev daxili işlər orqanlarına və onun əməkdaşlarına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Mərkəzdə ümummilli liderin hakimiyyətə qayıdışını əks etdirən fotoşəkillər də yerləşdirilmişdir. Ulu öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili işlər orqanlarının müxtəlif tədbirlərində iştirakından bəhs edən fotoşəkillər isə xüsusi stenddə toplanmışdır. Azərbaycanın dövlət rəmzləri və polisin fərqlənmə nişanları üçün ayrıca guşə yaradılmışdır. Mərkəzin müxtəlif hissələrində ümummilli lider Heydər Əliyevin daxili işlər orqanları və polis haqqında dediyi müdrik kəlamların yazıldığı lövhələr, videogörüntüləri əks etdirən monitorlar yerləşdirilmişdir.

Mərkəzin üçüncü mərtəbəsi akademiya heyətinin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün nəzərdə tutulmuşdur. Buradakı fotostudiyada ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotomaterialların toplanması, tədqiqi və çapı həyata keçirilir. Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə fotostudiyada çəkilən və toplanan şəkillərdən gələcəkdə müdavim və dinləyicilər Polis Akademiyasında keçirilən dərslərdə, slayd müsabiqələrində, treninq və konfranslarda istifadə edə bilərlər.

Şahmat dərnəyi otağında da hər cür şərait yaradılmışdır. Mərkəzdə fikir mübadilələrinin aparılması, virtual dərslərin keçirilməsi üçün sinif, eləcə də yeni texnologiya əsasında ingilis dilinin tədris olunduğu funksional kompüterlərdən ibarət xarici dil mərkəzi də fəaliyyət göstərir. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzi də fəaliyyət göstərəcəkdir. Dahi şəxsiyyətin "Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik olmalıdır" kəlamı rəhbər tutularaq müdavimlərin mütaliə tələblərinin ödənilməsi və intellektual səviyyələrinin artırılması məqsədilə elektron kitabxana da yaradılmışdır. Kitabxanada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə və Polis Akademiyasının profilinə aid olan elektron kitablar yerləşdirilmişdir.

Mərkəzin birinci mərtəbəsi isə müxtəlif tədbirlərin və konfransların keçirilməsi üçün akt zalından, eləcə də istirahət guşələrindən ibarətdir.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdü, Polis Günü münasibətilə təbriklərini çatdırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə nitq söylədi.

 


Prezident İlham Əliyevin nitqi

 

- Hörmətli Daxili İşlər Nazirliyinin əməkdaşları!

Mən sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini Polis Günü münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Bu gün biz Polis Akademiyasında Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Çox gözəl mərkəzdir, çox gözəl memarlıq əsəridir, eyni zamanda, daxili tərtibat da göz oxşayır. Əminəm ki, bu mərkəz çox səmərəli fəaliyyət göstərəcək və akademiyada təhsil alan kadrların hazırlanmasında mərkəzin çox böyük rolu olacaqdır.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev polis orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları yaranmışdır. 1993-cü ilə qədərki vəziyyəti biz yaxşı xatırlayırıq, siz də xatırlayırsınız. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdur. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı.

Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır - özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi.

Belə ağır vəziyyətdə ulu öndər xalqın tələbi ilə hakimiyyətə gələndə əlbəttə ki, bütün başqa sahələrlə bərabər, polis orqanlarının müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdir. Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi - bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdir.

Çünki yaxşı xatırlayırıq ki, o vaxt Azərbaycanda sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf ümumiyyətlə dayanmışdı. Sənaye sahəsində isə tənəzzül elə idi ki, bütün sənaye müəssisələri demək olar ki, iflic vəziyyətə düşmüşdü.

Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və artıq 20 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir.

Biz əlbəttə ki, gələcək planlarımızı da bəyan etmişik və planlarımız çox açıqdır. Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz ulu öndərin qoyduğu yola sadiqik. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin davam etdirilməsi bizim gələcək uğurlarımızı da şərtləndirir.

Əlbəttə ki, Azərbaycan bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz artıq dünya miqyasında öz böyük əhəmiyyətini göstərməkdədir. O ki qaldı daxili vəziyyətə, Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir. Bütün iqtisadi layihələr uğurla icra edilir. İqtisadiyyatımız artır. İqtisadiyyatın bütün sahələri inkişafdadır. Cəmiyyətdə çox müsbət ovqat, ab-hava vardır. Azərbaycana gələn yüksək səviyyəli qonaqlar mənimlə görüşlər əsnasında bunu daim vurğulayırlar. Əlbəttə ki, Bakının gözəlliyi, Azərbaycanın inkişafı onlara çox böyük təsir göstərir. Ancaq eyni zamanda, vurğulayırlar ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. İnsanların rahat yaşamaları, səhər, axşam, gecə vaxtlarında ictimai yerlərdə ailələri ilə rahat gəzintiyə çıxmaları - bütün bunlar bizim üçün artıq bir reallıqdır.

Amma bir çox ölkələrdə vəziyyət tam başqadır. İndi biz görürük ki, müxtəlif bölgələrdə, müxtəlif qitələrdə qarşıdurmalar, etirazlar, daxili çəkişmələr böyük fəlakətlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə hər üç-dörd ildən bir dəyişən hakimiyyət də bax, bu narazılığın əlamətidir. İnsanlar ümid etmək istəyirlər ki, yeni hakimiyyət onların hansısa problemlərinin həlli ilə məşğul olacaqdır. Ancaq vaxt keçir və insanlar məyus olurlar.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam vardır. Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar. Biz əlbəttə ki, bu müsbət meylləri gücləndirməliyik, Azərbaycanın uğurlu inkişafını təmin etməliyik və edəcəyik. Son illər ərzində apardığımız siyasət onu göstərir ki, bu, düzgün siyasətdir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə öz inkişafını davam etdirir. Bu inkişaf insanların rifah halının yaxşılaşmasında da özünü göstərir.

