Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

"Təhsil" istirahət mərkəzinin açılış mərasimi olmuşdur

 

Böyütmək üçün şəkili seçinİyunun 29-da Xaçmaz rayonunun Nabran qəsəbəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən inşa olunan "Təhsil" istirahət mərkəzinin açılış mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri, yerli icra hakimiyyətinin nümayəndələri, sahə həmkarlar ittifaqları və ATİAHİ-nin üzv təşkilatları olan rayon, şəhər komitələrinin sədrləri və başqaları iştirak etmişlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış mərasimində çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf kursunu əzmlə həyata keçirən ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə görə dünyanın öncül ölkələrindən birinə çevrildiyini, əhalinin sosial-rifah halının yüksəldilməsi, respublikamızda işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində davamlı olaraq mühüm işlərin həyata keçirildiyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, istər Bakı şəhərində, istərsə də respublikanın bütün bölgələrində abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Hər il yeni istehsal müəssisələri, idman, əyləncə, istirahət mərkəzləri inşa olunaraq vətəndaşlarımızın ixtiyarına verilir.

Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında Azərbaycanda əldə olunan davamlı inkişafın həmkarlar ittifaqı təşkilatlarının da fəaliyyətinə öz müsbət təsirini göstərdiyini demişdir. Qeyd olunmuşdur ki, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçisi olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi təhsil işçilərinin müalicə və istirahətinin səmərəli təşkil edilməsini daim diqqətdə saxlayır.

"Təhsil" istirahət mərkəzi haqqında danışan AHİK-in sədri qeyd etmişdir ki, bu mərkəzi inşa etdirməklə ATİAHİ Respublika Komitəsi hər il daha çox sayda ittifaq üzvünün istirahətini təmin etmək niyyətindədir.

Çıxışının sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev adıçəkilən istirahət mərkəzinin inşa olunmasında göstərdikləri dəstəyə görə şəhər, rayon həmkarlar ittifaqı komitələrinə təşəkkürünü bildirmiş və yeni bir istirahət məkanının açılması münasibəti ilə ittifaq üzvlərini təbrik etmişdir.

Çıxış üçün söz alan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev  Nabranda hər cür şəraitə malik istirahət mərkəzinin istifadəyə verilməsini dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının daha bir parlaq təzahürü kimi qiymətləndirmişdir.

Sonra mərasim iştirakçıları "Təhsil" istirahət mərkəzində yaradılmış şəraitlə tanış olmuşlar. Tanışlıq zamanı diqqətə çatdırılmışdır ki, təbiətin qoynunda salınmış istirahət mərkəzi eyni vaxtda 230 nəfərdən artıq ittifaq üzvünə  xidmət etmək imkanına malikdir. İstirahət mərkəzinin yerləşdiyi əraziyə üçmərtəbəli sanatoriya binası, koteclər, yeməkxana, konfrans və  idman zalları, müxtəlif oyun meydançaları, üzgüçülük hovuzu, İnternet klub və digər tikililər daxildir.

Məlumat üçün bildirək ki, "Təhsil" istirahət mərkəzi təhsil işçilərinə əsasən yay məzuniyyəti dövründə xidmət göstərəcəkdir. Qış mövsümündə də xidmət göstərilməsi üçün mərkəzdə müvafiq işlər görülməkdədir.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov