Azərbaycan jurnalistlərinin VI qurultayının
iştirakçıları iyulun 11-də Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Daha sonra qurultay iştirakçıları "Əkinçi" qəzetinin
yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy
Zərdabinin məzarı önünə əklil qoymuş, böyük mütəfəkkirin
xatirəsini anmışlar.
Həmin gün Bakıda Azərbaycan jurnalistlərinin VI
qurultayı öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, qurultayın əvvəlində Azərbaycan
Respublikasının dövlət himni səslənmişdir.
İştirakçılar ötən qurultaydan keçən dövr ərzində
dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir
dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov açaraq qurultayın sədarətinin,
katibliyinin, say və mandat komissiyalarının yaradılması
barədə təklif irəli sürmüş və müvafiq komissiyaların
üzvləri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
Azərbaycan Prezidenti İlham Əliyevin qurultay
iştirakçılarına təbriklərini çatdırmışdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
jurnalist Nicat Dağların müalicəsi ilə bağlı göstəriş
verdiyi üçün qurultay iştirakçıları adından dövlətimizin
başçısına təşəkkür məktubunun ünvanlandığını da
demişdir.
Sonra Ə.Amaşov V qurultaydan ötən dövrdə Mətbuat Şurası
tərəfindən görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə
çıxış etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
çıxış edərək bildirmişdir ki, bu qurultay jurnalistlərin
peşəkarlığının artırılması, mənfi proseslərin
jurnalistikamızdan tədricən sıxışdırılıb çıxarılması və
mətbuatın demokratik prinsiplər əsasında inkişafı
dövrünə təsadüf edir.
Daha sonra Əli Həsənov demişdir: "Qurultayda səslənən
fikirlər, təkliflər, aparılan müzakirələr bütövlükdə
azad sözə, mətbuatın sosial problemlərinin həllinə,
maddi-texniki bazasının möhkəmləndirilməsinə,
mətbuat-dövlət münasibətlərinin sivil qaydada
tənzimlənməsinə rəvac verəcəkdir. Düşünürəm ki,
qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün
problemlərdən azad olacaqdır".
Qurultayda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydaları"na və "Azərbaycan Mətbuat Şurasının
Nizamnaməsi"nə dəyişiklik edilmişdir.
Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının
sədri seçilmişdir.
Azərbaycan Jurnalistlərinin VI qurultayının
iştirakçıları Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə müraciət qəbul etmişlər. |