Əlbəttə, ictimai asayiş Azərbaycanda daim yüksək səviyyədə qorunmalıdır. Xüsusilə, yenə də deyirəm, 1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur.

Azərbaycanda bax, bugünkü vəziyyətin, bu sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir.

Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Bax, bu akademiyada hazırlanan kadrlar peşəkar kadrlar olacaqlar. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir.

Bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen durumun da müsbət səviyyədə qalmasına xidmət edir. Çünki işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı orqanizmdir. Azərbaycanda son illər ərzində işsizlik demək olar ki, aradan qaldırılıb, cəmi 5,2 faizdir. Yoxsulluq şəraitində yaşayanların sayı 6 faizdir və mən qarşıya vəzifə qoymuşam ki, yoxsulluq aradan qaldırılmalıdır.

Yəni, cinayətkarlığın inkişafına rəvac verən amillər Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir. Bakıda sutka ərzində insanlar rahat yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz, çünki bu vəziyyətə nəzarət edirsiniz. İnsanlar doğrudan da, həyatdan zövq alırlar.

Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində deyə bilərəm ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan qaldırılıbdır. Ayrı-ayrı təzahürlər olur, amma dərhal onların qarşısı alınır. Hesab edirəm ki, biz bu istiqamətdə də çox böyük uğurlara nail olduq. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bu sahədəki vəziyyət çox müsbətdir.

Polisin texniki təminatı da yüksək səviyyədə həll edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni texniki vasitələrdən istifadə, deyə bilərəm ki, profilaktika məsələlərini də uğurla həll etməyə imkan verir. Şəhərimizin müxtəlif yerlərində quraşdırıImış təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır, həm profilaktika nöqteyi-nəzərdən, eyni zamanda, cinayətlərin açılması üçün onların çox böyük faydası vardır. Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan texnoloji tərəqqiyə çox böyük diqqət göstərir. Biz ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq edirik, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üçün biz bu texnologiyalardan səmərəli şəkildə istifadə edirik.

Yəni, bir sözlə, deyə bilərəm ki, son illər ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Əminəm ki, Azərbaycanda bu müsbət dinamika gələcəkdə davam etdiriləcəkdir.

Daxili Qoşunlar da inkişafdadır. Daxili Qoşunların təminatı yüksək səviyyədə həll edilir. Ən müasir texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da cəmiyyətdə çox böyük funksiyaları vardır. Hər an, hər zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində olmalıdırlar və belə də olacaqdır.

Polis orqanları qarşısında duran vəzifələrlə bağlı bir neçə kəlmə demək istərdim. Əlbəttə, ilk növbədə, asayişi qorumaq polisin əsas funksiyasıdır. Deyə bilərəm ki, polis işçiləri bu vəzifəni uğurla icra edirlər. İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir. Belə faktlar aşkarlanarsa, dərhal tədbir görülməlidir.

Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılmalıdır. Azərbaycan, bir daha demək istəyirəm ki, bütün istiqamətlər üzrə nümunə ola bilər, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində də bizim təcrübəmiz hesab edirəm ki, başqa ölkələr üçün də maraqlı ola bilər. Yəni, polis orqanları və onun əməkdaşları bu istiqamətdə də çox ciddi olmalıdırlar.

Polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də ön sıralarda olmalıdırlar. Bilirsiniz ki, Azərbaycanda bu xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, ciddi tədbirlər görülür və polis əməkdaşları nümunə olmalıdırlar.

Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.

Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma "narıncı inqilab" etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənibdir. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər.

Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır.

Mən bir daha demək istəyirəm ki, Azərbaycanın bugünkü uğurlu inkişafı realdır. Bu, bizi, dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri isə məyus edir. Azərbaycan həddindən artıq önəmli ölkəyə çevrilibdir. Azərbaycanın coğrafi vəziyyəti, bizim geosiyasi məsələlərlə bağlı tutduğumuz mövqe, enerji resurslarımız, nəqliyyat infrastrukturumuz, digər amillər, yəni, iqtisadi inkişaf, Azərbaycanın siyasi cəhətdən güclü ölkə olması, əlbəttə ki, bizə diqqəti artırır. Əlbəttə, Azərbaycan bir güclü dövlət kimi bəzi dairələr üçün böyük maraq doğurur. Biz buna etiraz etmirik. Çünki biz beynəlxalq aləmin bir parçasıyıq və bu gün beynəlxalq aləmin ən ali qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük. Dünyada bundan yuxarı səviyyə yoxdur.

Əlbəttə ki, biz bütün əməkdaşlığa açığıq və beynəlxalq əməkdaşlıq üçün öz konkret addımlarımızı atırıq. Ancaq bir daha demək istəyirəm ki, bütün ölkələrlə, bütün qurumlarla bizim münasibətlərimiz qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulur. Bir-birinin işinə qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq hüquq normalarına söykənir.

Ancaq şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri vardır. Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaqdır. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaqdır. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır.

Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.

Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik.

Polis orqanlarının da bu işdə çox böyük rolu vardır. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər.

Bir daha, əziz dostlar, sizi bayram münasibətilə ürəkdən təbrik edirəm.

***

Sonda xatirə şəkli çəkdirildi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov