Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

İndoneziya layihə olimpiadasının bürünc medalçıları

 

Xəbər verildiyi kimi, bu il mayın 19-dan 24-dək İndoneziyanın paytaxtı Cakartada Beynəlxalq layihə olimpiadası (İSPRO - İnternational Science Projekt Olimpiad) keçirilmişdir. Dünyanın 24 ölkəsinin məktəblilərinin iştirak etdiyi olimpiadada Azərbaycanı Mingəçevir, Gəncə və Lənkəran özəl türk liseylərinin şagirdləri təmsil etmişlər. 93 layihə təqdim olunan yarışma kifayət qədər gərgin və güclü rəqabət şəraitində keçmişdir. Qalibləri İndoneziya Təhsil Nazirliyinin nümayəndələri müəyyənləşdirmişlər. 5 gün davam etmiş olimpiadanın açılış mərasimi İndoneziya Dövlət Universitetində olmuşdur.

Mingəçevir Özəl Türk Liseyindən aldığımız məlumata görə, əvvəlcə olimpiadada iştirak edən şagirdlər üçün öz ölkələrini tanıtmaq məqsədi ilə stendlər təşkil olunmuşdur. Bu fürsətdən Mingəçevir Özəl Türk Liseyinin şagirdləri də məharətlə istifadə edərək üç stendlə ölkəmizi tanıtmağa çalışmışlar. Onların təşkil etdikləri stendlərin birində Azərbaycanın bütün şəhər və rayonları haqqında məlumat yerləşdirilmiş, iki və üçüncü stendlərdə isə layihə və maketlər öz əksini tapmışdır.

Olimpiadaya təqdim olunan layihələ

r 3 kateqoriya olmaqla kimya, biologiya və fizika fənlərini əhatə etmişdir. Mingəçevir Özəl Türk Liseyinin şagirdləri olimpiadaya kimya fənni kateqoriyasında hazırladıqları layihə ilə qatılmışlar. Bu kateqoriya üzrə müxtəlif dövlətlərdən 33 layihə medallar uğrunda mübarizə aparmışdır. Həmin layihələr içərisində MÖTL-nin şagirdləri Yaqub Cabbarlı və Rauf Abdullazadənin işləri də tələbkar münsiflər heyətinin diqqətini cəlb etmiş və onlar olimpiadanın bürünc medallarına layiq görülmüşlər. Şagirdlərlə birlikdə onların müəllimi Ahmet Kara da bütünc medal almışdır.

Yaqub Seymur oğlu Cabbarlı 1999-cu il iyunun 22-də Yevlax rayonunun Xaldan qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə Xaldan kompleks orta məktəbində I sinfə qəbul olunmuşdur. Həmin məktəbdə təhsil aldığı 6 il ərzində bütün fənlərdən qiymətləri "əla" olmuşdur.

2011-ci ildə imtahan verərək Bakı Özəl Türk Liseyinin Mingəçevir filialına daxil olmuşdur. Yaqub liseydəki təhsili və olimpiadadakı qələbəsi haqqında deyir: "Liseydə oxuduğum müddətdə kimya fənninə maraq göstərdiyimə görə bu fənn üzrə olimpiadalara cəlb olunmuşam. Beynəlxalq olimpiadada ilk uğurum bu il olub. Belə ki, bu il mayın 19-25-də İndoneziyada keçirilən İSPRO olimpiadasında iştirak etmiş, 3-cü yerə layiq görülmüşəm. İndoneziyanın paytaxtı Cakartada Azərbaycanın üçrəngli bayrağını qələbəm münasibəti ilə dalğalandırdığım üçün özümü xoşbəxt hiss edirəm. Bu uğuruma görə təhsil aldığım liseyin müəllimlərinə minnətdaram".

Rauf Hakim oğlu Abdullazadə 1999-cu il avqustun 19-da Qəbələ rayonunda anadan olmuşdur. 2005-ci ildə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə I sinfə getmişdir. 2006-cı ildə təhsilini Bakıdakı 281 nömrəli tam orta  məktəbdə davam etdirmişdir.

2011-ci ildə Bakının Xətai rayonunda yerləşən "Araz" kurslarında 6 aylıq hazırlıq keçdikdən sonra imtahan verərək Mingəçevir Özəl Türk Liseyinə qəbul olunmuşdur. Hazırda liseyin 9-cu sinfində oxuyur.

Yaqub və Raufun beynəlxalq olimpiadada təqdim etdikləri layihənin əsas mövzusu ətraf mühitin qorunmasından, tullantı maddələrin yenidən istehsalata qaytarılmasından bəhs edirdi. Konkret olaraq bu layihə Azərbaycanda bioplastik maddənin inkişafı, bunun üçün ölkəmizdə zavodların qurulması barədə idi. Plastik qablar istehsal edən və plastikləri istifadə olunduqdan sonra yenidən  istehsalata qaytaran zavodların Azərbaycanda olmaması layihənin əsas özəlliklərindən idi.

Cakartada olimpiada zamanı maket üzərində sərgilənən layihədə Kür çayı ətrafında tikilmiş Bioplastik zavod, insanların istirahəti üçün park və Azərbaycan bayrağı öz əksini tapmışdır.

Olimpiada həm də məktəblilərin yaddaşında özünün zəngin mədəni-kütləvi tədbirlər, gəzintilər proqramı ilə qalmışdır. Digər iştirakçılar kimi ölkəmizin gənc təmsilçiləri də İndoneziyanın gəzməli, görməli yerləri ilə tanış olmaq imkanı qazanmışlar. İndoneziyanın paytaxtından 100 km məsafədə yerləşən Safari zooparkı isə onların xüsusilə marağına səbəb olmuşdur.

Beynəlxalq olimpiada günlərində Yaqub və Rauf digər ölkələrdən gəlmiş həmyaşıdları ilə ünsiyyət qurmaq, dostlaşmaq imkanından da səmərəli istifadə etmiş, bir sıra ölkələrin nümayəndələri ilə dostluq əlaqələri yaratmışlar. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov