Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Ekoloji layihələrdə məktəblilər uğurla çıxış etmişlər

 

Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və təbiətin zənginləşdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə ekoloji problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə yüz min hektarlarla yaşıllıq zonası salınmış, məqsədyönlü ekoloji siyasət həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Bunun davamı olaraq, son illər ölkəmizdə ətraf mühitin qorunması sahəsində əsaslı dəyişikliklər müşahidə olunur. Belə ki, ölkəmizdə yeni salınan meşə sahələri ilbəil artır, çirkli suların təmizlənməsi üçün ən yeni texnologiyalardan istifadə edilir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən respublikamızda alternativ enerji mənbələrindən istifadə sahəsində genişmiqyaslı layihələr həyata keçirilir. Həmin layihələrin əsas məqsədi həm qeyri-ənənəvi bərpa olunan enerji mənbələrindən istifadə etmək, həm də ekoloji mühitin qorunmasında həmin mənbələrin əhəmiyyətini artırmaqdır.

Bu sahədə gənclər təşkilatları, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti də təqdirəlayiqdir. Artıq iki ilə yaxındır ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA milyonlarla gənci bir məqsəd, bir ideya ətrafında birləşdirərək ekoloji mədəniyyətin yüksəldilməsinə, ətraf mühitin qorunmasına yönəldilmiş kompleks  tədbirlər həyata keçirir. Leyla xanım Əliyeva belə bir təşkilatın yaranmasını zəmanənin tələbi kimi dəyərləndirmişdir: "İDEA müasir dövrün çağırışına cavab təşəbbüsüdür. İndi ekologiya və ətraf mühitin qorunması barədə hamı danışır. Mənim fikrimcə, bugünki gəncləri bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?! Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik".

Təkcə Azərbaycanda deyil, bütün dünyadakı gənclər arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif yerlərindən olan ekoloji qruplarla əlaqə qurulub. Müzakirələr, praktiki işlər vasitəsilə şagirdlər təbiətə dəyər verməyi və onu qorumağı öyrənirlər. 

Qeyd etmək lazımdır ki, məktəblilərin ətraf mühitə sevgi ilə yanaşmalarında, onların ekoloji mövqelərinin formalaşmasında və ekoloji bilikləri dərindən mənimsəmələrində ekoloji məşğələlərin, eləcə də ekoloji tədbirlərin  misilsiz rolu vardır. Bu baxımdan, Bakının Nizami rayonunda yerləşən "Zəngi" liseyi ardıcıl olaraq müxtəlif istiqamətdə ekoloji tədbirlər həyata keçirir. Liseyin şagirdlərinin  "Yer kürəsinin biomüxtəlifliyini qoruyaq!", "Planetimizi qoruyaq!", "Sağlamlıq və ətraf mühit", "Meşələr-uşaqların gözü ilə", "Polietilen torbalara yox deyək!" devizi altında keçirdikləri təbliğat xarakterli tədbirlər respublikamızın müxtəlif bölgələrində geniş əks-səda doğurmuşdur. Liseyin şagirdləri arasında vaxtaşırı olaraq "Yer kürəsinin biomüxtəlifliyini qoruyaq!" mövzusunda yarışlar keçirilir, onların yaradıcılıq işlərindən ibarət sərgilər təşkil edilir. "Quşları qoruyaq!" devizi ilə məktəblilərimiz Xəzər dənizi sahillərinə, eləcə də Quba-Qusar meşələrinə ekskursiyalar təşkil edərək, yerlərdə quş yuvaları quraşdırmışlar. "Suyu çirkləndirməyin! Su həyatdır! Sudan qənaətlə istifadə edin!" şüarları ilə içməli suya qənaət məqsədi ilə keçirilən aksiyaya isə bir çox məktəblər də qoşulmuşlar.  Eyni zamanda ekoloji tədbirlərlə yanaşı, tətil və bayram günlərində şagirdlərimiz üçün AMEA Mərkəzi Nəbatat Bağına, Mərdəkan Dendrarisinə, Zooloji Muzeyə, EkoParka, Zooparka, Milli Parka, Xəzər dənizi sahillərinə və s. yerlərə ekskursiyalar təşkil edilmişdir.  

Liseyin şagirdləri hər il olduğu kimi, bu il də bir neçə beynəlxalq müsabiqənin qalibi olmuşlar. Məsələn, ekologiya ilə bağlı ölkəmizdə hər il keçirilən Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında ("İnepo-Eurosiya") "Zəngi" liseyinin şagirdləri bu il də fərqlənmişlər. Dörd kateqoriya (ətraf mühit, enerji, mühəndislik, sosial) üzrə keçirilmiş bu bilik yarışında "Zəngi" liseyinin şagirdləri 2 bürünc medal qazanmışlar. Şagirdlərimizin stendlərdə nümayiş etdirdikləri layihələr öz aktuallığı ilə digərlərindən seçilirdi. Fidan Abdullayeva və Rauf Rəhimzadənin təqdim etdikləri  "Şərq fıstığının ekoloji sirləri", Orxan Qasımlı və Aynur Nadirlinin "Biobatareyalar - alternativ enerji mənbəyi kimi" adlı layihələri Heydər Əliyev adına İdman - Konsert Kompleksində tədbiri ziyarət edənlərin diqqətini cəlb etmişdir. Hər iki layihənin elmi rəhbəri olaraq onu deyə bilərəm ki, belə yarışmalar və olimpiadalar şagirdlərimizin dünyagörüşünün formalaşmasında, dünyanın fərqli qitələrinin məktəbliləri ilə əlaqə qurmaqda önəmli rol oynayır.

İnsanların diqqətini təbiətin gözəlliyinə, ona qarşı qayğıya, ətraf mühitin qorunması məsələlərinə  və ona vurulan zərərə cəlb etmək məqsədilə "Zəngi" liseyinin şagirdləri hər il 22 aprel - Beynəlxalq "Yer Kürəsi Günü" ənənəvi aksiya keçirirlər. Bu aksiyada onlar məktəbin ərazisində müxtəlif növ ağaclar əkərək, yaşıllıqlara qulluq edir, ərazini müxtəlif tullantılardan təmizləyirlər.

Nəhayət, növbəti sevincli anlarımızdan biri də 5 iyun 2013-cü il tarixində ABŞ-da keçirilən "Ümumdünya Ətraf Mühit Günü" (Project Earth) müsabiqəsinin qaliblərinin elan edildiyi gün oldu. Bu müsabiqədə iştirak etmək üçün mənim rəhbərliyimlə 15 şagirddən ibarət komanda yaradıldı. Müsabiqənin coğrafiyası çox geniş idi. Belə ki, müsabiqəyə 132 ölkədən olan 2606 məktəb ümumilikdə 2935 layihə ilə qoşulmuşdu. Qalib olan 60 ölkənin arasında Azərbaycandan yalnız "Zəngi" liseyinin adını gördükdə çox sevindik. Bu müsabiqənin digərlərindən fərqi budur ki, hər ölkədən yalnız bir qalib seçilə bilər. Bunun üçün komandamız müsabiqəyə daha maraqlı və aktual layihələr təqdim etdi. Komandamız Azərbaycanın bir neçə bölgəsinə səyahət edərək, bu yerlərin flora və faunası haqqında maraqlı məlumatlar toplamış, ekoloji vəziyyəti  ilə tanış olmuşlar. Onlar dünyanın ən qlobal problemlərinə həsr edilmiş layihələrini "Project.Earth" ünvanına göndərərək müxtəlif ölkələrin məktəbliləri ilə birgə əməkdaşlıq qurmuşlar. Şagirdlərimiz dünya məktəblilərini Azərbaycanın ecazkar təbiəti, mədəni-tarixi abidələri, qədim musiqisi, tarixi adət-ənənələri ilə bir daha yaxından tanış etdilər. Həmçinin, şagirdlərimiz Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan müharibələrin Azərbaycan təbiətinə vurduğu ziyanı da çatdırmağı unutmamışdılar. Onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin necə talan edilməsinə diqqət yönəltmişdilər. Belə ki, işğal olunmuş torpaqlarda qiymətli ağac növləri qırılaraq  xarici ölkələrə satılır. Artıq bu meşələr tükənmək üzrədir. Öz layihələri ilə şagirdlərimiz sanki həyəcan təbili çalırdılar. Onların göndərdikləri foto və video məlumatlarda Azərbaycan ərazisində olan çaylar və göllərin çirklənməsi, ağacların kəsilərək meşələrin yandırılması, əkin sahələrinə vurulan ziyanda öz əksini tapmışdı. Biz  bu layihəmizdə ermənilərin əməllərini Azərbaycan və onun təbiətinə olan "Yaşıl soyqırım" adlandıraraq, öz etiraz səsimizi ucaltmışdıq. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan gəncləri həqiqətən vətənpərvərdirlər.

Burada xüsusilə qeyd etmək istərdim ki, şagirdlərin belə müsabiqələrdə iştirakı onların qlobal miqyaslı dialoq və ünsiyyət imkanlarını genişləndirir. Çünki bu cür platformalarda şagirdlər yalnız yarışmırlar, həm də dostlaşırlar, duyğu və düşüncələrini bölüşürlər. Yəni bu bilik yarışı eyni zamanda iştirakçılar üçün bir "dostluq körpüsü" funksiyasını da yerinə yetirir. Məhz "Project Earth" müsabiqəsi vasitəsilə belə bir "dostluq körpüsü"nü Saratov təbiət elmləri təmaüllü liseyinin şagirdləri ilə yaratdıq. Onlar bizim bu layihələrimizlə tanış olaraq, komandamızı Saratov şəhərində keçirilən Beynəlxalq konfransa dəvət etdilər. Yekunda konfrans iştirakçıları diplom və sertifikatlarla mükafatlandırıldılar. 

Gülnarə SƏFƏROVA,
Bakı şəhəri "Zəngi" liseyinin təmayül üzrə direktor müavini,
biologiya elmləri üzrə fəlsəfə doktoru,
"Ən yaxşı müəllim" müsabiqəsinin (2008-2009-cu dərs ili) qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov