Lənkəran Dövlət Universitetində məzun günü
keçirilmişdir. "Məzun-2013" adlı tədbiri universitetin
rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm
xadimi, professor Asəf İsgəndərov açaraq ali məktəbi
bitirmələri münasibətilə məzunları təbrik etmişdir.
Bildirmişdir ki, bu il universiteti 11 ixtisas üzrə 282
nəfər bitirir. Rektor həmçinin qeyd etmişdir ki,
2012-2013-cü tədris ilində universitetdə 2 minədək
tələbə təhsil almış, tədrisin keyfiyyəti əvvəlki illərə
nisbətən artmışdır. Universiteti indiyə kimi 28 ixtisas
üzrə 5 mindən artıq tələbə bitirmişdir.
Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli
məzunları müstəqil Azərbaycanın gələcək qurucuları
adlandırmış və əmin olduğunu bildirmişdir ki, onlar
bundan sonra da ümummilli lider Heydər Əliyevin
ideyalarını layiqincə həyata keçirəcəklər.
Universitet valideynlər şurasının sədri Sərhad Məmmədov
gəncləri təbrik etmiş, ölkənin hər yerində savadlı,
işgüzar gənc kadrlara ehtiyac olduğunu, məzunların
etimadı şərəflə doğruldacaqlarını söyləmişdir.
Valideynlər adından çıxış edən Heybət Mirzəyev
universitetdə tələbələrə göstərilən diqqət və qayğıya
görə minnətdarlığını bildirmişdir.
Məzunlardan Nahid Bağırzadə, Sevinc Şirzadova və Ruslan
Mirzəyev çıxış edərək ürək sözlərini söyləmiş, fəaliyyət
göstərəcəkləri yerlərdə doğma təhsil ocağının,
müəllimlərin adını həmişə uca tutacaqlarını
bildirmişlər.
Sonra təhsildə və universitetin ictimai həyatında
fərqlənənlərin bir qrupuna fəxri fərmanlar verilmişdir.
Rayon ictimaiyyətinin, təhsil və mədəniyyət
müəssisələrinin nümayəndələrinin də iştirak etdiyi
tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə müraciət qəbul edilmişdir. Tələbə-gənclər bu
ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində
cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildirmişlər.
Sonda tələbələr maraqlı konsert proqramı ilə çıxış
etmişlər.
Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri |